“NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı”
Tarix: 13.07.2018 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Rufiz Qonaqov: Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı.

Sevinc Fətəliyeva: “Yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi növbəti diplomatik uğurumuzdur”

NATO üzv dövlətləri Brüsseldə keçirilən Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər.
“Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.” Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə aparılan müzakirələr, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşündə “Tərəfdaşlıq prioritetləri” sənədi yüksək qiymətləndirilib. Bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağı qeyd olunub. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Ümumiyyətlə, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Deputat qeyd edib ki, səfər zamanı, həmçinin dövlətimizin başçısı bir sıra ikitərəfli görüşlər keçirib, NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib. Məlumdur ki, Azərbaycanla NATO arasında çox fəal tərəfdaşlıq münasibətləri mövcuddur. Ölkəmiz bu təşkilatın müxtəlif proqramlarında yaxından iştirak edir.
“Azərbaycanın istəyi ondan ibarətdir ki, həm Avropa İttifaqı, həm də NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində fəallıq göstərsin. Çünki hər iki təşkilat dünyada böyük nüfuza sahibdir və Ermənistanın işğalçı siyasətinə son qoyulmasında vacib rol oynamaq imkanına malikdirlər. Prezident İlham Əliyev NATO çərçivəsində keçirilən görüşlərdə və çıxışında bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Xüsusi məqam ondan ibarətdir ki, Brüsseldə keçirilən Zirvə toplantısının yekununda NATO-nun üzv dövlətləri qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə etdilər. Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir.

XİN: “Paşinyan demokratiyadan danışmaqla dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür”

“Ermənistanın populist baş naziri NATO üzv dövlətlərinin dövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə əsassız şəkildə iddialar irəli sürməyə cəhd edir. Brüsseldə NATO üzv dövlətləri dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş yekun bəyanatda növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini və münaqişənin bu prinsiplər əsasında həll edilməli olduğunu bildirdilər. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olundu. Dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməl prinsipləridir, siyasi və beynəlxalq hüquqi öhdəlikdir və sivil davranışdır”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibətdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən eyni formada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir.
Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə, Ermənistan rəhbərliyi danışıqlara qeyd-şərt qoymaq, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir.
“Ermənistanın baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. Ermənistan baş naziri demokratiyaya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır.
Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəkdir”, - deyə Hikmət Hacıyev əlavə edib.

“Ermənistanın NATO-nun yekun kommunikesinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi iflasa uğradı”

“Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.” Bu fikri siyasi şərhçi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib. O, xüsusilə NATO Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin dəstəklənməsi məsələsini qeyd edərək vurğulayıb ki, bu, NATO-nun sülhə və təhlükəsizliyə töhfə verən Azərbaycana diqqətindən xəbər verir. Bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı növbəti diplomatik uğurdur.
Politoloq deyib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Ermənistanın NATO-nun yekun kommunikesinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi iflasa uğradı. Bundan başqa, Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info