Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizi icra edilib
Tarix: 18.07.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Vüsal Qasımlı: “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb”
“Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib.” Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında bildirib. V.Qasımlı deyib: "Bütün Strateji Yol xəritələri üzrə icra səviyyəsi bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar kursu 2017-ci ildə də uğurla davam edib. Prezident İlham Əliyev 2017-ci ili dərin və sistemli islahatlar ili adlandırıb. 2017-ci ilin sabitləşdirmə və 2018-ci ilin isə iqtisadi inkişaf ili olmasında Prezidentin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol xəritələrinin xüsusi rolu olub". "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Vüsal Qasımlı qeyd edib ki, bu xəritə üzrə ümumi icra səviyyəsi 92 faizdir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib. 2017-ci il ərzində Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol xəritəsinin ilk hədəfi - Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi üzrə tam icra 67 faiz, qismən icra 25 faiz olunub, cəmi 8 faiz tədbir icra edilməyib. Bu istiqamətdə makroiqtisadi koordinasiyanın təmin edilməsi, "Qızıl qayda" prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi, yeni alternativ lövbərin hədəflənməsi, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi, banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilib və ilin yekunu üzrə bu proqrama əməl edilib. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində ikinci hədəf - Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə icra səviyyəsi belədir: 71 faiz tam icra və 29 faiz qismən icra. Diqqətə çatdırılıb ki, dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı" yenilənib. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və onlardan 13-ü özəlləşdirilib. Özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərə dair vahid məlumat bazası, "Özəlləşdirmə Portalı" və 2018-ci il üzrə "Özəlləşdirmə Gündəliyi" hazırlanıb. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən, prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılıb və potensial inkişaf istiqamətləri təhlil edilib. Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan İnvestisiya Proqramı (biznes-planın) icra olunması tələb olunacaq.
İcraçı direktor deyib ki, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində üçüncü hədəf - İnsan kapitalının inkişaf etdirilməsi üzrə icra səviyyəsi 100 faiz olub. 2017-ci ildə "Məktəbəqədər təhsil haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul olunub, "Ümumi təhsildə keyfiyyət ili" elan edilib, müəllimlərin diaqnostik qiymətləndirilməsi davam etdirilib, "Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları" təsdiq edilib və təşkil olunan müsabiqə nəticəsində 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Habelə "Peşə təhsili haqqında" qanun layihəsi işlənib hazırlanıb, "Ali təhsil müəssisələrinə tədqiqat universiteti statusunun verilməsinə dair Tələblər" təsdiq edilib və "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi" keçirilib. Ölkədə innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilməklə, Azərbaycan Respublikasının milli innovasiya sisteminin formalaşması və inkişafına dair proqramın layihəsi hazırlanıb.
Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində dördüncü hədəf - əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə 2017-ci ildə nəzərdə tutulan hissənin 94 faizinin icrası tamamlanıb, 6 faizi qismən icra edilib. Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu tədbirlər planı çərçivəsində beş mötəbər beynəlxalq hesabat üzrə 18 istiqamətdə biznes mühitinin əlverişliliyinin artırılması üçün fəaliyyətlər həyata keçirilir. 2017-ci ildə səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində “DATA analizi", "Açıq hökumət məlumatlarından istifadə edilməsi" və "Elektron hökumət həlləri" kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, "Dünya Bankı"nın "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik" prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik" prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları"ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. Ötən il oktyabrın 31-də Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb.
V.Qasımlı onu da qeyd edib ki, Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin ictimaiyyətə təqdim edilməsi açıq hökumət, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq meyarlarına uyğundur: "Beləliklə, iqtisadi islahatların nəticələrinin açıq ictimai müzakirəsi aparılır ki, bu da bütün maraqlı tərəflərin rəy və təkliflərinin qərarların qəbulu prosesində nəzərə alınmasına zəmindir. Prezident İlham Əliyevin rəhbərliyi altında Strateji Yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir".
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info