“Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür”
Tarix: 13.07.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Bir neçə gündən sonra Fəthullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdinin iki ili tamam olur. Ötən iki il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar aşkarlandı, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı aşkarlandı. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Öz adamlarını mühüm vəzifələrə təyin etdirməyə nail olan təşkilat 2016-cı il iyulun 15-də bütövlükdə hakimiyyəti ələ keçirməyə cəhd etdi. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin – Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iyulun 12-də AZƏRTAC-a müsahibəsində deyib.
FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan səfir diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir: “Terror təşkilatının fəaliyyəti təkcə dövləti ələ keçirmək olmayıb. FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özlərinə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Belə ki, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar. Bununla yanaşı, terror təşkilatı ilə əlaqəsi olmayan şəxslərin tutduqları vəzifələrdən və ya imtahanlardan uzaqlaşdırılmalarına da nail olublar. Hazırlanan bu tərəfdarlar Türkiyədə hakimiyyəti ələ keçirmək əmrini icra etməyə başlayıblar. Bütün bu məsələlərlə bağlı hüquqi prosedur bu gün Türkiyədə davam edir, xeyli sayda terrorçu mühakimə edilərək layiqli cəzalarını alıb. Bununla da demək olar ki, terror təşkilatına sarsıdıcı zərbə vurulub.
Diplomat bildirib ki, Türkiyə FETÖ-nün xaricdə də fəaliyyətinin qarşısını almaq üçün digər dövlətlərlə fəal əməkdaşlıq edir. Belə ki, bəzi ölkələrdə FETÖ-yə məxsus təhsil ocaqlarının bir hissənin fəaliyyəti dayandırılıb, digərləri isə Türkiyə Təhsil Nazirliyinin tərkibinə verilib. Çox şadıq ki, Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ilk andan fəal dəstək verdi və hətta bizim xahişimizi gözləmədən lazımi addımları atdı. Azərbaycan FETÖ ilə mübarizədə digər ölkələrə nümunədir. Həmin gecə azərbaycanlı qardaşlarımız Bakıda Türkiyə səfirliyinin qarşısına gələrək bizə dəstəklərini ifadə etdilər. Bu dəstək bu gün də eyni qətiyyətlə davam etdirilir. Bunu iki gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi və buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Hazırda Türkiyənin eyni vaxtda bir neçə terror təşkilatı ilə mübarizə apardığını vurğulayan diplomat bildirib ki, türk xalqı bu gün başda FETÖ olmaqla PKK, İŞİD, o cümlədən ölkə daxilində və xaricində olan düşmənləri ilə qarşı-qarşıyadır. Türkiyə dövlətinin əsas məqsədi sonuncu terrorçu məhv edilənədək mübarizədən çəkilməməkdir. Terror adətən xaricdən himayə olunur. Heç bir terror təşkilatı xaricdən böyük dəstək almadan Türkiyə ilə mübarizə apara bilməz. Türkiyənin yerləşdiyi strateji mövqe həmişə kənar qüvvələrin diqqətini cəlb edib. Biz bunu çox yaxşı bilirik və ona görə də düşmənlərimizə qarşı mübarizəni qətiyyətlə davam etdiririk.
Səfir müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirib ki,
həyata keçirdiyimiz birgə layihələr dünyada böyük rezonans yaradır. Məsələn, ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bu ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılışı oldu. Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkəni deyil, eyni zamanda, Şanxay və Londonu birləşdirir. Çindən Avropanın istənilən ölkəsinə daşınan yük gəmi yolu ilə 70 gün ərzində gedib çatır. Ancaq bu dəmir yolu vasitəsilə proses 10-11 gün ərzində mümkün olacaq. Bununla yanaşı, bu dəmir yolu turizmin inkişafına da müsbət təsir edəcək. Artıq bütün insanlar Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin nə vaxt daşınacağı ilə maraqlanır. Bu layihə, eyni zamanda, iki dövlətin bir millətini bir-birilərini daha yaxından tanımalarına imkan verəcək. Hazırda hər iki ölkə istər region, istərsə də dünya üçün mühüm əhəmiyyət daşıyan TAP layihəsinin reallaşması istiqamətində çalışırlar. TANAP vasitəsilə Azərbaycan qazı Yunanıstan, İtaliya və Albaniyadan keçməklə Avropaya ixrac ediləcək. Artıq layihənin Yunanıstan və Albaniya hissəsində işlər başa çatmaq üzrədir. İtaliya hissəsində bir qədər ləngimə qeydə alınsa da, Azərbaycan və Türkiyə layihənin tezliklə başa çatması üçün işləri intensivləşdiriblər. Bu layihə ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Enerji layihələrindən başqa, Azərbaycan və Türkiyə arasında insan kapitalı və nəqliyyat sektoru sahələrində də mühüm layihələr reallaşdırılacaq. Qardaş ölkələrimiz bundan sonra daha böyük layihələrin reallaşması üçün birgə fəaliyyətlərini artıracaqlar. Yaxın zamanlarda İzmirdə “Star” neft-kimya zavodu açılacaq, Azərbaycan bununla Türkiyədə böyük xarici investora çevriləcək.
Bütün bunlar təkcə strateji əməkdaşlığın deyil, Azərbaycan-Türkiyə qardaşlığının nəticələridir. Hər kəs yaxşı bilir ki, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz birlikdə daha güclü olacağıq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info