“Çelyabinskdə gənclərimiz Azərbaycan haqqında obyektiv fikir formalaşdırırlar”
Tarix: 18.06.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Rafael Quliyev: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu perspektivdə qarşılıqlı səmərəli əlaqələr və türk xalqlarının birliyi üçün vacibdir”

Rusiyanın Çelyabinsk şəhərində çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Burada diasporumuzun üzvlərinin yaratdığı “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi öz aktivliyi ilə seçilir. Xatırladaq ki, bu cəmiyyət 1999-cu ildə yaradılıb, 2000-ci ildə isə rəsmi qeydiyyatdan keçib. Cəmiyyətin sədri, eyni zamanda Ümumrusiya Azərbaycan Konqresi Çelyabinsk regional təşkilatının rəhbəri Rafael Quliyevdir. Həmyerlimiz ilk olaraq “Ozan”ın fəaliyyəti ilə bağlı məlumat verdi:

-Biz davamlı olaraq işlərimizi daha da gücləndiririk. İndiyədək bir sıra istiqamətlərdə layihələr həyata keçirmişik. Bunların bir qismi soydaşlarımızın problemləri, onların hüquqlarının qorunması ilə bağlı layihələrdir, eləcə də dövlət orqanları ilə işbirliyimiz var. Belə ki, Çelyabinsk vilayətində Qubernator yanında Milli Şuralar üzrə qurumda bizim təşkilat da təmsil olunur. Qanunvericilik orqanlarının nəzdində milli məsələlər üzrə qurumda, eləcə də Miqrasiya Xidmətinin tərkibində xüsusi şöbə var ki, orada da biz xalqımızı təmsil edirik. Bundan başqa, orada yaşayan xalqların nümayəndələrinin təmsil olunduğu Xalqlar Assambleyası var ki, cəmiyyətimiz yarandığı vaxtdan bu assambleyanın fəal üzvüdür. Ümumiyyətlə, hansı bir qurumun tərkibində fəaliyyət göstərməmizə baxmayaraq, xalqımızı layiqincə təmsil etməyə çalışırıq. Xalqımızın tarixini, mədəniyyətini çatdırırıq ki, bu da böyük rəğbətlə qarşılanır. Ümumiyyətlə, “Ozan” təşkilatı öz fəaliyyəti ilə fərqlənir. Bunun nəticəsidir ki, Moskvada nəşr edilən “Rusiyanın ən yaxşı insanları” adlı kitaba Rusiyanın tanınmış dövlət xadimləri ilə yanaşı, bizim təşkilatın nümayəndəsi kimi mən də daxil edilmişəm. Görülən işlər, mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirdiyimiz tədbirlər bu müddət ərzində təşkilatımızın nümunəvi bir cəmiyyət kimi tanınmasına imkan yaradıb.
-Azərbaycan həqiqətlərinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- “Ozan”ın əsas məqsədi xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini qoruyub yaşatmaq və təbliğ etmək, soydaşlarımızın müdafiə hüquqlarının təminatına yardımçı olmaq, Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüməkdə olan yeni nəslin ana dilimizi, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdir.
Mədəniyyət Mərkəzi şəhərin və vilayətin mədəni həyatında yaxından iştirak edir. “Ozan” Azərbaycan diasporunu birləşdirir və möhkəmləndirir, onun vətəndaş hüquqlarının, milli mədəni və sosial mənafelərinin gerçəkləşdirilməsinə, dilimizin və ənənələrimizin qorunub saxlanmasına kömək göstərir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin davamçıları kimi, biz Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün daim çalışırıq.
Mərkəz, Çelyabinsk Vilayəti Xalqları Assambleyası ilə birlikdə məktəblərdə beynəlmiləlçilik tərbiyəsi sahəsində iş aparılmasına da yardım edir. Mədəniyyət Mərkəzinin fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir. Uşaq müəssisələrinə, xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərilir. Eyni zamanda bələdiyyə müəssisələrinə, ictimai qurumlara sponsor yardımı, azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında rüblük “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir.
Qeyd edim ki, cəmiyyətin internet saytı (www.ozan.ru) və eyni adlı qəzeti var. “Ozan” qəzetində diasporun həyatında baş verən ən mühüm hadisələr işıqlandırılır. Qəzetimiz Çelyabinskdə KİV-in VIII festivalında “Ən yaxşı korporativ qəzet” nominasiyasında 1-ci yerin qalibi olub. Fəaliyyətə başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis etdik. İndi də hiss edirik ki, qəzetdən də artıq bir iş görməliyik. Başladıq kitablar, jurnallar çap etdirməyə. Bu gün Rusiyada elə bir ali məclis yoxdur ki, bizim səsimiz eşidilməsin. Biz çalışırıq ki, azərbaycanlı biznesmenlər Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana sərmayə qoysunlar. Bu gün azərbaycanlı müəllim-professorlarımız, həkimlərimiz, biznesmenlərimiz Çelyabinskdə ilk onluğa düşürlər.
-Çelyabinskdə azərbaycanlıların sayı çoxdurmu?
