“Vətəndaş olaraq baş verən proseslərə laqeyd qalmamalıyıq”
Tarix: 14.07.2018 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Gəncə hadisələri cəmiyyət tərəfindən böyük narahatçılıqla qarşılanıb. Artıq bir çox ziyalılar, QHT və KİV nümayəndələri bu məsələ ilə bağlı öz etirazlarını bildiriblər. Hətta xaricdə yaşayan soydaşlarımız da bu məsələ ilə bağlı öz narahatçılıqlarını ifadə ediblər. Bu bir daha harada yaşamalarından asılı olmayaraq azərbaycanlıların vətəndaş mövqeyinin nə dərəcədə güclü olmasını nümayiş etdirir.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli Gəncədə baş verən hadisələrlə bağlı “Palitra”ya açıqlama verdi. O, sosial şəbəkədə bu hadisələrdən istifadə edib cəmiyyəti yanlış yerə yönləndirənləri kəskin şəkildə qınadı: “Gəncə hadisələri ilə bağlı məlumatlara, qətlə yetirilmiş polislərimiz haqda məlumatlara sosial şəbəkələrdə, bəzən həddən artıq aqressiv, nifrət və kin hissi ilə dolu şərhlərə rast gəlinir. Şərhlər, bəzən elə əndazədən çıxır ki, sanki düşmən barədə fikir bildirilir. Xüsusilə gənclər arasında belələrinə daha çox rast gəlinir. Hər halda, profillərdən belə qənaətə gəlmək olar. Haradandır öz millətinin övladına qarşı bu aqressiya, bu kin?! Məlumdur ki, ölkədə sabitliyi pozmaq, dövlətimizi parçalamaq, işğal olunmuş ərazilərimizdə ermənilərin möhkəmlənməsini və s. istəyən qüvvələr kifayət qədərdir. Təəssüf ki, həmin qüvvələrin toruna düşən, şirin vədlərinə inanan və yaxud hər şeyi pula satan vətəndaşlarımız da tapılır”.
Onun sözlərinə görə, vətəndaş olaraq vətənimizə, eləcə də sosial şəbəkədə baş verən proseslərə laqeyd qalmamalıyıq, vaxtında yetərincə diqqət yetirməliyik: “Məmurlar dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutmalıdırlar. Hər bir kəs ona verilmiş səlahiyyətləri düzgün qiymətləndirməli, vətəndaşlara xidmət etməlidir. Həmçinin vətəndaşlara, dövlətimizə, hökumətimizə və bizə o etimadı göstərənlərə qarşı inam hissini gücləndirməliyik. İstənilən halda, məsuliyyətli məqamlarda, hər bir vətənpərvər insan dövlətinin yanında olmalıdır. Tarixin bizə verdiyi şansı - 200 ildən sonra müstəqil dövlət olmaq şansını dəyərləndirməli, və onu qorumaq üçün əlimizdən gələni etməliyik”.
Əhməd Abbasbəyli dedi ki, İslam dinini siyasətə, xüsusilə də siyasət pərdəsi altında gizlənmiş terrora bağlamaq dinimizi nüfuzdan salır: “Tarix boyu olduğu kimi, indi də istənilən qarşıdurmalarda, müxtəlif adla ölkədə həyata keçirilən təxribatlarda, müxtəlif dinlərarası, təriqətlərarası toqquşmalarda və s. qazanan həmişə tamam başqa, daha məkrli, təhlükəli qüvvələr olur. Düşünürəm ki, bizim millətimiz daha ağıllı, müdrikdir və ətrafda baş verən hadisələrdən, xüsusilə çox da uzaqda olmayan ölkələrdə baş verən proseslərdən ibrət dərsi çıxarmağı bacaracaq”.

“Azərbaycan xalqı istənilən terror, iğtişaş və təhdidlərə qarşı hər zaman birdir”

