Əsəd Cahangir: “Yazıçılar Birliyinə qəbul məhdudlaşdırılmalıdır”
Tarix: 23.07.2018 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Müsahibimiz tanınmış ədəbi-tənqidçi Əsəd Cahangirdir. Müsahibəni təqdim edirik.

(əvvəli ötən sayımızda)

-Sizcə, nə üçün?
- İndi o miqyasda alimləri yetişdirən qlobal mühit yoxdur. Moskva ilə əvvəlki əlaqələr kəsilib, dünya ilə əlaqə hələ formalaşmayıb. Əlbəttə, fitri qabiliyyəti olanlar var, lakin onlar hazırkı şəraitdə potensiallarını gerçəkləşdirə bilmirlər.
-Sizcə, AYB qurultaylarındakı məruzələr nə üçün hələ tam püxtələşməmiş insanlara həvalə olunmuşdu?
- O vaxt cavan yazarlar narazılıq edirdilər ki, özümüzü göstərməyə bizə imkan vermirlər. AYB rəhbərliyi də məruzələri cavanlara verdi ki, buyurun, bu meydan, bu da siz, özünüzü göstərin. Onlar da göstərdilər. Bu məruzələrin əksəri hər hansı elmi metoddan uzaq yazıçı-şair təəssüratları idi.
-Bəlkə, Azərbaycan Yazıçılar Birliyi elmi yox, bədii yaradıcılıq qurumu olduğundan savad yox, istedad amilinə önəm verilib.
- Əgər əsas meyar istedaddırsa, Səməd Vurğun demişkən, "hanı tom-tom o kitablar?". Akademik Ramiz Mehdiyev bir neçə il öncə öz məqaləsində ictimai rezonans doğuran əsərlər yoxluğundan danışırdı. Son iyirmi ildə sözün müsbət mənasında ictimai rezonansa səbəb olan bədii əsərlər, doğrudan da azdır, məsələn, Rəşad Məcidin "10 sentyabr" hekayəsi. Amma bununla problem həll olur bəyəm?
-Sizcə, Rəşad Məcidin "10 sentyabr" hekayəsinin doğurduğu rezonansın səbəbi nədə idi?
- Oxucu görməlidir ki, ədəbiyyat onun problemləri ilə yaşayır və bunu hekayədə görmüşdü. Lakin məsələ, sadəcə, mövzuda, problemdə yox, həm də onu necə verməkdədir. Rəşad Məcid hekayədə qarşılaşdırılan tərəflərdən heç birinə - nə azərbaycanlılar, nə də amerikanlara özəl rəğbətini bildirməmiş, obyektiv yazıçı mövqeyində durmuşdu. Bu isə hadisəni hekayəyə çevirməyə ona imkan vermişdi. O, azərbaycanlını da, amerikalını da əlahəzrət həqiqətin qarşısında susmağa məcbur edə bilmişdi.
-Bəzən deyirlər ki, rezonans doğuran əsərlərin yaranmamasının günahı tənqiddədir.
- Yəqin onu deyənlərə elə gəlir ki, tənqidçi yazıçıların əvəzindən yazmalıdır.
-Yox, onlar demək istəyirlər ki, tənqid ədəbiyyatı yönləndirməlidir. Axundovun yaradıcılığı Vazehin bircə sualından doğuldu: "Sən də fırıldaqçı və şarlatan olmaq istəyirsən?"
- Məncə, bu sual Axundovun alın yazısı idi. Vazeh burada, sadəcə, icraçı rolu oynamışdı.
-Əgər hər şey axırda alın yazısına gedib çıxırsa, tənqidə bir janr olaraq ehtiyac varmı? Yəni tənqid etməklə alın yazısı pozulurmu?
- Obyektiv tənqid özü də alın yazısıdır. Tənqidçi obyektiv olanda Allahın özü onun əli ilə yazır.
