Avropanın “Axilles dabanı”
Tarix: 19.06.2013 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


İkinci Dünya müharibəsi Avropa həyatında dönüş nöqtəsi yaratdı: bir-birini qıran, bütün dünyanı da qana bulayan və nəticədə, yenə də Qərb sivilizasiyasının planetar dominantlığına yeni mərhələ açan Avropa, nəhayət, birləşməkdən başqa çarəsinin qalmadığını anladı.
Bu zərurət pillə-pillə Avropa İttifaqını ərsəyə gətirdi. Avropa İttifaqı isə ümumən bəşəriyyətin həyatında tərəqqi yaradan yeni bir epoxanın əsasını qoymuş oldu. Bütün dünyada demokratiya hərəkatı gücləndi, insan azadlığı və dövlət suverenliyi idealları öz təntənəsinə çatdı. Sovet İttifaqının yıxıldığı və yeni müstəqil dövlətlərin yarandığı illərdə də Avropa İttifaqı dövlətləri inkişaf etmək və dəyişilmək istəyən dünyaya bir örnək rolunu oynayırdı. Xüsusilə Rusiyanın caynağından qopan gənc suveren respublikaların liderləri güclü bir dayaq kimi “Avropaya inteqrasiya” zərurətini dönə-dönə dilə gətirirdilər. Qərb sivilizasiyasının Avropa məkanı-köhnəliyə qarşı yenilik, mütləqiyyətə qarşı demokratiya, cəhalətə qarşı maarifçilik, apatiyaya qarşı mübarizlik, diskriminasiyaya qarşı bərabərlik, sosial-siyasi dayanıqsızlığa qarşı sabit inkişaf alternativləri ilə mütərəqqi bir platformanı təmsil edirdi. Avropa İttifaqının Şərqə doğru genişlənməsi romantika qarışıq çılğın optimizmlə müşayiət olunurdu və bu prosesi dəstəkləyən qüvvələrin həmrəy hərəkatı formalaşırdı. Avropa quruculuğunun təqribən yarım əsrlik tarixində təşəkkül tapmış Avropa dəyərlərinə bütün dünyada gerçək əsası olan bir etimad yaranmışdı.

Yaşadığımız tarixi zamanda da həmin dəyərlərin üstünlükləri birmənalı olaraq təsdiq edilir və bu dəyərlər kompleksi təkcə avropalıların deyil, artıq bütün bəşəriyyətin sərvəti sayılır. Avropa dəyərlərinin həm avropalıların özləri üçün, həm də bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən təməl prinsipləri bunlardır:
1. Humanist düşüncə (İnsanın-bütün varlığın mərkəzinə qoyulması);
2. Rasionallıq (Zəkanın-bütün qərarların əsasında görülməsi);
3. Dünyəvilik (Din və siyasətin ayrılığı);
4. Qanunla idarəetmə (Dünyəvi qanunlar və konstitusiya vasitəsilə ədalətə təminat);
5. Demokratiya (Xalq tərəfindən hakimiyyətin bütün səviyyələrində onun nümayəndələrinin dövri olaraq seçilməsi);
6. İnsan hüquqları (Xalq tərəfindən xalq üçün universal qanunların qəbul edilməsi).
Avropada sosial-siyasi mədəniyyətin çoxəsrlik inkişafının bəhrəsi olaraq formalaşmış, son yüzilliyin gərgin fikir axtarışlarında, polemikalarında modelləşmiş və cəmiyyətin gerçək praktikasında sınaqdan çıxmış, biri digərini tamamlayan bu prinsiplər mütərəqqi Avropa dövlətlərini “Avropa Evi” ideyasında birləşdirərək, həm onların müstəqilliyinin, həm də müttəfiqliyinin özülünü təşkil edib. Təkcə Avropanın deyil, dünyanın bir çox demokratik dövlətlərinin (eyni zamanda Azərbaycanın) konstitusiyalarında bu və ya digər formada təsbit olunan bu müddəalar Qərb sivilizasiyasının rasional dəyərləri olaraq universal keyfiyyətləri ilə müasir konstitusionalizm mədəniyyətinin inkişafına öz töhfəsini verib.
