“Molla Nəsrəddin lətifələri” kitabının təqdimatı
Tarix: 13.07.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və “www.mollanasreddin.az” portalının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın xeyli artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhvali-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sivil və liberal dəyərlər əsasında kommunikativliyin gücləndirilməsi və sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu bildirən A.Əlizadə Molla Nəsrəddin lətifələrinin toplanılmasının, kataloqlaşdırılmasının və araşdırılmasının bu baxımdan əhəmiyyətini vurğulayıb. AMEA-nın prezidenti Folklor və İnformasiya Texnologiyaları institutlarının birgə əməkdaşlığı nəticəsində “mollanasreddin.az” portalının yaradılmasını yüksək dəyərləndirib.
Kitabı tədbir iştirakçılarına təqdim edən filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanılıb. Qeyd edib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda lətifələr mənəvi-əxlaqi və didaktik prinsiplər əsas götürülməklə xüsusi olaraq seçilib. Dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı da verilib. Kitabda 48 rəngli illüstrasiya əks olunub.
İlk dəfə müasir dizayn və texnoloji tələblər səviyyəsində hazırlanmış “mollanasreddin.az” portalını da qonaqlara təqdim edən Hikmət Quliyev burada Molla Nəsrəddin haqqında ən mühüm məlumatlar və qeyri-türk xalqları içərisində yayılmış çoxsaylı lətifələrin, bu lətifələrlə bağlı dünyanın müxtəlif dillərində olan araşdırmaların, bir sıra incəsənət sahələrində Molla Nəsrəddinlə bağlı motivlər, həmçinin Azərbaycan milli satirik mətbuatının əsasını təşkil edən “Molla Nəsrəddin” jurnalı barədə müxtəlif formatlı elektron resursların yer aldığını bildirib. H.Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün axtarış sistemi, interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, bu gün sürətli sosial-iqtisadi yüksəliş yolunda olan Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır. Son iki yüz ildə Azərbaycanın dünya miqyasında neftlə müəyyənləşən geosiyasi və iqtisadi mövqeyi hazırda hamımızın gözləri qarşısında muğamla, musiqi ilə, idmanla, folklorla, intellektual fəaliyyətlə müşahidə olunan mədəni liderliyə də çevrilməkdədir. O, Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən də danışıb, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiyanı da daşıdığını qeyd edib: “Dünyanın qlobal problemlərlə üz-üzə qaldığı bir vaxtda Molla Nəsrəddin lətifələri mövcud problemlər qarşısında çıxış yolları axtaran insanlara mənəvi və sosial münasibətlər arasında harmoniya yarada bilən müdrik modellər təqdim etmək gücündədir”.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb. O, Molla Nəsrəddinin bütün türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsi olduğunu qeyd edərək müasir şəraitdə bu dəyərin təbliğinin ümumi ictimai hadisə olduğunu qeyd edib. Akademik bu baxımdan təqdim olunan kitabın və portalın olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Daha sonra çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin mükəmməl sənət nümunələri olduğunu qeyd edərək, bu lətifələrin poetik baxımdan təhlilinin yeni metodoloji baxışlar əsasında aparılmasının zəruriliyini vurğulayıb. Akademik təqdim olunan kitabın Molla Nəsrəddin lətifələrinin mətnlərini tam əhatə etdiyini, xüsusi peşəkarlıqla seçildiyini, üzərində dil-üslub baxımından professionallıqla işlənildiyini və bütün bunların kitabın dəyərini xüsusi olaraq artırdığını bildirib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov isə Molla Nəsrəddin obrazı və onun mədəniyyətdəki yeri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Molla Nəsrəddin xalq gülüş mədəniyyətinin elə unikal obrazlarındandır ki, onun təbiətində bir sıra sosial, mədəni, mifoloji, dini təsisatların izlərini tapmaq mümkündür. Bu baxımdan multidissiplinar kontekstdə geniş tədqiq olunmalıdır”.
Təqdimatda filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri Molla Nəsrəddin fenomeninə kütləvi səviyyə ilə yanaşı, intellektual səviyyədə sahiblik etmək zərurətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Alim bildirib ki, hazırda dünyada mətn mərkəzli folklorşünaslıq paradiqmasından icra mərkəzli folklorşünaslıq paradiqmasına keçidin baş verdiyi bir şəraitdə Molla Nəsrəddin həm də sosial-antropoloji aspektlərdən təhlilə cəlb edilməlidir. S.Xavəri bu istiqamətdə araşdırmaların həm elmi, həm də sosial-mədəni baxımdan olduqca yeni nəticələrə gətirib çıxardığını bildirib. Qeyd edib ki, xüsusi elmi prinsiplər əsasında hazırlanmış kitab və portal bu istiqamətdə araşdırmaların aparılması üçün əlverişli şərait yaradacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info