İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritetini təşkil edir
Tarix: 18.06.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Bakıda İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə Ombudsman tərəfindən sayca on birinci olan "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı keçirilir.
UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər. İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilmiş ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq.
Konfransın açılışında çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirdi ki, Azərbaycanda 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günədək Ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak ediblər. Ombudsman qeyd etdi ki, Azərbaycanda insan hüquqları sahəsində 3 strateji sənəd həyata keçirilməkdədir: “Bizim məqsədimiz Azərbaycanın təcrübəsini tanıtdıraraq beynəlxalq hüququn ölkəmizdə tətbiq olunması səviyyəsini daha da təkmilləşdirməyə nail olmaqdır. Biz Azərbaycan təcrübəsini dünyaya hərtərəfli tanıtmaq əzmindəyik”. E.Süleymanova bildirdi ki, 20-22 iyun 2012-ci ildə BMT-nin iclasında davamlı inkişaf üzrə qəbul olunan “Bizim istədiyimiz gələcək” adlı yekun sənədin məqsədi 2015-ci ildən sonrakı dövrün yeni inkişafını hazırlamaq və davamlı inkişafa nail olmaqdır. Son illər dünya əhalisinin sayının artdığını deyən ombudsman qeyd edib ki, yalnız bir əsr ərzində dünyada əhalinin sayı 1 milyarddan 7 milyarda çatıb. Azərbaycanda əhalinin sayı 9 milyon yarıma yaxındır: “Lakin Azərbaycan 25 ildən artıqdır ki, erməni təcavüzünə məruz qalmasına baxmayaraq, ölkəmiz silsilə təbii fəlakətlərin nəticələrini dəf etməklə dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Bu da ölkədə aparılan qabaqcıl siyasətin nəticəsidir”.

“Azərbaycan dünyanın ən tolerant ölkəsidir”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxışı zamanı Azərbaycanda insan hüquqlarının qorunması sahəsində mühüm işlərin görüldüyünü bildirdi. O gələcəkdə belə tədbirlərin ölkənin regionlarında da təşkil olunmasını təklif etdi: “Belə olduğu halda xarici qonaqlar Azərbaycanın regionları da yaxından tanış olar, onların inkişafını öz gözləri ilə görərlər. Bu gün regionların inkişafı paytaxt Bakıdan geri qalmır, onların hər birində tədbirlərin təşkili üçün lazımi şəraitlər yaradılıb”.
Əli Həsənov bildirdi ki, Azərbaycan son 10 ildə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Azərbaycanın dünyanın ən tolerant ölkəsi olduğunu deyən Ə. Həsənov qeyd etdi ki, buna görə də Azərbaycana maraq, diqqət artır. Baş nazirin müavini vurğuladı ki, Azərbaycan inkişaf etdikcə dövlətə və Prezidentinə beynəlxalq səviyyədə qısqanclıq və paxıllıq da artır: “Amma biz bunun əksini görməliydik. Ölkə rəhbəri xalqın rifahını günbəgün yaxşılaşdırırsa, ona qarşı münasibət də yaxşı olmalı idi. Azərbaycan xalqı tam əmindir ki, bütün qısqanclıqlara baxmayaraq, ölkə Prezidenti 2020-ci ilə kimi müəyyənləşdirdiyi strateji istiqamətlərin hamısına tam nail olacaq”.

“Beynəlxalq təşkilatlar əvvəlcə qəbul etdikləri qərarları icra etsinlər, sonra bizə insan hüquqlarından dərs keçsinlər”