Modernləşmə və tərəqqi amilini özünün prioritetləri səviyyəsinə qaldıran Avropa İttifaqı dövlətləri daxili inteqrasiyanın bütün imkanlarını səfərbər edərək birlikdə dünyanın aparıcı siyasi-iqtisadi qüdrətinə çevrilə biliblər. Hazırda Avropa İttifaqı ərazisinə görə dünyada yeddinci (4 324 782 kv. km), əhalisinə görə üçüncü (501 064 211 nəfər), ümumdaxili məhsulun həcminə (17,577 trilyon) görə isə birincidir. Dünya iqtisadiyyatının təqribən beşdə birinə sahib olan Avropa İttifaqı bu iqtisadiyyatın bütün şəbəkələri üzrə qırılmaz tellərlə bir-birinə bağlıdır. “Avropa standartları” bütün dünyada yüksək keyfiyyət göstəricisinin sinonimidir. Ən çox inkişaf etmiş Avropa dövlətləri müasir texnologiyaların yaradılması və tətbiqinin, yüksək həyat səviyyəsini təmin edən sosial siyasətin həyata keçirilməsinin geniş praktikasına malikdir. Avropa dövlətlərində yüksək işgüzar mühit mövcuddur. Avropa İttifaqı qanunları çərçivəsində həm bu ölkələrin vətəndaşlarının, həm də xarici dövlətlərin, investorların və sahibkarların buradakı bazar iqtisadiyyatının orbitinə daxil olaraq, müvafiq biznes fəaliyyətləri ilə məşğul olması üçün də geniş imkanlar vardır. Burada xüsusi olaraq vurğulamalıyıq ki, ölkəmizin dünyada əsas iqtisadi tərəfdaşı da məhz Avropa İttifaqıdır. Azərbaycan Respublikasının Prezidentinin çıxış və bəyanatlarında, dövlətimizin Milli Təhlükəsizlik Konsepsiyasında da Avropaya inteqrasiya siyasəti prioritet istiqamətlərdən biri kimi öz əksini tapır. Deməli, qarşılıqlı şəkildə həm Avropa İttifaqı, həm də Azərbaycan daxil olduqları regionda sülh və sabitliyin bərqərar olmasının ciddi marağındadırlar. Avropa İttifaqı Azərbaycanda, Azərbaycan isə Avropa İttifaqında cərəyan edən prosesləri diqqətlə izləyir və adekvat addımlar atırlar. Dünya birliyinə qlobal inteqrasiyanın ümumi tendensiyasında Avropa İttifaqı və Azərbaycan bir-birinin inkişafına lazım olan dəstəyi verir və siyasi-iqtisadi layihələrin birgə həyata keçirilməsində əməkdaşlıq edirlər.
Əlbəttə, Avropa İttifaqının müəyyən strukturlarının Azərbaycana münasibətində bir sıra qərəzli və ziddiyyətli məqamların olduğu da danılmazdır. Bəzən demokratiya tələbləri örtüyündə verilən subyektiv bəyanatların ölkəmizin daxili işlərinə qarışmaq və ya neft-qaz layihələrində birtərəfli qaydada öz maraqlarını təmin etmək, Azərbaycanın müstəqil iqtisadi siyasətinə təsir etmək anlamına gələn cəhdlərlə, hətta təzyiq kampaniyaları ilə müşayiət olunması da real faktlardır və yolverilməzdir.
Avropanın imperialist keçmişindən miras qalan bəzi texnologiyaların bu gün onun mahiyyətcə mütərəqqi siyasətinin içinə yeriməsi və burada paternalist münasibətə motivasiya yaratması hamıdan çox elə Avropa İttifaqı dövlətlərinin ziyanınadır. Qərb sivilizasiyasına mənsub qüdrətli dövlətlərin dominantlıq iddialı paternalist siyasətinin müasir dünya ölkələri tərəfindən gözübağlı şəkildə qəbul edilməsi isə mümkünsüzdür. Bu, bütün aspektləri ilə beynəlxalq arenada qlobal əməkdaşlıq münasibətlərinə yalnız gərginlik gətirir, arzuolunmaz dezinteqrasiyanı gücləndirir. Etiraf edilməlidir ki, əslində, dünya böhranının köklərində beynəlxalq sistemin ümumi inkişaf qanunauyğunluqlarını pozan güclü dövlətlərin digər dövlətləri özündən asılı vəziyyətə salmağa yönələn təhdid siyasətinin yeridilməsi dayanır. Təhdid siyasəti, təbii ki, inkar siyasəti ilə toqquşur. Nəticədə, beynəlxalq gərginliyi artıran və hətta konfliktləri stimullaşdıran situasiya yaranır.
Bu gün Avropa öz dəyərlərinin qorunmasında, xüsusilə humanizm etikasına sədaqətdə kifayət qədər etinasızlıq, qeyri-həssaslıq və hətta prinsipsizlik nümayiş etdirir. Bəlkə də İkinci Dünya müharibəsindən sonra Qərb sivilizasiyasında mənəvi-əxlaqi böhran heç zaman bugünkü qədər dərinləşməyib və onun təsirləri ictimai-siyasi həyatı bu qədər geniş bürüməyib. Bu gün birmənalı şəkildə etiraf edilməlidir ki, Qərb özünün yaratdığı böhranın içində, bir çaşqınlıq məngənəsindədir. İş o yerə çatıb ki, hətta Avropa liderlərinin özlərində də dünyada baş verən qlobal böhran dalğasında Avropa İttifaqının əsaslarının o qədər də möhkəm olmadığı şübhələri yaranıb. Nə baş verib, görəsən?! Avropanın kardinal siyasətində hansı “sızmalara” yol verilib ki, daim tərəqqi tendensiyasında irəliləyən möhtəşəm birlik tədricən tənəzzül girdabına sürüklənir?!