- Heç öz praktikanızda bunu hiss etmisinizmi?
- Ən güclü şəkildə "Söz" essesini yazanda hiss etmişəm. Mənə elə gəlir ki, o yazını mən yazmamışam.
- Esse demişkən, esseistika janrında kimlər sizi daha çox qane edir?
- Asif Əfəndiyevin "Müdriklik səlahiyyəti", Elçinin "Ədəbi düşüncələr", Sabir Rüstəmxanlının "Ömür kitabı", Kamal Abdullanın "Gizli Dədə Qorqud", "Yolun əvvəli və axırı" kitablarındakı esselərini vaxtilə maraqla oxumuşam. Həmid Hersiçi öz esseləri ilə bu janra metafizik siqlət, ezoterik dərinlik, tarixi informativlik gətirdi.
Məncə, Kamal müəllimin bir il öncə dərc olunan "Dümadan Coysa qədər" kitabı da esseistik ədəbi gəzintilərdən ibarətdir. Düzdür, müəllif müasir ədəbi proseslə bağlı bəzi dəyərləndirmələrində ifrat və təfritlərdən yan keçə bilmir, amma bu kitabın maraqla, hətta birnəfəsə oxunmasına mane olmur.
-Bu sahədə yeni nəsil yazarlardan kimlərin adını çəkə bilərsiniz?
- Qismət və Fərid Hüseynin esselərini cavanların bu janrdakı ən səciyyəvi nümunələri saymaq olar. Hər iki müəllifdə intellektualizmə iddia var. Hər hansı əsər haqda orijinal söz demək üçün kifayət qədər potensialı olsa da, Qismətin esseləri daha çox özünün vikipedik informativliyi ilə seçilir. Bu isə janrın təbiətinə yaddır. Çünki esse bir janr kimi subyektivizm və orijinallıqla şərtlənir.
Hərdən səthi, hərdən, hətta yanlış təsir bağışlasa da, Fəridin məşhur əsərlər haqda orijinal fikirləri, subyektiv, amma düşündürücü yozumları mənə daha maraqlı gəlir.
İki il öncə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin təklifi ilə jurnalın keçirdiyi esse müsabiqəsinin münsifi oldum. Müsabiqəyə qatılmış on altı gənc esseist arasında Rəşad, Kənan, Vəfa və Elşadın esseləri daha çox yadımda qalıb.
-Bu gün AYB-yə gənclərin və yazıçıların kütləvi axını mövcuddur. Hər kəs böyük sevinclə birliyə üzv olur. Əlbəttə ki, bu, ədəbiyyatımızı canlandırır və ədəbi prosesləri gücləndirir. Ancaq bunun mənfi tərəfləri də mövcuddur. Bu axının qarşısı alınırmı və ya AYB bunları süzgəcdən keçirirmi?
- İndi nəşriyyatlar çoxdur. Hərə 200-300 manat verib, bir kitab buraxdırır və gəlir ki, məni birliyə qəbul edin. İllik Prezident təqaüdü veriləndən bəri isə Yazıçılar Birliyinə axın başlayıb. Təsəvvür edin ki, təxminən 10 il əvvələcən AYB üzvlərinin sayı indikindən üç dəfə az idi. Son 10-12 ildə sürətlə artaraq 2000 nəfərə çatıb. Əksərən də təqaüdə görə. Postsovet məkanında heç bir ölkədə Yazıçılar Birliyinin bu qədər üzvü yoxdur. Rusiya Yazıçılar Birliyinin 6 min üzvü var, yəni bizdəkindən cəmi üç dəfə çox. Halbuki Rusiya əhalisi bizdəkindən 15 dəfə çoxdur.
Birliyə qəbul son illər xeyli məhdudlaşdırılıb. Ümid edək ki, problemin radikal həlli qarşıdan gələn qurultaydan sonra baş tutacaq.
-Sonda oxuculara sözünüz...
- Bizi oxuyun!
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info