“Babamızın şeirlərinə sahib çıxanlar var”
Tarix: 17.07.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Axundov Məzahir Həmzə oğlu Tərtər rayonunun Borsunlu kəndində anadan olub. İbtidai təhsili başa vurduqdan sonra Bakıda fəhlə-gənclər məktəbində oxuyur və “Qızıl Gəncə” jurnalında şeirləri dərc olunur. II Dünya müharibəsində general-leytenant Vlasovun komandanlığı altında Sovet ordusu, 1942-ci ilin yanvarında Volxov cəbhəsində Lyubansk şəhəri uğrunda gedən döyüşlərdə məğlub olacağını görür və bütün ordunu almanlara təslim edərək əsir düşür. Əsir düşən əsgərlər arasında Məzahir Daşqın da olur. Beləliklə, Məzahir Daşqının məşəqqətli əsirlik həyatı başlayır. 1946-cı ildə əsirlikdən qayıdıb öz doğma evinə çatmamış ovaxtkı NKVD əməkdaşları tərəfindən təkrar həbs edilərək Uzaq Sibirə - Komi ASSR-in Sıxtıvkar şəhərinə sürgünə göndərilir. Stalin rəhmətə gedəndən sonra 1956-cı ildə SSRİ Ali Sovetinin qərarı ilə üzərindən hərbi əsirliyi götürülərək bəraət alır və vətənə dönür. Şair 1979-cu il oktyabrın 31-də, 70 yaşında vəfat edib və Borsunlu kənd qəbiristanlığında dəfn olunub.

Müsahibimiz Məzahir Daşqının nəvəsi İsmayılova Dürdanə Nazim qızıdır.

- Azərbaycan xalq poeziyasında tanınan, yaradıcıllığı az tədqiq edilən, amma şeirləri ilə xalq məhəbbəti qazanan Məzahir Daşqının ədəbi irsi hər bir ədəbiyyatsevər üçün əzizdir. Onun şeirləri xalq arasında tez yayılmış və dövrünün qabaqcıl ziyalılarının diqqətini cəlb edərək onlarla sıx dostluq əlaqələri yaratmışdır. Bizə babanız Məzahir Daşqından söhbət açardınız.
- Babam Məzahir Daşqını sağlığında gördüm deyə, bir çox hadisənin şahidinə çevildim. Babam Məzahir Daşqın 1909-cu il noyabrın 1-də anadan olub. Atası Məşədi Həmzə, anası Anaxanımdır. Məzahir Daşqının anası bəy qızı idi. Məşədi Həmzə babam da repressiya qurbanı olub. Bunun səbəbi Həmzə babamın doğma kəndində məscid tikdirməsi olmuşdur. Həmin məscidin yeri indiyə kimi dururdu və təəssüf ki, sonradan həmin yeri dükan kimi istifadə etdilər. Görürsüz ki, müsəlmançılığı təbliğ etdiyi üçün Məşədi Həmzə babam da repressiya qurbanı olur. Məzahir Daşqıngil beş qardaş, üç bacı olublar. Həmzə kişinin oğulları Məzahir Daşqın (böyük oğlu), Hilal, Vahid, Cahangir, Elxan və qızları Şövkət (böyük qızı), Misiri, Şölə Axundovlar olublar.
Babam Məzahir Daşqın Qarabağda (Şuşada) poçt rəisi işləyib. Elə babam nənəm Sürəyya ilə orada tanış olur və evlənirlər. Atam Nazim Axundovun 3 yaşı olanda babamı əsgərliyə aparırlar. Müharibə başlayır və ön cəbhələrdə vuruşur, daha sonra isə 1942-ci ildən əsrlik həyatı başlayır.
Məzahir Daşqın şeirə uşaq vaxtından həvəs göstərib. Elə ilk şeirlərini də uşaq vaxtlarında yazıb. Təxminən 12 yaşlarından şeir yazırdı. Babam bizə danışırdı ki, şeirlərini 12 yaşında üzə çıxardıb və atasına oxudub. Atası Məzahir Daşqının şeirlərini bəyənib və beləcə, məclislərdə yazdığı şeirləri oxuyarmış. Babam məclislərdə bədahətən şeirlər də deyərdi. Məzahir Daşqın qələm sahiblərini ətrafına toplayaraq dərnək yaratmış və bu dərnək bir müddət Tərtərdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülmüşdür. Məzahir Daşqın 1926-1941-ci illər arası “Borsunlu Məzahir” və “Məzahir” təxəllüslərini, daha sonra isə “Daşqın” təxəllüsünü götürmüşdür.
- Şair Məzahir Daşqının yaradıcılığına Səməd Vurğun böyük məhəbbət göstərib. Onunla məktublaşmaları da var. Həmçinin Məzahir Daşqın dövrünün digər ziyalıları ilə də möhkəm dostluq əlaqələri qurmuşdur...
- Babam Səməd Vurğunla çox yaxın dost olub. Bu haqda sağlığında çox danışardı. Hətta Məzahir Daşqın əsirlikdə olanda rus yazıçısı Aleksandr Fadeyevi Səməd Vurğun əsirlik düşərgəsinə apararaq Məzahir Daşqınla tanış etmişdir. Əslində, Səməd Vurğunla babam Qazaxda hansısa məclisdə tanış olublar. O vaxtdan başlayaraq babamla sıx əlaqələr saxlayıb. Hər iki şairin bu gün də məktubları saxlanılır. Məzahir Daşqın repressiyadan azad olan kimi Bakıya qayıdır və Səməd Vurğunla görüşmək üçün Yazıçılar Birliyinə gedir. Amma onu burada tapmır və Səməd Vurğunun vəfat etdiyini bildirirlər. O bu xəbərdən çox sarsılır və şairin qəbrini ziyarət edir, ona “Ağladı” rədifli şeirini ithaf edir.