Proseslərin analitik təhlili göstərir ki, bu gün Avropa məkanında hökm sürən böhran iqtisadiyyatın bütün spektrlərində geriləmə, dövlət borcunun ümumdaxili məhsula nisbətdə xeyli yüksəlməsi və nəticə etibarilə sərt büdcə qənaəti tədbirləri ilə müşayiət olunur. İlk baxışdan getdikcə sərhədləri genişlənməkdə olan həmin böhranın kökündə yalnız iqtisadi səbəblərin dayandığı təəssüratı yaranır. Əlbəttə, 2007-ci ildən etibarən qlobal maliyyə böhranının regiona təsiri, Avropa İttifaqına daxil olan ölkələrin iqtisadiyyatları arasında kəskin fərqlərin mövcudluğu, vahid iqtisadi tənzimləmənin həyata keçirilməməsi böhranın dərinləşməsinə şərait yaradan iqtisadi səbəblərdəndir. Lakin böhranın dərin qatlarında dayanan ciddi siyasi səbəblər də mövcuddur ki, onların üzərindən səthi keçmək mümkün deyil. İqtisadi idarəetmə modelinin təkmil formaları ilə digər ölkələrə nümunə olan, balanslaşdırılmış iqtisadi siyasət aparılmasının vacibliyini hər addımbaşı vurğulayan və dünya miqyasında iqtisadi geriləmənin qarşısının alınmasına, yeni iqtisadi islahatların keçirilməsinə dair çoxcildli tövsiyələr hazırlayan Avropa İttifaqının özünü çulğayan böhran prosesləri həmin dərin qatlardakı siyasi səbəblərə diqqət yetirməyi tələb edir. Bu gün böhran məngənəsində sıxılan Yunanıstan, İspaniya, İtaliya, Portuqaliya kimi dövlətlərin böhrandan əvvəlki və böhran dövründəki siyasi mühitinə nəzər saldıqda, bir çox “qaranlıq” mətləblərə aydınlıq gətirmək mümkün olur. Belə ki, son iki onillikdə bu ölkələrdə hakimiyyətə gələn siyasi qüvvələr tərəfindən ölkə əhəmiyyətli problemlərin həllinə kompleks və sistemli yanaşmaq əvəzinə, tamamilə əksinə olaraq “parlaq sosial rifah”, “yüksək təminatlı həyat” vədləri ilə ötəri siyasi dividendlər əldə etməyə yönəlmiş siyasətin ön plana keçdiyinin şahidi oluruq. Həmin siyasi qüvvələrin mövcud problemlərin köklü şəkildə həllini nəzərdə tutan praqmatik proqramlarla çıxış etmək əvəzinə, siyasi rəqabət meydanında öz sosial dayaqlarını möhkəmləndirmək, seçkilərdə daha çox səs qazanmaq naminə gerçəkliyi əks etdirməyən bu cür vədlər vermələri seçki sonrası mühitin bir az da mürəkkəbləşməsinə, sosial-siyasi iddialarla real iqtisadi-maliyyə vəziyyətinin kontrastına gətirib çıxaran faktorlar kimi çıxış edir. Belə məsuliyyətsiz vədlər və bəyanatlar səpələyən siyasi qüvvələr hakimiyyətə gəldikdən sonra verdikləri “sözün” üstündə dayanmaq üçün canfəşanlıq göstərərək, daha çox büdcə vəsaitləri tələb edən siyasət kursunu yeritməyə məcbur və məhkum olurlar. Lakin bir çox hallarda “sosial vədlər” kursu ölkənin mövcud maliyyə imkanları və iqtisadi inkişaf tempi ilə qeyri-mütənasiblik təşkil edir. Bununla da, ölkə xarici borclanmanı daxili maliyyə ehtiyaclarının ödənilməsi üçün yeganə vasitə kimi görür. Bu ziddiyyətli proses iqtisadi böhranın dərinləşməsinə və kütləvi etirazlarla müşayiət olunan xaotik hadisələrin növbəti mərhələdə qeyri-sabitliyə, hətta inqilabi çevrilişləri xatırladan siyasi böhran fazasına keçməsinə səbəb olur. Bu gün Yunanıstan, İtaliya kimi dövlətlərdə tez-tez müşahidə olunan hökumət dəyişiklikləri məhz həmin siyasi böhranın simptomlarıdır.
Belə bir böhran şəraitində ittifaqdaxili münasibətlərin real vəziyyəti də narahatlıq doğurur. Belə ki, iqtisadi geriləmənin və gərginliyin azaldılması istiqamətində Avropa İttifaqının aparıcı dövlətlərinin böhran içərisində çabalayan digər üzv dövlətlərə zəruri yardım etməyə ciddi meyil göstərməməsi, ən pisi isə bu lokal böhranlarla manipulyasiya etməsi, ümumiyyətlə, Avropanın şimalının cənubuna kifayət qədər “soyuqqanlı” yanaşması və indeferent münasibəti bu proseslərin gedişində açıq-aydın sezilir. Bu tendensiyanın yaranma səbəblərindən biri də məhz Almaniya, Fransa, Böyük Britaniya kimi özünü “Avropanın özəyi” sayan dövlətlərin daxili siyasət və sabitlik faktorunu ümumavropa dəyərlərindən üstün tutmasıdır (özü də bunu heç gizlətmədən!). Belə bir ağır məqamda ittifaq dövlətlərinin vahid mövqe və vahid siyasət ortaya qoya bilməməsi və böhranın spontan olaraq cənubdan şimala doğru genişlənməsi prosesinə çarə tapmaması nəinki Avropa İttifaqının təməl prinsipləri ilə ziddiyyət təşkil edir, hətta bütövlükdə onun təhlükəsizliyini sual altına qoyur.
Artıq bu gün Avropanın əksər ölkələrində vətəndaşla hökumət arasında inamsızlıq mühiti formalaşıb. Mövcud iqtisadi problemlərin həllinin yeganə yolu kimi görünən sərt büdcə qənaəti tədbirlərinin cəmiyyət tərəfindən kütləvi narazılıqla qarşılanması, yağlı vədlər verərək hakimiyyətə gəlməyi adət halına gətirmiş siyasi dairələrin hakimiyyətə yiyələnən kimi sərt iqtisadi siyasət kursuna keçməsi-iş yerlərinin kütləvi ixtisarı, sərt qənaət tədbirləri, vergi dərəcələrinin kəskin artımı ilə müşayiət olunan siyasət yürütmələri bu inamsızlığı daha da dərinləşdirən amillər kimi görünməkdədir.
