Müxalifətin sözü bitib, danışmağa, hansısa siyasi debatlarda ortalığa ciddi tənqidi arqumentlər qoymağa faktları, mövzuları da yoxdur.
Hətta iş o yerə çatıb ki, müxalif qüvvələr öz ixtiyarlarında olan səhifələr vasitəsilə sosial şəbəkələrdə 90-cı illərə aid məsələləri bir daha gündəmə daşımağa çalışırlar.
4 iyun hadisələri-Surət Hüseynovla bağlı məlum olaylar haqqında nə qədər eşitmək, oxumaq olar, axı? O olaylarla bağlı həbs edilən edildi, dövlətçiliyə qarşı çıxanlar cəzalarını aldılar, tarix də hər şeyə öz dəyərində qiymət verdi. Məgər müxalifət özü bilmirmi ki, həmin hadisələr necə baş vermişdi və xalq o proseslərə necə qiymət verdi? Bilir, hakimiyyət iddiasında olan bu siyasətbazlar özləri də çox gözəl anlayırlar ki, indi bu prosesləri qurdalayıb gündəmə daşımaq özlərindən başqa, heç kimin marağında deyil. Xalq o zaman sizi izləyib fəaliyyətinizdə maraqlı olar ki, ortaya düz-əməlli siyasi konsepsiyalar qoyasınız, xüsusi proqramlar hazırlayıb cəmiyyətə təqdim edəsiniz. Amma görünən odur ki, başınız siyasi alverlərə qarışdığı üçün nə bu məsələlərə marağınız olmur, nə də ki, o savadda, ağılda deyilsiniz. Hətta ilin-günün bu vaxtı mərhum jurnalist Elmar Hüseynovun qətlini də gündəmə daşımağa çalışanlar var. Bu olayla bağlı da hər şey göz önündədir, axı. Doğrudan da, bu adamların sözləri bitib, bilmirlər nə danışırlar, ya da ki, bilərəkdən bu prosesləri yenidən gündəmə daşıyıb suyu bulandırmağa çalışırlar. Əslində, 90-cı illərdə olan və daha sonra baş verən bəzi siyasi proseslərin tez-tez müzakirəyə çıxarılması heç müxalifətin də marağında olmamalıdır. Çünki hər dəfə bu hadisələr debatlara, saytlara çıxarılanda mütləq müxalif düşərgədə ikitirəlik yaranır, iki bir-birini ittiham edən tərəf arasında siyasi intriqalar daha da dərinləşir. Ümumiyyətlə, 90-cı illərin əvvəllərini Azərbaycan tarixində xaos dövrünə çevirən indiki müxalifət rəhbərlərinin bu mövzularla bağlı danışmağa haqqı olmamalıdır. Hər halda, bunu öz düşərgələrindən olan bəzi siyasətçilər də dəfələrlə qeyd ediblər.
Tural Tağıyev
|