“İbrahimbəyovun namizədliyi müxalifətdə narazılıq doğurdu”
Tarix: 19.06.2013 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Mütəllim Rəhimli: “Problem “vahid namizəd” məsələsində fikir ayırılığı kimi sadə deyil, ortada başqa ciddi məsələ var”


Müsahibimiz Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimlidir. M.Rəhimli bizimlə söhbətində müxalifətdə seçki ilə bağlı baş verən proseslərdən və ziddiyyətlərdən danışdı.


- Ənənəvi müxalifət partiyaları - Müsavat və AXCP də artıq "milli şura"dan imtina etməyə, "ictimai palata"da toplanmağa başlayıb. Bunun səbəbləri nədir?
- Mən bir müddət əvvəl də demişdim ki, “milli şura”nın uğuruna inanmıram. Yenə də qeyd etmək istəyirəm ki, heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, sıravi fədakarların ümidlərini qırmaq fikrindən də uzağam. Sadəcə, “milli şura”da təmsil olunan insanlardan bir qismi bəzi məmurlar tərəfindən dəstəklənirlər, bir qismi Qərbin himayəsindədir və sair. Bu halda hansı ciddi inam, qarşılıqlı etibar və uğurlu perspektivdən söhbət gedə bilər?
“İctimai palata”ya qayıdış isə geriyə qayıdışdır. İndiyədək olan fəaliyyətində “ictimai palata”nın reallığa uyğun hansısa ciddi qərarının şahidi olmamışam. Hər zaman həyata keçirilməsi mümkün olmayan ideyalarla çıxış ediblər: “Milli Məclisin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, alternativ parlamentin yaradılması, referendum keçirilməsi” və sair. Bununla da saf niyyətlərlə demokratik mübarizəyə qoşulmuş insanların ümidləri puça çevrilib.


“Bunların nəinki nəzəri-ideoloji baxışları uyğun gəlmir, hətta praktik davranışları arasında da barışmaz konfliktlər mövcuddur”


Görünür, “ictimai palata”ya dönüşlə bağlı xatırlatmalar “milli şura” daxilində qrup maraqlarını həyata keçirməyə çalışan qüvvələrin təzyiq metodudur. Bu alətdən istifadə etməklə onlar öz planlarını həyata keçirməyə çalışırlar.
-“Vahid namizəd” məsələsi artıq "milli şura"dan "ictimai palata"dakı köhnə razborkalar səviyyəsinə endi - Yenə də Əli Kərimli, İsa Qəmbər bu məsələni dartışırlar. Bu barədə fikirləriniz nədir?
- “Milli şura”ya daxil olan partiyaların bəzilərinin milli maraqlar naminə müstəqil hərəkət etmələri mümkün olmadığına görə, bəri başdan ictimai inama zərbə vurmağa başlayıblar. Problem, qeyd edildiyi kimi, “vahid namizəd” məsələsində fikir ayırılığı kimi sadə deyil. Milli maraqlara qulluq edən heç bir partiya, lider birləşmə zamanında bunu qabardaraq ümumi rəyin əleyhinə getməz. Deməli, ortada daha başqa və ciddi məsələ var. İndiyədək aşkarlanmamış bu gizli nüans həmin qurum və başçıların zaman-zaman real birliklərin dağıdılmasında müstəsna xidmətlər göstərmələrinə səbəb olub. Ciddi, böyük ümidlərlə gələcəyə hesablanmış və xalqın ümidlərinin üzərində bərqərar olmağa çalışan çoxsaylı qurumlar bu cür məsuliyyətsiz başçıların sayəsində ömrünü yarımçıq başa vurublar.
- Rüstəm İbrahimbəyovun seçkidə namizədliyi ənənəvi müxalifət və “ictimai palata” tərəfindən rədd edilməyə başlayıb. Belə olduğu təqdirdə İbrahimbəyov-Namazov qruplaşması ilə Müsavat və tərəfdarları arasında hansı əməkdaşlıqdan söhbət gedə bilər?
- “Milli şura” bir-birinə zidd mövqe sərgiləyən qurumlardan təşkil olunub. Bunların nəinki nəzəri-ideoloji baxışları uyğun gəlmir, hətta praktik hərəkət və davranışları arasında da barışmaz konfliktlər mövcuddur. Onlardan bəziləri Qərbin himayəsindədirsə, digərləri Rusiyadakı dairələri özlərinin xilaskarı hesab edirlər. Məsələyə nəzəri baxımdan yanaşsaq, onların uzun müddət bir yerdə olması mümkün deyil. Üstəlik, “milli şura”nın sədri Rüstəm İbrahimbəyovun Azərbaycanda olmaması onun daxilində bir sıra dağıdıcı meyillərin güclənməsinə rəvac verir. Bundan başqa “milli şura” sədrinin Eldar Namazovu bu qurumun “icra aparatı”nın rəhbəri təyin etməsi təmsilçi partiya sədrlərinin açıq və birbaşa deməsələr də daxilən narazı qalmalarına səbəb olub. Bu qərar faktiki olaraq “milli şura”ya daxil olan partiyaların idarəetmədə rəylərinin nəzərə alınmaması demək idi. Onlar da başa düşməyə başlayıblar ki, belə davam etsə, onlar gələcəkdə vaxtilə olduğu kimi ixtiyar sahibi ola bilməyəcəklər. Ona görə də artıq İbrahimbəyovun namizədliyi ilə bağlı narazı səslər eşitdirməyə çalışılır.
-Əli Kərimli namizədlik məsələsində İsa Qəmbərlə bir yerdə olmaq istəmir, o, İbrahimbəyovu dəstəkləməkdə də tərəddüd edir. O özü də namizədliyini verməyəcəyini açıqlayıb. Bu seçkidə Kərimlinin bu cür qərarsız çıxışı nədən xəbər verir?
- Artıq məndə belə təsəvvür yaranmağa başlayıb ki, “milli şura”ya üzv olan bəzi partiya sədrləri onunla bağlı qeyri-ciddi davranışlar göstərməyə başlayıblar. Onlar ya tərəfdarlarının qəzəbindən qorxduğundan, ya da ictimai rəydə özlərini birlik tərəfdarı kimi göstərmək istədiklərindən “milli şura”ya qoşulublar. Bu da təbii ki, qərarsızlığa, ciddi məsələlərə qeyri-ciddi münasibətə gətirib çıxaracaq. Əgər kiminsə bu qurum daxilində namizədi yoxdursa bu iki anlama gəlir. Ya həmin adam özünü vahid namizəd hesab edir, yaxud da kənarda başqa birini müdafiə edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info