Bununla bərabər, Avropada iqtisadi böhran formasında təzahür edən neqativ proseslər, böhran arealının getdikcə genişlənməsi region üçün daha ciddi nəticələr doğura biləcək təhlükəli bir tendensiyanın başlanğıc nöqtəsinə gəlib. Bu gün Avropa İttifaqındakı böhran artıq yeni dünya münasibətlərinin alternativsiz inteqrasiya modeli kimi qəbul edilən ittifaqın özünün təməl sütunlarını da kövrəkləşdirməkdə və laxlatmaqdadır. Bir zamanlar Avropa məkanında iqtisadi-siyasi birliyin təşəbbüskarları kimi çıxış edən dövlətlər tərəfindən ittifaqı tərk etmək barədə çağırışların səslənməsi, hətta Böyük Britaniyanın hakim partiyası tərəfindən ittifaqın tərkibində qalıb-qalmamaq barədə 2015-ci ildə referendum keçirilməsi ideyası bu inteqrasiya modelini əsl təhlükə ilə üz-üzə qoyub. Deməli, Avropa İttifaqında hələlik daha çox siyasi determinantlarla xarakterizə olunan iqtisadi böhran və bu kontekstdə artan gərginliklər ümumavropa birliyi modelinin parçalanma və ya əksinə, daha sıx inteqrasiya yolayrıcında hansı istiqamətdə irəliləyəcəyini aydın şəkildə göstərəcək önəmli bir sınaqdır. Bütün hallarda, Avropada siyasi hakimiyyətlərin öz xalqını aldatması anlamına gələn fəaliyyətləri, onların bəzi hallarda siyasi konyunktura uyğun olaraq Avropa İttifaqının dayaqlarını titrədən bəyanatlar verməsi, Avropa sivilizasiyasına xas olan “bərabərlik” idealları ilə öyünən dövlətlərin yenidən qeyri-bərabərlik durumuna yönəlməsi, hətta dezinteqrasiya meyillərinin proqnozlaşdırılması-bilavasitə Avropa dəyərlərinin lap içəridən “dəyərdən düşməsi”nə, bu dəyərlərə “içəridən” və “çöldən”-Avropanın özündən və beynəlxalq aləmdən aqnostik münasibətin formalaşmasına gətirib çıxaran əsas amillərdir.
Sosial-siyasi mədəniyyət sahəsində olduğu kimi, bədii-intellektual və dini mədəniyyət sferasında da Avropa sivilizasiyasının “dəyərsizləşmə böhranına” uğradığını görməmək mümkün deyil. Avropa incəsənətinin bir çox istiqamətlərində klassik mədəniyyət dəyərlərindən şüurlu şəkildə imtina edildiyi, modernist və post-modernist cərəyanlarda “bütpərəstliyin” daha da möhkəmlənməsi burada mədəni-estetik dəyərlərin insan mahiyyətindən, onun mənəvi zənginliklərini əks etdirən humanist mövqedən addım-addım uzaqlaşdığını göstərir. Avropa məkanında mədəniyyət münasibətlərinin özü də getdikcə daha çox “bazar” münasibətlərinə çevrilir. Əgər biz bu gün Qərb sivilizasiyası məkanında hansı elmi-kütləvi, bədii, publisistik əsərlərin, rəssamlıq, boyakarlıq, heykəltəraşlıq nümunələrinin daha çox satılması, hansı musiqiçilərin, aktyorların gündəmdə olması statistikasına nəzər yetirsək, dəhşətli bir “zövqsüzlük vakxanaliyası”nın şahidi olarıq.
Son yüzilliklərdə dünya elminin lokomotivi olan Avropada, xüsusilə humanitar mədəniyyət sahəsində hazırda acınacaqlı vəziyyət hökm sürür: burada fundamental elmi axtarışlar, demək olar ki, arxa plana keçib, Avropa alimləri daha çox “fraqmental məsələlər” üzərində, siyasi maraqlar üzərində “fokusa gətirilən xırdalıqlar” üzərində işləməyə üstünlük verməyə başlayıblar. Ədəbi-fəlsəfi düşüncə praktikasında strukturalist və post-strukturalist metodologiyalar daha effektli və konstruktiv yanaşmaları sıxışdırıb aradan çıxarır. Poetikadan dünyagörüşünə qədər bədii sənətin bütün sahələrində amorflaşma, montajlama, fraqmentarlıq və virtuallıq xassələri daha çox qabarır. Bütövlükdə, Qərb estetik mədəniyyətində “quru” publisistika-bədiiliyi, ekstravaqantlıq-təbiiliyi, informativlik-zənginliyi və çoxqatlılığı, kütləvilik-elitarlığı, detektiv macəraçılıq-dramatikliyi, disharmoniya isə harmoniyanı üstələyir. Yaradıcılıq təxəyyülü ilahi bir vergi, müstəsna bir qabiliyyət kimi getdikcə öz əhəmiyyətini itirir. Əvəzində populizm, formalizm kimi süni vasitələrilə diqqəti cəlbetmə canfəşanlığı “dəyər” ölçüləri alır. Məsələn, küçədə, camaatın gözü qarşısında fırçanı və rəngli boyanı əlinə alıb kətanın üzərinə kəskin hərəkətlə çiləyən adam-rəssam, onun sadəcə rəng qarışığı sıçradılmış “tablosu” isə sənət əsəri hesab edilir. Bədii sənətdə artıq insan qəlbinin çırpıntıları hiss olunmur. Bu gün dəyəri milyonlarla dollara çatan bir çox əsərlərin “top-reytinqinə” baxanda təkcə “zövqsüzlük vakxanaliyası”na deyil, həm də gündən-günə dərinləşən maliyyə böhranı şəraitində bu qədər pulların nəyə xərclənməsi kimi intəhasız bir israfçılığa mat qalmamaq mümkün deyil.
