“Avropa Parlamentinin qətnaməsi Avropa Məhkəməsinə təzyiq cəhdidir”
Tarix: 18.06.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Fuad Ələsgərov : “Avropa Parlamenti deputatlarının əksəriyyətinin istirahətə getdikləri bir vaxtda oynanılan bu “demaqogiya məşğələsi” yalnız bu təşkilatın öz nüfuzuna xələl gətirə bilər”

Avropa Parlamenti onun nüfuzunu şübhə altına alan növbəti əsassız və qeyri-ciddi sənəd qəbul edib. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bununla bağlı AzərTAc-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- İyunun 13-də Avropa Parlamenti “İlqar Məmmədovun işi” adlandırılan qətnamə qəbul etmişdir. Siz bu qətnaməni necə şərh edərdiniz?
- Avropa Parlamenti onun nüfuzunu yenidən şübhə altına alan növbəti uydurma, əsassız və qeyri-ciddi sənəd qəbul edib. Güman edirəm ki, biz bu təşkilatdakı bəzi qrupların antiazərbaycan əhvali-ruhiyyəsinin adətən “yaz-yay aylarına təsadüf edən kəskinləşməsi” ilə üzləşmişik. Ölkəmizə qarşı bundan əvvəlki böhtan xarakterli qətnamə ötən il mayın sonunda, Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində qəbul edilmişdi.
Budəfəki qətnamənin də Avropa Parlamentində əlaqədar qrupların işinin nəticəsi olduğuna heç bir şübhə yoxdur. Qətnamə layihəsinin müzakirəsində iştirak və çıxış etmiş deputatların siyahısı öz-özlüyündə hər şeyi deyir. Onlar Azərbaycan barədə əvvəlki qətnamələrin hazırlanmasında və qəbul olunmasında fəal iştirak etmiş şəxslərdir.
- Həmin qətnamə “növbədənkənar debatlar” çərçivəsində qəbul edilib. Necə düşünürsünüz, belə bir tələskənliyin səbəbi nədir?
- Avropa Parlamenti deputatlarının şövqlə müdafiə etdikləri İlqar Məmmədov bu il fevralın əvvəlində həbs edilib. Bu təşkilatın sessiyalarının hər ay keçirildiyini nəzərə alsaq, Avropa Parlamenti üzvlərinin bu məsələnin “təcili” xarakter daşıdığını dərk etməsi üçün 4 aydan da çox vaxt lazım gəlib. Bununla yanaşı, bu məsələni yalnız 32 deputat “vacib və təcili” hesab edib. Yəni iclasda iştirak edənlərin sayı bu qədərdir. Halbuki Avropa Parlamentinin 754 üzvü var və haqqında söhbət gedən qətnamə vur-tut 5 faizin iradəsini əks etdirir. Müqayisə üçün qeyd edim ki, elə həmin sessiyada bundan əvvəlki digər məsələlərin hər birinin müzakirəsində təxminən 600 deputat iştirak edib.
Avropa Parlamentində insan hüquqları ilə bağlı “təcili məsələlərin” müzakirəsi prosesinin özü, yumşaq deyilərsə, təəccüb doğurur. Qətnamənin müzakirəsi, daha doğrusu, əvvəlcədən hazırlanmış mətnlərin başdansovdu oxunması yarım saatdan da az vaxt apardı. Bir daha xatırlatmaq istəyirəm ki, söhbət guya “təcili və vacib” məsələdən gedir. Bu zaman barəsində qətnamə qəbul edilən ölkənin öz mövqeyini ifadə etməsi üçün də heç bir imkanı olmur. Belə bir vəziyyətdə avropalı deputatların məsələyə obyektiv və hərtərəfli yanaşmasından danışmaq mümkünsüzdür. “Gərgin fəaliyyətin” bu cür imitasiyası yalnız daha bir uydurma sənədin qəbul edilməsi ilə nəticələnə bilərdi və qeyd olunan qətnamə də məhz belə bir sənəddir.
Şübhə yoxdur ki, belə tələskənlik yalnız bir amillə bağlı idi - deputatlar hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində İlqar Məmmədovun şikayətinə baxıldığını bildikləri üçün qətnaməni qəbul etməyə tələsirdilər. Bu qətnamə Avropa Məhkəməsinə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil.
Bununla yanaşı, qətnamənin lehinə çıxış edən bir sıra deputatlar müzakirə edilən məsələdən xəbərsiz olduqlarını nümayiş etdirdilər. Məsələn, deputatlardan biri öz çıxışında qəzəblə iddia edirdi ki, İlqar Məmmədov “dinc etiraz aksiyasında iştirakına görə həbs edilib, əslində isə o, aksiyada iştirak etməyib”. Göründüyü kimi, deputat dəstəklədiyi qətnamə layihəsi ilə tanış olmağı belə, lazım bilməyib. Halbuki qətnamədə dinc aksiyadan heç bir söhbət getmir.