Azərbaycanda bir milyon insanın hüquqları 20 ildir ki, tapdalandığını deyən Ə. Həsənovun sözlərinə görə, qəribədir ki, BMT-nin İnsan Hüquqları Komissiyası və Avropa Şurasının İnsan Haqları Komissarlığının nümayəndələr bura gələndə irad tuturlar: “Guya biz bu insanların hüquqlarını pozuruq. Bu müstəvidə məsələyə çox maraqlı yanaşma var. Uzun müddətdir Azərbaycanda olan bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə məşğulam. 20 faiz torpağımız Ermənistanın işğalı altındadır və dünyanın mötəbər qurumları da bu məsələdə qərarlar qəbul ediblər. Çox təəssüflər olsun ki, qəbul olunmuş qərarlar icra olunmur. O zaman hansı insan hüquqlarının qorunmasından söhbət gedə bilər? Həmin o insan hüquqlarının qorunması ilə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar yaxşı olardı ki, özlərinin qəbul etdikləri qərarların icrası ilə məşğul olsunlar, sonra gəlib bizə insan hüquqlarından dərs keçsinlər və o zaman biz dərsləri qəbul edərik”.
Dünyada konfliktlərin sayının ildən-ilə artdığını deyən Ə.Həsənov bildirdi ki, əgər 20 il bundan əvvəl dünyada 20 milyona yaxın qaçqın və məcburi köçkün vardısa, bu gün onların sayı 36 milyona çatıb: “Bu isə o deməkdir ki, dünyanın mötəbər qurumları göründüyü kimi konfliktlərin azaldılması ilə məşğul olmurlar”. Baş nazirin müavini onu da qeyd etdi ki, Azərbaycan dövləti qoşulduğu konvensiyalara hörmətlə yanaşır, onları hörmətlə icra edir: “Amma təəssüf ki, bizdən fərqli olaraq onları icra etməyənlərə münasibət dəyişmir”.

Daşqınlardan ziyan çəkmiş rayonlarda və Şirvan şəhərində
4200-dən çox fərdi yaşayış evi tikilərək istifadəyə verilib


Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə bildirdi ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyev qanunun aliliyi, insan hüquqları və demokratiyanın ölkəmizdə həyata keçirən dövlət quruculuğu proseslərinin təməl prinsipləri olaraq müəyyənləşdirib. Onun sözlərinə görə, Ombudsman institutunun yaradılması insan hüquqlarının məhkəmə sistemindən kənarda qorunmasına böyük təkan verib. Ç. Əsgərov qeyd etdi ki, ölkədə insan hüquq və azadlıqlarının qorunması dünya və Avropa standartlarına cavab verir.
Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə çıxışı zamanı bildirdi ki, Azərbaycanda 2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına təkcə 2013-cü ilin ötən dövründə 105 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Ümumilikdə isə 2010-cu ilin sentyabrından başlayaraq daşqınlardan ziyan çəkmiş Sabirabad, Salyan, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Hacıqabul, Neftçala, Beyləqan, Füzuli rayonlarında və Şirvan şəhərində 4200-dən çox fərdi yaşayış evi tikilərək istifadəyə verilib. O qeyd etdi ki, tikintisi, təmir və bərpa işlərinin aparılması nəzərdə tutulan 95 sosial ictimai obyektdən 40 obyekt yenidən tikilərək istifadəyə verilib, 52-si təmir olunub, 3 obyekt üzrə bərpa-gücləndirmə işləri aparılıb. F. Tağızadə 2012-ci ilin may ayında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində dövlət büdcəsindən mütəxəssislərdən ibarət komissiyalara ayrılmış vəsait hesabına görülən işlərdən də danışdı: "Bu ilin 1 ayına qədər komissiyalar tərəfindən 58338 yaşayış evinə, 302 kommunal mənzilli yaşayış binasına və 516 ictimai sosial obyektə baxış keçirilib. Onlardan 5848 fərdi yaşayış evinin, 90 kommunal çoxmənzilli yaşayış binasının və 127 ictimai sosial obyektin qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin 11061 fərdi yaşayış evinin, 50 kommunal çoxmənzilli yaşayış binasının və 125 ictimai sosial obyektin bərpasının, o cümlədən 23833 fərdi yaşayış evinin, 85 kommunal çoxmənzilli yaşayış binasının və 183 ictimai sosial obyektin təmirinin məqsədəuyğunluğu, 17500-dən çox fərdi yaşayış evinin, 77 kommunal çoxmənzilli yaşayış binasının və 81 ictimai sosial obyektin isə qənaətbəxş vəziyyətdə olduğu müəyyən edilib". Nazir müavini bildirdi ki, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Zaqatalada, Qaxda, Balakəndə ümumilikdə 5 mindən çox fərdi yaşayış evinin, Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 olmaqla 36 məktəb binasının tikintisinə başlanılıb: "Ötən müddət ərzində adıçəkilən rayonlarda 3400-dən çox fərdi yaşayış evi, 6240 şagird yerlik 25 məktəb binası və bir uşaq bağçası tikilib istifadəyə verilib. Hazırda 1677 fərdi yaşayış evinin və 11 məktəb binasının tikintisi davam edir". F. Tağızadən əlavə etdi ki, zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması məqsədilə 17 milyon 734 min manat yardım ödənilib.