Avropa kütləvi mədəniyyətində “səthiləşmə” və “dayazlaşma” bu ölkələrdə keçirilən sorğularda da əyani şəkildə öz əksini tapır. Belə ki, əhali arasında siyasət, mədəniyyət, elm sahəsinin ciddi nümayəndələri deyil, məhz şou-biznes və ya idman dünyasının “liderləri” daha çox populyarlıq qazana bilir. Bəzən bu “sevimlilər” öz sənətlərində peşəkarları qabaqlayıb önə keçir, siyasi, mədəni həyatda elə özləri kimi təsadüfi, populist qərarları ilə mövcud sosial-siyasi sistemin meyar və parametrlərini dəyişirlər. Mənəviyyatın bu cür “dəyərsizləşmə effekti” ilə müşayiət olunan deqradasiyasına biganəlik isə həmin tendensiyanı gündən-günə dərinləşdirir.
Qərb sivilizasiyasını indiki duruma-mənəviyyat böhranına aparacaq “boşluğu” Avropa klassik mədəniyyətinin yaradıcıları-Fridrix Nitsşe, Osvald Şpenqler, Edmund Husserl, Jan-Pol Sartr, Alber Kamyu kimi intellektuallar elə zamanında bildirmişdilər. Varlığın maddi və mənəvi başlanğıcları arasındakı vəhdətin yaratdığı harmoniyanın pozulması, onlardan birinin mütləqləşdirilməsi, xüsusilə sosial-mədəni sistemin maddi əsaslarının mənəvi əsaslardan daha üstün tutulması bütövlükdə hər hansı bir sivilizasiyanın mahiyyətində və onun dünyagörüşündə çat yaradan prosesləri meydana gətirir. Məhz belə bir tendensiyada Avropa cəmiyyəti ifrat praqmatizmə meyillənir və mənəviyyat dayaqlarının möhkəmləndirilməsi ənənələrini getdikcə itirir.
Tolerantlığı ilə öyünən Avropa cəmiyyətlərində qeyri-xristianlara, xüsusilə müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya halları getdikcə artır, bəzən hətta bu proses millətçi ekstremizm səviyyəsində təhlükəli həddə çatır. Avropanın ən mədəni guşələrindən birində norveçli terrorçu Anders Breivik “müsəlmanların Avropaya axınına” etiraz əlaməti olaraq öz xalqını kütləvi şəkildə qırmaq cinayətinə əl atır. Fransada “ölkənin müsəlmanlaşmasına” qarşı, Almaniyada milli azlıqlara qarşı genişlənən qeyri-formal fəaliyyətlər əks tərəfləri də milli ədavətə və bu zəmində ekstremist hərəkətlərə, bəzi hallarda isə hətta terror aktlarına gətirib çıxaran əks-fəaliyyətə təhrik edir. İş o yerə çatıb ki, vaxtilə multikulturalizm ideyasını bütün dünyaya təqdim edən Avropanın özünü indi multikulturalizmin gələcəyinə inandırmaq zərurəti yaranıb. Amma heç şübhəsiz, xristian çevrəsindən kənardakılara qarşı əsassız ayrı-seçkilik siyasəti hamıdan əvvəl elə avropalıların özlərinin zərərinədir. Avropalılar nə qədər dözümsüzlük göstərsələr də, bilməlidirlər ki, islamın Avropada geniş yayılması və nüfuz qazanması faktının özü də təsadüfdən və ya stixiyadan yaranmır. Yəqin ki, buna əsas səbəblərdən biri də, elə Qərb sivilizasiyasındakı mənəvi boşluq və onun yerinin nə iləsə doldurulması zərurətidir. Qeyri-xristianlara qarşı belə bir münasibət Avropa üçün başqa bir problem də yaradır. Belə ki, əhalisinin təbii artım problemi olan “qocalmış” Avropa qeyri-xristian miqrantlara qarşı daha sərt qaydalar tətbiq etdikcə, bu regionda əhalinin azalması daha katastrofik həddə çata bilər. Ümumiyyətlə, Avropa iqtisadiyyatında və maliyyə həyatında qeyri-avropalı iş adamlarının da böyük çəkisi var. Əgər onlar öz kapitalını Avropadan yığışdırsa, buradakı böhran gözlənilməz ölçüdə dərinləşə bilər. Deməli, “qoca qitə”nin daxilində avropalılarla qeyri-avropalılar arasında “Berlin səddinin” çəkilməsi-Avropanın çökməsi deməkdir.