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli də Gəncədə baş verən bu son 2 qanlı terror hadisəsi və iğtişaşı kəskin şəkildə pislədi: “Qanunsuz, dini-radikal və ekstremist yöndə çağırışlar milli dövlətçiliyimizə və Azərbaycanın müasir inkişafına, regionda və beynəlxalq aləmdə nüfuzunun artmasına, müstəqil siyasi, iqtisadi kursuna qarşı yönəlib. 2018-ci ilin aprelində ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən Azərbaycanın dövlət başçısı seçilməsi bir çox xarici dairələrin, ölkəmizdə sabitliyin, davamlı inkişafın pozulmasında maraqlı olan qüvvələrin və onların “azərbaycanlı dəstəkçiləri”nin təxribat, pozuculuq və terror-iğtişaş planlarını qabaqlamışdı. Lakin xaricdəki havadarlarının diktəsilə hərəkət edən sosial şəbəkə diversantları çirkli əməllərini davam etdirərək, hər zaman dövlətçiliyə və konstitusion quruluşa qarşı çağırışlar edir, insanları itaətsizliyə sövq edirdilər. Eyni zamanda bu arada xaricdə xüsusi təlim almış, ölkəmizdə maraqları olan dövlətlərdə qatil və ekstremist kimi “formalaşmış” Yunis Səfərovun Gəncə şəhərində terror hadisəsi törədərək, İcra Hakimiyyətinin başçısını və polis əməkdaşını ağır yaralaması Azərbaycanda ciddi əks-səda, vətəndaşlarda və digər ictimaiyyət nümayəndələrində kəskin etiraz hisləri doğurdu. Bu azmış kimi, terrorçunu “qəhrəmanlaşdıran” bəzi sosial şəbəkə “həmfikirləri” ölkədə və xüsusilə də Gəncə şəhəri sakinləri arasında təxribat, qarşıdurma, iğtişaş və qarşılıqlı münaqişəyə səslənən fikirlər yaymağa başladılar. Bunun nəticəsində 3 gün bundan öncə Gəncə şəhərində qanunsuz çağırışlarla 200-ə yaxın dini-radikal şüarlı (əslində, ekstremist-terrorçu şuarlı) və müxtəlif kəsici-deşici və küt alətlərlə silahlanan qrup asayiş keşikçilərinə hücum edərək, 2 yüksək rütbəli polis zabitini öldürmüş, bir neçə nəfəri yaralamış və digər xəsarətlər yetirmişlər. Qısa vaxtda hüquq-mühafizə orqanları tərəfindən asayiş-qanunçuluq tam bərpa edilərək, cinayətkarlar haqda lazımi tədbirlər görülmüşdür”.
Asif Əsgərlinin qənaətincə, bütün bu hadisələr Azərbaycan dövlətçiliyinə qarşı çevrilməklə yanaşı, onun müsbət imicinə, dini-mənəvi dəyərlərə hər zaman önəm verən ölkəmizin nüfuzuna zərbə vurmaq və dövlətimizin etibarlı tərəfdaş statusunu zədələmək məqsədilə atılan addım, əvvəlcədən düşünülmüş ssenaridir: “Lakin Azərbaycan xalqı hər zaman dövlətinin, dövlətçiliyinin, konstitusion quruluşunun müdafiəsinin yanındadır və istənilən bu kimi terror, iğtişaş və təhdidlərə qarşı hər zaman birdir, vahiddir. Heç bir xarici və daxili təhlükə dövlətimizin, onun Prezidenti İlham Əliyevin müstəqil siyasi və iqtisadi kursunu yolundan döndərə bilməz və ölkəmiz öz inkişaf yolu ilə regionda və beynəlxalq aləmdə mövqe və rolunu göstərəcək”.

“Xarici qüvvələr çalışırlar ki, Azərbaycanı öz daxilindən qarışdırsınlar”

Rusiyadakı “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyevin sözlərinə görə, Gəncədə baş verən hadisələr, Rusiyada yaşayan azərbaycanlılar arasında da böyük narahatlığa səbəb olub: “Bu gün, demək olar ki, Azərbaycan Respublikası müstəqil ölkə olaraq hər yerdə öz sözünü deyə bilir. Eyni zamanda ölkəmiz potensial inkişafına görə də yüksək mövqedə durur. Bu bizim ölkəni istəməyənləri çox narahat edir”.
Fəxrəddin Yarıyevin fikrincə, xarici qüvvələr çalışırlar ki, Azərbaycanı öz daxilindən qarışdırsınlar: “Lakin biz əminik ki, müdrik siyasətçi, Prezidentimiz və dəyərli xalqımız heç vaxt ölkəmizin daxilində hərc-mərcliyə yol verməyəcək. Biz də ölkəmizin hüdudlarından kənarda yaşamağımıza baxmayaraq, söz veririk ki, ölkəmizin Prezidentinə və xalqımıza Azərbaycan bayrağının daha yüksək zirvələrdə dalğalanmasında yaxından dəstək olacağıq. Allah ölkəmizi qorusun”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
AZƏRTAC mötəbər informasiya mənbəyidir
08.12.2018
Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq
08.12.2018
Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
07.12.2018
Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir
05.12.2018
“Azərbaycan dili bütün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində qorunmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info