AĞLADI
(Səməd Vurğunun məzarı önündə )

Deyirlər ki,Vurğun köçüb gedəndə,
Buludlar çaxnaşdı, ellər ağladı.
Ölüm şərabını içib gedəndə,
Könüllər ağladı, dillər ağladı.

Deyirlər, Nizami düşündü dərin,
Bir ah çəkib, açdı sinə dəftərin.
Düzərkən kağıza ürək sözlərin,
Qələmlər yaş tökdü, əllər ağladı.

Ay, gün yerə endi öpdülər onu,
Geyindi təbiət miskin bir donu.
Füzuli ağlarkən şair oğlunu,
Çaylar dilə gəldi, sellər ağladı.

Deyirlər, gəlmişdi Qoca Natəvan,
Saçları pərişan, yanaqları qan.
Vaqiflə Vidadi ağlayan zaman,
Səhralar ağladı, çöllər ağladı.

Deyirlər, ağladı aşıqlar, sazlar,
Tutdu üfüqləri küskün avazlar.
Diddi üzlərini gəlinlər, qızlar,
Saçlar yırğalandı, tellər ağladı.

Qüdrətli qələmi yaratdı nələr,
Bəzəndi dünyada canlı səhnələr,
Deyəcək: Əsrlər, min qərinələr -
Vurğuna ölkələr, ellər ağladı.

Çıxdım dostum gəzən qəlbi dağlara,
Bir küskünlük gördüm baxdımsa hara.
Səməd hanı? – dedim göy yaylaqlara,
Sonalar çığrışdı, göllər ağladı.

Daşqınam, qəbrinə əyilir başım,
Axır ürəyimə hicranlı yaşım.
Böyük sənətkarım, şair qardaşım,
Ömrümün sazında tellər ağladı.