Avropa dəyərlərinin devalvasiyası onun təməlini yaradan ən kövrək qatın-əxlaqın aşınmasında daha dərindən duyulur. Təsadüfi deyil ki, sabiq Roma Papası XVI Benedikt Avropa sivilizasiyasının böhranını-onun mənəvi-əxlaqi əsaslarının itirilməsinə yol açan fəaliyyətlərlə bağlamışdı. Amsterdam şəhərinin mərkəzi meydanlarından birində “azad avropalıların” öz təbii ehtiyaclarını “azad surətdə” ödəməsi üçün açıq havada açıq pisuarların quraşdırılması və “mədəni” avropalıların camaatın gözü qarşısında heç bir mənəvi kompleks hissi yaşamadan özünün “pisuar azadlığı arzusunu” gerçəkləşdirə bilməsini-bununla da əslində, avropalıların, yumşaq desək, “öz mədəniyyətinin içinə tüpürməsi”ni seyr edəndə, doğrudan da, Roma Papası ilə razılaşmamaq olmur. Əxlaqi dəyərlərin aşınmasının ən ifrat nümunəsini isə Avropa həyatında gündən-günə daha da populyarlaşan bir tendensiyada-homoseksual həyat tərzinin və eynicinslilərin evlənməsinin qanuniləşdirilməsi cəhdlərində aydın şəkildə görmək mümkündür. Əsas olmadıqda belə seçicilərinə daha yüksək sosial rifah və az qala “cənnət” vədləri ilə Avropada hakimiyyətə gəlməyə vərdiş etmiş siyasi liderlər indiki böhran şəraitində bu şüarların artıq inandırıcı görünmədiyini bilərək hazırda yeni bir siyasi alver predmeti tapıblar. Əlbəttə, Avropada buna etiraz edənlər də var. Ancaq məsələ ondadır ki, Avropada kifayət qədər ictimailəşdirilən bu anormallıq-az qala “İnsan hüquqlarının təntənəsi” kimi bütün cəmiyyətin beyninə yeridilməkdədir. Halbuki Qərb mədəniyyətinin insan hüquqları və azadlıqlarına əməl edilməsi ilə bağlı sınaqdan çıxmış, təkzibedilməz bir imperativi vardır: “Mənim azadlığımın səddi-sənin azadlığının səddinə qədərdir”. Deməli, demokratik təsisatlara malik cəmiyyətdə insanların bir-birinin hüquqlarına hörmət etmək məsuliyyətləri də var. Burada heç kim müstəsna imtiyazlara malik olmamalıdır. Bəs nədən homoseksuallar və lezbianlar, yəni cəmiyyətin qeyri-standart həyat tərzi seçən qismi avropalıların daha imtiyazlı təbəqəsinə çevrilir və onların “evlənmək” və “valideyn” olmaq hüquqlarından dəm vuranlar-demokratiyanın ən ali dəyərlərinin müdafiəçisi kimi qəbul olunurlar?! Elə buradaca hiyləgər siyasətin “oyun alətinə” çevrilmiş əxlaqsızların da məhz elə siyasətdə kiməsə gərək olduğu aydın görünür: hakimiyyətə gəlmək üçün bütün (hətta amoralist) vasitələri mümkün hesab edən siyasətçilər düşünür ki, bu gün Avropadakı durğun sosial mühiti “aktivləşdirmək” üçün homoseksual yaşam tərzini ailə statusuna (!) qaldırmaq lazımdır. Ancaq nə zamansa bu cür ekstravaqant həyat tərzi dəbdən düşəndə yeni siyasi liderlərin homoseksuallığa və lezbianlığa qarşı əks-kampaniyaları onların siyasi hakimiyyətə gəlməsinə şərait yaradacaq. Siyasi riyakarlıqla cinsi əxlaqsızlığın belə bir “ittifaqı” artıq humanistlikdən çox uzaq olan eybəcər bir Avropa gerçəkliyidir. Əslində, homoseksualların və lezbianların guya hüquqlarının müdafiə edilməsi-normal ailə qurmuş, dünyaya övladlar gətirmiş vətəndaşların hüquqlarının pozulması, daha dərin mənada isə cəmiyyətin özəyini təşkil edən ailə təsisatının dağılması, ona qarşı müharibə elan edilməsi deməkdir. Avropa sivilizasiyasının ailə dəyərlərinə belə münasibəti onun mənəviyyatından başlayan böhranın necə təhlükəli və dərin olduğunu göstərir. Onsuz da doğub-törəməyin çətinliyini yaşayan Avropa eynicinsli “ailələrin” qurulması ilə özünü nəsil varisliyindən də məhrum etmiş olur. Bütün bunlara, doğrudan da, “fərdin müstəsna hüququ” donu geyindirməklə göz yummaq da olardı. Lakin siyasi alver bununla bitmir. Avropada nəinki eynicinsli “ailələrin” qurulmasına, hətta həmin “ailələrin” övladlığa uşaq götürməsinə də imkan verən “hüquqlar” və “qanunlar” üzərində düşünülür və bu barədə qərarlar qəbul olunur. Bu isə artıq Avropa ifratçılığının elə bir səviyyəsidir ki, bu səviyyədən Avropa ailə mədəniyyətinin uçurumları çox aydın görünür: Artıq bəzi Avropa ölkələrində qəbul olunmuş qərarlarda kişinin kişi ilə, qadının isə qadınla yaşadığı homoseksual ailədə şərti olaraq rəsmi sənədlərdə onlardan birinin “ata”, digərinin isə “ana” statusunda qeyd olunması və ya bütün ailələrin sənədlərində ata-ananın “Valideyn N1” və “Valideyn N2” kimi müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu, prosesin inzibati və ya təşkilati tərəfidir, onun mənəvi tərəfi isə hələlik heç kimi düşündürmür.