İlqar Məmmədova qarşı kütləvi iğtişaşların təşkilinə və hakimiyyət nümayəndələrinə onların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməyə görə ittiham irəli sürülmüşdür. Xatırlatmaq istəyirəm ki, yanvarın sonunda İsmayıllı şəhərində keçirilmiş dırnaqarası “dinc aksiyalar” zamanı iştirakçılar binanı və bir neçə avtomobili yandırmışdılar.
Qətnamənin qəbul edilməsinin təşəbbüskarları baş vermiş iğtişaşlar barədə kifayət qədər məlumata malik olmamaqla yanaşı, bir sıra faktları qəsdən təhrif ediblər. Belə ki, qəbul edilmiş sənəddə İlqar Məmmədovun müxalifət partiyasının lideri olduğu qeyd edilir. Əslində isə onun başçılıq etdiyi hərəkat nəinki siyasi partiya deyil, hətta Azərbaycanın siyasi məkanında hər hansı ciddi çəkiyə malik deyil.
Qətnamənin müəllifləri daha sonra qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəddir. Bu da ağ yalandır. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş namizədlərin qeydiyyatı prosesi hələ başlamayıb. Belə olan halda İlqar Məmmədovun rəsmi namizədlik statusu necə ola bilər? Digər tərəfdən, onun və ya başçılıq etdiyi hərəkatın seçkilərdə iştirak etmək niyyəti heç də qeyri-qanuni hərəkət “indulgensiya”sı deyil və İ.Məmmədovu qanun qarşısında məsuliyyətdən azad etmir.
- Qətnamədə bildirilir ki, İlqar Məmmədov təkcə REAL hərəkatının lideri deyil, həm də Bakı şəhərində fəaliyyət göstərən Avropa Şurasının Siyasi Araşdırmalar Məktəbinin direktorudur. Bu məktəbin statusu, yaxud fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Aydındır ki, qətnamədə bu qurumun adının hallandırılması sadəcə sənədin “çəkisi”ni artırmaq üçündür. Sualın cavabına gəlincə, Siyasi Araşdırmalar Məktəbinin hansı statusa malik olduğu bəlli deyil - Avropa Şurası və Azərbaycan hökuməti arasında məktəbin fəaliyyətinə dair heç bir razılaşma yoxdur. Bu məktəb dövlət qeydiyyatından keçməyib, heç bir hesabat, o cümlədən maliyyə hesabatı vermir və onun haradan maliyyələşdirildiyi məlum deyil. Buna görə də mövcud olmayan bir məktəbin adının çəkilməsi, sadəcə olaraq, nüfuzlu beynəlxalq təşkilatın adı arxasında gizlənmək niyyətindən başqa bir şey deyil. Bu, eyni zamanda qəbul edilmiş sənədin qərəzli olduğunun və sifarişlə hazırlandığının daha bir sübutudur.
Bütün bunlardan əlavə, sənəddə iddia edilir ki, İlqar Məmmədov qeyri-qanuni olaraq həbsdə saxlanılır. Üstəlik, heç bir əsası olmayan bu birtərəfli və təhrif olunmuş iddialar məsələdən, demək olar ki, xəbəri olmayan deputatlar tərəfindən irəli sürülür. Halbuki nə cinayət işi üzrə istintaq, nə də müvafiq şikayətə Avropa Məhkəməsi tərəfindən baxılması prosesi hələ başa çatmayıb. Buna görə də sənəd müəlliflərinin gəldikləri nəticələr ən azından erkən və əsassızdır.
Ümumiyyətlə, Avropa Parlamentinin qətnaməsinin “İlqar Məmmədovun işi” adlandırılmasına baxmayaraq, mətnin böyük bir hissəsinin bu işlə heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, sənədin nəticə hissəsinin 17 bəndindən yalnız birində İlqar Məmmədovdan bəhs olunur. Digərləri isə belə çıxır ki, sənədin “həcmini artırmaq” üçündür.
-Avropa Parlamentinin qəbul etdiyi qətnamə hansı nəticələr doğura bilər?
- Avropa İttifaqının üzvü olmayan ölkə ilə bağlı qəbul edilmiş mənasız və hüquqi cəhətdən heç bir təsir gücünə malik olmayan sənəd hansı nəticələr doğura bilər? Avropa Parlamenti deputatlarının əksəriyyətinin istirahətə getdikləri bir vaxtda oynanılan bu “demaqogiya məşğələsi” yalnız bu təşkilatın öz nüfuzuna xələl gətirə bilər. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə əsla xidmət etməyən bir sənəddir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info