Azərbaycan irimiqyaslı nüvə və radioloji qəzalara qarşı mübarizə məqsədilə AEBA ilə əməkdaşlığa mühüm əhəmiyyət verir

F.Tağızadə qeyd etdi ki, regionda baş verə biləcək irimiqyaslı nüvə və radioloji qəzalar zamanı əhalinin qorunması, düzgün və vaxtında məlumatlandırılması, radiasiya qəzasına qarşı çevik tədbirlərin görülməsi məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin operativ koordinasiya və məlumatlandırma qurumu olan Hadisə və Qəza Mərkəzinin xidmətlərindən ölkədə istifadə olunması barədə Azərbaycan tərəfindən irəli sürdüyü təklif müsbət qiymətləndirilib. Nazir müavini bildirdi ki, həmin Mərkəzin xidmət sisteminə qoşulmaq üçün Azərbaycanda milli səlahiyyətli orqan kimi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Milli Xəbərdarlıq Məntəqəsi kimi isə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi təyin edilib. Onun sözlərinə görə, Azərbaycan irimiqyaslı nüvə və radioloji qəzalara yalnız müəssisə və ya təşkilat səviyyəsində cavabvermə tədbirləri kifayət etmədiyindən ölkədə radioloji qəza hazırlığı səviyyəsini yüksəldilməsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa mühüm əhəmiyyət verir.
F.Tağızadə bildirdi ki, 2013-cü ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlara çıxışların sayı 426 çıxış və ya 15,2%, yüksək saylı çağırışla söndürülən yanğınların sayı isə 9 fakt və ya 60% azalıb. Onun sözlərinə görə, yaşayış sahəsində baş vermiş yanğınların sayı 119 hadisə və ya 14,6%, digər obyekt və qurğularda baş verən yanğınların sayı 38 hadisə və ya 6,4% azalıb. Yanan tikili sahəsi 5952 kv. m azalıb. Qeyd olunan dövr ərzində yanğın yerində azyaşlıların həlak olması 3 fakt, yanğından xəsarət alanların sayı 6 fakt azalıb: "Mühafizə olunan tikili sahəsi 21854 kvadrat metr, xilas olunan insanların sayı 7 nəfər, təxliyə olunan insanların sayı 85 nəfər artıb. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlarla bağlı bütün statistik nəticə və göstəricilər müsbət dinamika ilə yekunlaşıb. Bundan başqa, il ərzində yanğınlardan həlak olan insanların sayı ölkə əhalisinin hər 100 min nəfərinə Azərbaycanda orta hesabla 0,49 nəfər düşürsə, digər ölkələrdə bu göstərici 3,3-11,7 nəfər təşkil edir". Nazir müavini onu da qeyd etdi ki, Avropa və Asiyanın inkişaf etmiş ölkələrində il ərzində hər min nəfərə düşən yanğınların sayı 1-6 təşkil edirsə, Azərbaycanda hər min nəfərə 0,55 yanğın düşür. F.Tağızadə həmçinin bildirib ki, sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində son 3 il ərzində çimərlik ərazilərində suda batma halı qeydə alınmayıb.
Tədbirdə Azərbaycanda insan hüquq və azadlıqlarına dair müxtəlif məruzələr dinlənildi. Qeyd edək ki, Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı iyunun 20-dək davam edəcək.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info