Ancaq az sonra uşaq böyüyəndə başa düşəcək ki, onun “ata” və “anasının” ikisi də kişi və ya ikisi də qadındır. O, başqa normal ailələri, orada böyüyən uşaqları gördükdə və onların valideynlərini “özününkülər”lə müqayisə etdikdə, hər halda onda təbii bir sual yaranacaq: Nəsil törədə bilməyən, yalnız qeyri-təbii şəhvət hissləri ilə yaşayan, anormal həyat tərzi keçirən bir ailədə o necə “doğulub?” Avropanın humanist qanunlarına görə, hətta ana bətnindəki uşağın da cəmiyyətin bir üzvü kimi vətəndaş hüquqları var. Ancaq eynicinsli “ailə” bir ana bətnindən doğulan, fəqət hələ heç bir iradəsi olmayan bir körpəni-vətəndaşı övladlığa götürür, süni ata və süni ana bu körpənin gələcək taleyini müəyyən edir. Axı bu körpə-kloun deyil, insandır və onun da insan-vətəndaş hüquqları var! Hələ nələrin baş verdiyini anlamayan bir körpənin-vətəndaşın aqibətini homoseksual cütlüklərin kaprizlərinə uyğun şəkildə müəyyən etmək hüququnu mənimsəməkdə dövlət nə qədər haqlıdır? Bəs hanı mükəmməl Avropa qanunlarındakı mükəmməl “insan haqları”?! Bəs belə ailələrə verilən uşaqların insan haqları yoxdurmu və Avropada bu haqları qorumaq mümkün olmadımı?! Belə “ailələrə” övladlığa verilən uşaqların hansı ağlasığmaz psixoloji zədələrə məruz qalacağını əvvəlcədən təsəvvür etmək heç də çətin deyil. Digər ehtimallarla yanaşı, bu övladların həddi-buluğa çatanda himayəsində olduğu “ailəyə” nifrət edəcəklərini, bəlkə də belə bir “ailənin” rəsmən mövcud olmasına fürsət verən cəmiyyətdən ikrahla üz döndərəcəklərini də istisna etmək olmaz. Belə olduqda bu cür psixoloji zədələrin qurbanı olan vətəndaşın cəmiyyətdə hansı addımları atacağını kim proqnozlaşdıra bilər. Bu, Avropada yeni “Anders Breyvik”lərin sayını artırmayacaqmı? Avropa üçün ən faciəlisi isə odur ki, bu uşaqlar da böyüyəndə eynicinsli “ailə” praktikasını qəbul edib, homoseksual ailənin “ata” və ya “ana” tituluna sahib olmaq istəsin və onlar da öz növbəsində məsum bir körpəni övladlığa götürsün və onu da özləri kimi əxlaqsızlıq qəfəsinə salsın. Bu cür doğub-törəməyən “ailələrin” hər dəfə bir körpəni “udması” Avropa cəmiyyətini hansı sonsuzluğa sürükləyir? Bu azmış kimi, məsələyə yanaşmada fərqli mövqeyə malik olan Avropa dövlətlərinə Avropa İttifaqı tərəfindən təzyiqlər də edilir. Məsələn, konstitusiyasında ailənin yalnız kişi ilə qadının ittifaqı əsasında yaranan bir təsisat olduğunu təsbit etmiş Macarıstandan öz konstitusiyasına müvafiq dəyişikliklər etməsi və eynicinslilərin yaratdığı “ittifaqın” da məhz “ailə” kimi tanınması tələb olunur. Haqlı olaraq belə bir dəyişikliyi etməkdən çəkinən Macarıstan hökumətinə qarşı insan haqlarının pozulması iddiaları irəli sürülür. Görəsən, həmişə yüksək standartlarla qavranılan Avropa dəyərləri nə üçün bu qədər aşınır, deqradasiyaya uğrayır, dəyərsizlik durumuna yuvarlanır?
Belə bir vəziyyətdə-mənəviyyatından siyasətinə qədər ciddi problemlər yaşanılan, öz dəyərlərini çürüdə-çürüdə, onunla siyasi alver edən Qərb sivilizasiyası qeyri-Qərb sivilizasiyaları üzərində “üstünlüyünü” əvvəlki kimi sürdürə bilməyəcək. Çünki hər cür iqtisadi böhranlar, maliyyə böhranları, hətta siyasi böhranlar konkret bir şəraitdə mövcud olub qısa bir zamanda aradan qaldırıla bilər. Tarixdə belə hallar dəfələrlə olub. Cəmiyyətdə mənəvi böhranların aradan qaldırılması isə daha çətin və daha uzun zaman tələb edən və eyni zamanda daha böyük itkilərlə müşayiət olunan bir prosesdir. Bunun da presedentləri tarixdə kifayət qədər olub. Məhz kütləvi mənəvi deqradasiya cəmiyyətin “Axilles dabanı”nı xatırladır. Nədən həmişə öz təhlükəsizliyi üstündə əsən Qərb və onun Avropa “nüvəsi” indi ən həssas bir məsələdə-mənəviyyat məsələsində belə bir təhlükəsizliyə yetərincə təminat yarada bilmir? Avropa özünün “Axilles dabanı”nı niyə belə açıq və müdafiəsiz qoyur?” Axı, həmin zəif nöqtəyə sancılan “zəhərli oxdan”-yəni, mənəviyyatın aşınması səbəblərindən bir çox qüdrətli dövlətlərin və cəmiyyətlərin tənəzzülü, hətta yer üzündən silinməsi tarixin yaddaşında qalıb. Bunun ən bariz nümunəsi kimi nə zamansa Ölü dənizin yerində mövcud olmuş Sadom və Homorra şəhərlərinin tarixi haqqında əfsanə isə hansısa məhəbbət dastanında deyil, məhz avropalıların müqəddəs kitabı olan Bibliyada təsvir olunub. Bunu bilərək, vaxtilə SSRİ-ni “allahsız cəmiyyət” qurmaqda ittiham edən Avropa niyə indi özünün xristian dəyərlərinə bu qədər etinasızlıq göstərir?
