Terrorun, kriminalın, təxribatın yanında duran müxalifət
Tarix: 17.07.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Azərbaycan cəmiyyəti son informasiya savaşında müxalifətə dəstək vermədi

Son günlər Gəncədə baş verən arzuolunmaz hadisələrlə bağlı Azərbaycan cəmiyyətində narahatlıq yaransa da, hökumət bu narahatlıqlara son qoyaraq ictimai asayişin qorunmasının daim diqqətdə olduğunu bildirdi. Həmçinin istər daxili destruktiv və radikal qüvvələr, istərsə də xarici qüvvələrin pozucu, terror təhdidlərinin daim cavabının veriləcəyini qətiyyətlə nümayiş etdirdi. Elə ictimaiyyət nümayəndələri də proseslərə müdrikcəsinə yanaşaraq, öz dövlətinin, hökumətinin yanında olduğunu bir daha göstərmiş oldu. Amma bu işdə dividend qazanmaq istəyən siyasi qüvvələr, siyasətə dəxli olmayan fürsətçil, özünü yeni müxalif qüvvələr adlandıran söyüşcül qruplar da oldu. Təəssüf ki, bu qruplar və siyasətçilər 90-cı illərin əvvəllərində hakimiyyətdə olmuş və ölkəni xaosa sürükləmiş siyasətçilərdən zərrə qədər də fərqlənmədiklərini göstərdilər. Fərqi yoxdur, məmur, ya sadə vətəndaş, istənilən insana qarşı güc tətbiq edilməsi, hətta onun öldürülməsinə cəhd daim pislənilməlidir. Bunu nə siyasət, nə hüquq, nə də din qəbul edir. Amma bizim müxalif qüvvələr bu cür əməli nəinki təqdir etdilər, hətta bu olayın üstündən bir həftədən çox vaxt keçsə də, hələ də proseslərə min cür don geyindirərək, insanları dolayısı ilə belə mübarizəni davam etdirməyə səsləyirlər.
Fürsətçillərdən söz düşmüşkən, Orduxan Bəbirxan adlı “iaşə müxalifətinin” nümayəndəsi sosial şəbəkələr üzərindən etdiyi son paylaşımında insanları çaşdırmaq üçün yeni metoda əl ataraq, Gəncədə bir kəndin adını çəkib ki, guya, İcra Hakimiyyətinin önünə toplaşan radikallar məhz həmin kəndin nümayəndələri olublar. Haradandır bu məlumat? Ümumiyyətlə, Avropada oturub, oradan “ağzı isti yerdə” ola-ola, belə anormal şayiələr yaymaq nəyə xidmət edir, axı? Proseslər bəllidir-həbs edilməli olanların çoxu saxlanılıb, müqavimət göstərən isə əlində qumbara olduğuna görə məhv edilib. İndi qalıb onların qanun qarşısında cavab verməsi. Amma prosesləri saqqız kimi uzadıb, fərqli yönlərə çəkmək istəyən bu “iaşə müxalifəti” hələ də xalqın onlara bu yalanlarına görə nifrət etdiyini anlamaq istəmir.