Atam, hətta Aşıq Hüseyn Cavanla da dost olub və onların deyişmələri kitaba salınıb. Ümumiyyətlə, bizim evimizdə həmişə qələm sahibləri, ədəbiyyata bağlı olan şəxslər yığışıb ədəbi söhbətlər edərdilər. Məzahir Daşqın Tofiq Bayram, Xalq şairi Qabil, müğənni Bülbül, Paşa Salahlı və bir çox şəxslə sıx dostluq əlaqələri saxlayardı. Anam deyərdi ki, Polad Bülbüloğlu bizə tez-tez gələrdi.
- Şairlər dünyaya göz açarkən haqq dərgahından vergili gəlirlər. Onların qeyri-adi istedadları hər bir insanı heyrətə gətirir. Məzahir Daşqının zəngin ədəbi irsi bir çox sənətsevəri, sənət adamını heyrətləndirir...
- Yuxarıda qeyd edim ki, babam əsgərliyə getdikdən sonra (1941-ci ildə gedib) müharibə başlayır və onu döyüşə aparırlar. Bu zaman əsir düşür. Babam o qədər savadlı olur ki, onu yazı işlərinə cəlb edirlər. Alman dilini qısa bir müddətə öyrənir. Bu bir daha Məzahir Daşqının istedadının, savadının göstəricisidir. Sizə deyim ki, Məzahir Daşqının qardaşları da savadlı olub. Qardaşı Cahangir əmim ali təhsilli aqranom olub, Hilal əmim də bədahətən şeirlər deyib və aşıq olub. Onun atası Məşədi Həmzə də öz dövrünün ən savadlı, istedadlı adamlarından olub. Yəni bunun, bir növ irsi olduğunu düşünürəm. Bir də, şübhəsiz ki, İlahi vergi də var.
-Məzahir Daşqının atası Məşədi Həmzənin M. C.Bağırovla dostluq əlaqələrinin olduğu haqqında danışırlar. Bu məsələyə də aydınlıq gətirərdiniz.
- Bunu qeyd edim ki, M.C.Bağırov Məzahir Daşqının atası Məşədi Həmzə ilə yaxından dost olub. Bağırov həmişə bizə gələr və nənəmiz Anaxanımın plovunu tərifləyərmiş. Bu söhbətlər təxminən 1936-1937-ci illərin söhbətidir. Bağırov bizə gəlib getdikcə görürdü ki, Məşədi Həmzənin övladlarının hər biri savadlıdır. Babamız Məşədi Həmzə də adlı-sanlı insan olub və həmişə Mir Cəfər Bağırov gələndə süfrə açarmış. Bunları görən Bağırov da ailəmizə qarşı qısqanclıq başlayır. Bağırov Məşədi Həmzəni sürgün etdirir və sonra başlayır onun oğlanlarının üstünə düşməyə. Məzahir Daşqının sürgün həyatı elə birbaşa M.C.Bağırovun əli ilə həyata keçirilir. Müharibə vaxtı general Vlasov bütün qoşunlarını Almaniyaya təslim edir və Məzahir Daşqın da burada əsgər olur. Hadisələr bundan sonra başlayır. Buradan qayıdıb gəldikdən sonra babama “xalq düşməni” adı verirlər. Amma babamın fəaliyyətində Sovet hökumətinin əleyhinə heç bir iş olmayıb və Məzahir Daşqın bəraət alıb.
- Maraqlıdır ki, xalq içərisində yaradıcılığı yayılan bir şairin sağlığında kitabı ərsəyə gəlməyib. Bunun səbəbləri nələrdir?
- Babamın bütün külliyyatı əlyazma şəklində olub və ovaxtkı yazı makinalarında yazıb. Məzahir Daşqının şeirlər kitabı ölümündən sonra çap olunub. Babamın bir oğlu olub və o da atam Nazim Axundovdur. Hazırda Borsunlu kəndində yaşayır. Atam da ata yurdunda, yəni Tərtər rayonunun Borsunlu kəndində, babam Məzahir Daşqın isə Gəncədə yaşayırdı. Hər həftənin 5-ci günü babam bizə gəlirdi. Bu zaman bizlərə maraqlı söhbətlər edirdi. Kəndimizin qabaqcıl insanları, ağsaqqalları bizə yığışırdılar. Bu zaman babam şeir deyər, saz çalar və bizlər də maraqla qulaq asırdıq. Bu söhbətlərdə də babam deyirdi ki, mənə o qədər əziyyət veriblər ki, istəyirəm şeirlərim dillərdə gəzsin. Yəni kitab kimi çapına razı deyildi. Babamın sağlığında kitabları çap olunmadığı üçün və dillərdə şeirləri əzbərə çevrildiyinə görə hal-hazırda müəyyən problemlərlə qarşılaşmışıq. Hətta son günlərədək onun şeirlərini el məclislərində mahnı kimi, muğam kimi oxuyan bəzi müğənnilər, nədənsə, babamın təxəllüsünü demirlər. Babamızın şeirlərinə sahib çıxanlar var.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info