Avropada mənəviyyat dəyərlərinin b u dərəcədə aşınması bütövlükdə etik münasibətlər sferasında tarazlığı pozur, insanların fərdi və sosial psixologiyasında, cəmiyyətin və dünyanın problemlərinə yanaşmada da qeyri-müəyyənlik, etinasızlıq, meyarsızlıq, hətta ədalətsizlik komplekslərini formalaşdırır. Diqqətlə baxsaq, görərik ki, artıq Qərb dövlətlərinin dünyada baş verən proseslərə münasibətində də bir yarımçıqlıq, subyektiv tərəfkeşlik, sanki bir “homoseksual disharmoniya” müşahidə olunmaqdadır. Bugünkü Avropa siyasətində qeyri-Qərb ölkələrinə “ikili standartlar” əsasında yanaşma elə Avropa məişətində getdikcə güclənməkdə olan biseksual həyat tərzini xatırladır. Azərbaycanla qarşılıqlı münasibətlərində də Qərb həmin “ikili standartlarla” manevr etməkdədir. Bir tərəfdən, Qərb ölkələri birmənalı olaraq BMT-nin prinsiplərinə müvafiq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. BMT ilə yanaşı, Avropa Parlamentinin də bir sıra sənədlərində, o cümlədən 20 may 2010-cu il tarixli qətnaməsində də Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Digər tərəfdən, ərazi bütövlüyünə qəsd edərək Qərbin beynəlxalq siyasətinə zidd mövqedə dayanan bir dövlətin-Rusiyanın havadarlığı ilə Azərbaycan torpaqlarını ələ keçirmiş Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində heç bir iş görülmür. Təcavüzkarla təcavüzə məruz qalana eyni rakursdan yanaşılır, beynəlxalq hüquq normalarına məhəl qoyulmur. Qərbin özü tərəfindən irəli sürülən bütün “tələblər” kağız üzərində qalır, Azərbaycanın haqlı səylərinə “sülh diplomatiyası” ilə sipər çəkilir. Hələ bu azmış kimi, beynəlxalq hüququn bütün normalarını, beynəlxalq siyasətin bütün etik prinsiplərini tapdalayaraq, işğalçı dövlətə-Ermənistana maddi yardımlar da edilir. Avropada əxlaqi-mənəvi dəyərlərin qorunmasının zərurəti haqqında car çəkən Roma Katolik kilsəsinin daha əvvəlki Papası II İohan Pavelin Xocalını məhz “müsəlmanlardan təmizləmək” üçün erməni quldurlarına külli miqdarda maliyyə yardımı göstərməsi isə bütün dünyaya “əxlaq dərsi” keçmək cəhdini xatırladır. Əlbəttə, siyasi və mənəvi amoralizmin təzahürü olan bu ikibaşlı mövqenin bir ucu elə Qərb siyasi mədəniyyətinin özünün dəyərsizləşməsinə və kəsərdən düşməsinə gətirib çıxarır. Ancaq bir məsələ də aydındır ki, əgər Qərb yenə də dünya dövlətlərini şantaj yolu ilə öz “qəliblərinə” yerləşdirməyə, onları yalnız özünün aşınmaqda olan “yeni standartlar”ına uyğunlaşdırmağa çalışsa, bu, Qərbin qələbəsi yox, məğlubiyyəti olacaq. Əgər Qərb sivilizasiyası bu məğlubiyyətdən yan keçmək istəyirsə, özünün daxili və xarici siyasətində bütün cinahlar üzrə rasionalizmdən irrasionalizmə doğru meyilləri bu gün Avropada tüğyan edən mənəviyyat böhranının, ideologiya və humanitar münasibətlər böhranının əsas səbəbləri kimi dayandırmalı və aradan qaldırmalıdır.
Avropa uzun əsrlər boyu özünü tapmaq üçün çox çalışıb. Başı daşdan daşa dəyib. Yalnız XX əsrin ikinci yarısında özünü tapıb-böyük və möhtəşəm ittifaqını yaradıb. XXI əsrdə onun özünü “itirməsi”-zamanı geriyə döndərmək qədər anormaldır. Əgər Avropa bunun baş verməsini istəmirsə, gərək öz dəyərlərinin aşınmasının qarşısını alsın. Avropa sivilizasiyasının mənəviyyat qalasının möhkəmlənməsi, həm də onun siyasi oriyentasiyalarına, vacib qərarlarına əhəmiyyətli təsir edən bir faktor kimi, avropadaxili münasibətlərin və eləcə də Avropa-Dünya münasibətlərinin düzgün əsaslar və ədalətli mövqelər üzərində inkişaf etməsinin mühüm şərtidir. Avropaya münasibətində təzadlı yanaşmaları olmayan, bütün səviyyələrdə optimal mövqe nümayiş etdirən Azərbaycan da məhz bunun marağındadır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info