Digər tərəfdən Əli Kərimlinin “vuran əli” olan Qənimət Zahid də məsələyə fərqli donlar geyindirməyə çalışıb. O da özünün son verilişində gah nala, gah da mıxa vuraraq, guya, cinayət hadisəsinin təfərrüatları haqqında özəl bilgilərə malik olduğunu deyib. Verilişdə ara-sıra belə kriminal əməllərə dolayısı ilə haqq qazandırdığını göstərən Qənimət Zahidə “radikal düşüncəli şəxs” deyəndə acığına gedir. Radikallıq başqa necə olur? Olmazdımı ki, bir dəfə də dövlətin yanında olasınız? Əlbəttə, nə ənənəvi müxalifət, nə də xaricdə yaşayan mühacirlər dəstəsi heç vaxt haqqın, ədalətin, öz dövlətinin yanında olmazlar. Bu, onların ağalarına da sərf etməz, axı. Necə olar ki, həm Azərbaycana qarşı sosial şəbəkələr üzərindən “hücum” əmri verəsən, həm də görəsən ki, hücum edənlər sənin əmrinlə bərabər xalqın narahatlığına səbəb olan terroru da lənətləyir? Çoxdandır heç öz tərəfdaşlarının da yanında hörməti qalmayan Rəsul Quliyevin də səsi çıxmırdı. Təbii ki, o öz ampluasındadır və özünəməxsus tərzdə Gəncə olaylarına şərh verərək, sosial şəbəkə istifadəçilərinin fikrini reallıqdan yayındırmağa çalışdı. Onun da statuslarında yalnız və yalnız hakimiyyət, dövlət əleyhinə arqumentsiz, mənasız tənqidlər yağdı, kriminal hadisələrin labüd olmasını deməklə, elə kriminal aləmin nümayəndələrinə, radikallara dəstək göstərildi.
Hər dəfə ölkədə nə isə bir ciddi hadisə baş verəndə və ictimaiyyət bu hadisəni düzgün analiz edib günahkarları qınayanda, müxalif düşərgə xalqın, ictimaiyyətin tərəfində olmur, ancaq və ancaq hakimiyyət tənqid olsun deyə, fərqli münasibət sərgiləyir... Bir daha qeyd edirik ki, Gəncənin icra başçısının həyatına sui-qəsd törədən Yunis Səfərovun xaricdən təlimatlanması ehtimalı olsa da, müxalifət terroristi, az qala, qəhrəman kimi xalqa tanıtmağa çalışdı. Hansı ki, bu adam haqqında təkcə bir faktı deyək ki, o əvvəllər hazırda İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilibmiş. Dövlətinizin yanında olmaq əvəzinə , belə təhlükəli fiqurları dəstəkləməklə, doğrudanmı siz də ölkəni Suriyaya çevirməyə çalışırsınız? Axı niyə? Bu anormal dəstək, anormal mövqe, nifrət və öz dövlətçiliyinə, xalqına qarşı aqressiya haradan yarandı? Belə çıxır ki, sabah ölkədə başqa faciə olsa, startda dayanıb, həmin faciənin daha da dərinləşməsinə töhfə verməyə hazırsınız? Təəssüf, son fəaliyyətləriniz bunu göstərdi ki, siz sosial şəbəkələr üzərindən ictimai fikrə mənfi yöndən təsir etməklə, hər cür oyunlara getməyə və insanlarda çaşqınlıq yaratmaqla, ölkəni qarışdırmaya çəkməyə tam hazır vəziyyətdəsiniz! Amma təxribatlarınız da cavabsız qalmır və qalmayacaq da... Bir neçə gün öncə Baş Prokurorluq Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törədilmiş cinayət hadisəsi ilə əlaqədar bəzi saytlarda və sosial şəbəkələrdə təxribat xarakterli çağırışlarla bağlı cinayət işlərinin başlanılmasına dair məlumat yayanda, bu adamların dalağı sancdı ki, onlar İnterpolun xətti ilə axtarışa verilə bilərlər . Axı onlar tərəfindən ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləmək, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək, terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilirdi. Qarşılığında isə bəzi profillər vasitəsilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşım və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlandı. Həmçinin sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək, hakimiyyətin zorla ələ keçirilməsinə və Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlandı. Bu addımlar geniş kütlələr tərəfindən özünə dəstək qazandı. Hətta bir çox ictimaiyyət nümayəndələri sabitliyin pozulmasına gətirib çıxara biləcək hərəkətlərə qarşı qanunların daha da sərtləşdirilməsini təklif etdilər. Bu o deməkdir ki, cəmiyyətimiz ayıqdır və bu cür hallara qarşı immuniteti güclüdür. Azərbaycan cəmiyyəti son informasiya savaşında müxalifətə dəstək vermədi.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info