- Çelyabinsk vilayətində 130-dan çox xalqın nümayəndəsi var. Hazırda orada 10 mindən çox azərbaycanlı yaşayır. Onların ümumi məqsədi xalqlar arasında sülhün və əmin-amanlığın möhkəmləndirilməsidir. Ölkəmizlə bağlı çox informasiya əldə etmək bizim üçün önəmlidir. Orada fəaliyyət göstərən Xalqlar Assambleyasının üzvü olan digər diaspor təşkilatları-rus, alman, gürcü, qazax, tacik, özbəklərlə sıx əməkdaşlıq edirik. Bir-birimizə dəstək oluruq, köməklik edirik. Bizim işlər nümunəvi olduğu üçün onlar bizə müraciət edir və keçirdiyimiz tədbirlərə onları dəvət edirik.
- Ermənilər sizlə rəqabət apara bilirlərmi?
- Ermənilər hər zaman bizim arxamızca gəlirlər, ancaq çata bilmirlər. Onlar bizimlə rəqabət apara bilmirlər. Ermənilər bizə yalnız paxıllıq edirlər. Sayca 14 minə yaxın olsalar da, onlar siyasi baxımdan bizdən aşağı yerdədirlər. Biz Azərbaycanla bağlı bütün tarixi günlərimizi qeyd edirik. Məsələn, Çelyabinskdə Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün xeyli işlər görmüşük. Qəzetimiz və internet saytımız vasitəsi ilə də təbliğat aparırıq. Bundan əlavə televiziyalarda materiallar yayırıq. Düzdür, müəyyən tapşırıqlar olur və problemlər yaradırlar. Ancaq biz müxtəlif vasitələrlə televiziyalara yol tapırıq və materiallarımızı yayırıq.
-Çelyabinskdəki azərbaycanlı gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Tarixi hadisələrin baş verdiyi zaman kəsiyində gənclər həmişə vacib və ciddi rollarını oynayıblar. Ona görə də hər bir gənc proseslərə cəlb ediləcəksə, qarşıya qoyulan nəticənin həlli də o strategiyadan asılıdır.
“Ozan”ın ətrafında güclü gənclər toplaşıb və onlar çox fəaldırlar. Çelyabinskdə bizim gənclər Azərbaycan haqqında obyektiv fikir formalaşdırırlar. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin gənclər üzrə sədr müavini İlkin Musayev ÜAK-ın “Molodoy Qvordiya Edinoy Rossii” Çelyabinsk regional bölməsinin “Beynalxalq ələqələr” layihəsinin rəhbəri kimi əməkdaşlıq əlaqələrini möhkəmləndirərək gənclər təşkilatları ilə milli mədəniyyət mərkəzlərinin gənclərini bir araya toplayaraq, dəyrimi masa arxasında maraqlı mövzular araşdırırlar. Bunlarla yanaşı, Azərbaycanın haqq səsinin gənclər arasında yaydığı layihələrdən “Xocalıya ədalət” - Cənubi Ural Dövlət Universitetində keçirilən tədbir çox yadda qalan olub.
Azərbaycanın qədim tarixini və mədəniyyətini təmsil edən gənclərimiz şəhər və vilayət rəhbərlərinin keçirdiyi tədbirlərdə - “Uralın Dostluq Rəngarəngliyi” və “İctimai-siyasi birliklər” - fəal iştirak edirlər. Hər il Çelyabinsk şəhər administrasiyası ilə birlikdə Böyük Vətən müharibəsi veteranları və uşaqların müdafiə günündə keçirilən tədbirlərdə iştirak edirlər. Onu da qeyd edim ki, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva gənclərimizi daha da fərəhləndirir. Çelyabinsk gənclərini dəstəkləyir, bütün regionlardakı gənclər təşkilatlarının qeydiyyatdan keçməsinə çalışır və istəyir ki, onlar güclü bir forum kimi fəaliyyət göstərsin.
Ulu öndərimizin anadan olmasının 90 illiyinə həsr olunmuş "Rusiya-Azərbaycan: dostluq qanadlarında" Çelyabinsk vilayətinin uşaq və gənclər festival-müsabiqəsində nəinki azərbaycanlılar, həm də çoxmillətli Çelyabinsk gəncləri böyük maraqla iştirak etdilər. Ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasının tarixini, mədəniyyətini, iqtisadiyyatını, mətbəxini öyrənərək zəngin bilik topladılar.
Gənclərimizin idman sahəsindəki nailiyyətləri də ürəkaçandır. Xəyal Canıyev tayboks üzrə dünya çempionu, İsmayıl Rzayev kiqboks üzrə dünya ikincisidir. İdman və bayram tədbirlərində daim iştirak edən gənclərimiz, mədəniyyətimizi təbliğ etməklə yanaşı, xalqlar arasında dostluğun möhkəmlənməsinə nail olurlar.
Tədbirlərdə fəal iştirak etməklə, məntiqli çıxışları ilə reallığı təmsil edən gənclər kadr ehtiyatını təmin edirlər. “Gənclər bizim gələcəyimizdir” fikrini ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin I Forumunda deyib. Diaspor o vaxt uğur qazanacaq ki, gənclərin qurucu-yaradıcı qüvvəsindən, ictimai-siyasi həyatı qurmaqda səmərəli istifadə edəcək. Gənclər adətən yenilikləri və onların qeyri-adi həllərini tapmaqla diasporun fəaliyyətini dəstəkləyir və yeni stimul verirlər.
-İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçiriləcək.
- Ulu öndər Heydər Əliyev deyib ki, türk cümhuriyyətlərinin bir sırada inamlı addımları türk dünyasının xoşbəxt sabahından xəbər verir. Bu mənada mənim də dəvət aldığım qeyd etdiyiniz forum gələcək perspektivdə qarşılıqlı səmərəli əlaqələrin və türk xalqlarının birliyi və diaspor problemlərinin həlli üçün vacibdir.

Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info