Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlanıb
Tarix: 13.07.2018 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkarlanıb.
Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev AZƏRTAC-a bildirib: “Hələ ötən il Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılmış müzakirələrdə Azərbaycanın arxeoloji xəritəsində hələ də tədqiqata ehtiyacı olan regionlar sırasında Xınalıq kəndinin yerləşdiyi Böyük Qafqaz dağları silsiləsinin Baş Qafqaz və Yan silsilələri arasındakı çökəkliyin daxil olduğu zona da xüsusi qeyd edilmişdi. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən memarlıq abidələri qeydə alınmışdı. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi”.
Onun sözlərinə görə, Xınalıq arxeoloji ekspedisiyası tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkarlanıb. Coğrafi şəraitdən və relyefdən qaynaqlanan obyektiv çətinliklərə baxmayaraq ekspedisiya əhəmiyyətli nəticələrə imza atıb.
İlkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənib. Aşkarlanmış skeletlərin kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji analizlər üçün götürülüb.
Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkarlanıb. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar, tuncdan bəzək əşyaları, çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri tapılıb.
“Nekropolda tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə eramızdan əvvəl V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcək. Həmçinin nekropolun mövcudluğu yaxınlıqda qədim məskənlərin də olmasına işarə edir”, - deyə Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib.
İdris Əliyev qeyd edib ki, Xınalıq nekropolunun aşkarlanmasını Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünəməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə son tunc-ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikir irəli sürmək mümkündür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info