“İmzalanan anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək”
Tarix: 24.07.2018 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın ilk dəfə olaraq ölkəmizə səfər etməsi yaddaqalan hadisələrdən biridir. Ölkəmizə səfəri çərçivəsində mühüm görüşlər keçirən İtaliya Prezidenti Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında da iştirak etdi ki, bu da həmin layihənin önəmli olduğunu göstərir. Ötən həftə Prezident İlham Əliyevin Fransaya səfəri önəmli hadisələrdən biri kimi yadda qaldı. Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə gedən Prezident İlham Əliyev böyük əhəmiyyətə malik bir çox görüşlər keçirdi. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, ölkə başçısı Fransanın SADE, “Bouygues Travaux Publics”, “IVECO France” , “Rothschild and Co”, “Wilmotte & Associés Architectes”, “Airbus”, “Total” kimi böyük şirkətlərin rəhbərləri və səlahiyyətli şəxsləri ilə görüşlər keçirdi.

“Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər ölkəmizə yeni layihələr vəd edir”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Parisə səfəri Azərbaycanla Fransa arasındakı münasibətləri yeni səviyyəyə qaldırdı. Onun sözlərinə görə, Prezidentin səfəri çərçivəsində imzalanan anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək: "Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər ölkəmizə yeni layihələr vəd edir". İ.Həbibbəyli səfərin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdığını da vurğulayıb.
Deputat Paris səfərinin əhəmiyyətini olduqca yüksək dəyərləndirərək qeyd edib ki, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf edib.
O, bu səfərin əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradacağını söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.

Deputat: “Fransada imzalanan müqavilələr Prezident İlham Əliyevin xarici iqtisadi siyasətinin növbəti qələbəsidir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində imzalanan çoxsaylı müqavilələr dövlət başçısının xarici iqtisadi siyasətinin növbəti qələbəsidir. Deputat qeyd edib ki, ermənilərin ən güclü lobbilərindən biri Fransada fəaliyyət göstərir və bu fonda Azərbaycanla Fransa şirkətləri arasında dəyəri iki milyard dollardan artıq olan saziş və müqavilələrin imzalanması, əlbəttə ki, böyük uğurdur: “Fransa iqtisadi gücünə görə Avropa ölkələrinin üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. Bu baxımdan, imzalanmış saziş və müqavilələr iki ölkəyə bir-birini daha yaxından tanımağa imkan verir. Digər tərəfdən, bu əməkdaşlıq Bakı ilə daha dərin və yaxın əməkdaşlıq etmək istəyən digər Avropa ölkələri üçün bir nümunə olacaq”. Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana postsovet məkanının daha sabit ölkəsi kimi böyük inam və etimadla yanaşırlar: “Azərbaycan daim beynəlxalq arenada qarşısında qoyduğu tapşırıqları yerinə yetirir. Bakı dəfələrlə bunu sübut edib, xüsusilə böyük nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bütün dünya Azərbaycanın daimi və etibarlı tərəfdaş olmasına daha çox inanır”.
R.Quliyev bildirib ki, bunun nəticəsində Azərbaycanın beynəlxalq arenada çəkisi daha da artır: “Göründüyü kimi, Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın xarici iqtisadi potensialını gücləndirməyə yönəlib. Bu cür iqtisadi uğurlarla Azərbaycan daha böyük siyasi gücə nail olur”.

Tahir Rzayev: “Azərbaycan böyük dövlətlərlə, o cümlədən Fransa ilə münasibətlərin inkişafına böyük önəm verir”
Milli Məclisin deputatı Tahir Rzayevin sözlərinə görə, Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib. T.Rzayev bildirib ki, ümumiyyətlə, Fransa ilə münasibətlərin yaxşılaşması Azərbaycan üçün faydalıdır, çünki gələcəkdə Fransa Qarabağ probleminin həlli üçün öz səylərini artıra bilər və bu məsələ tezliklə həll oluna bilər: "Dövlət başçısı İlham Əliyev Fransada yalnız iqtisadi məsələlər deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də əlaqədar Fransa Prezidenti Emmanuel Makronla çox ciddi söhbətlər aparıb. Sözsüz ki, bu söhbətlər hər iki ölkə üçün əhəmiyyətlidir. Çünki Azərbaycan artıq Avropada enerji təhlükəsizliyini təmin edən və dünyaya çıxışı olan bir ölkədir".
Deputat qeyd edib ki, dünyanın aparıcı dövlətlərindən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan, eyni zamanda beynəlxalq aləmdə böyük nüfuza malik Fransa ilə münasibətlərin yüksəlməsi çox əhəmiyyətlidir: "Azərbaycan Dağlıq Qarabağ probleminin həllində Fransadan çox böyük addımlar gözləyir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan böyük dövlətlərlə, o cümlədən Fransa ilə münasibətlərin inkişafına böyük önəm verir: "İnkişaf etmiş və demokratik ölkə olan Fransa ilə Azərbaycanın çox ciddi münasibətləri var. Bu ölkədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən mədəni, ictimai tədbirlər, o cümlədən Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan gecəsi, Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd edilməsi, Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafına, xüsusilə humanitar sahədə əlaqələrin daha da dərinləşməsinə yönəlib. Ona görə də dövlətimizin başçısının Fransaya səfəri əlamətdar hadisələrlə zəngin oldu".
T.Rzayev deyib ki, İlham Əliyevin Fransaya səfəri ümumilikdə ölkələr arasındakı qarşılıqlı münasibətlərin daha da güclənməsinə təkan verəcək.

Musa Qasımlı: “Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək”

Milli Məclisin deputatı, tarixçi Musa Qasımlının fikrincə, Azərbaycan-Fransa münasibətlərinin geniş perspektivləri və böyük potensialı var. Prezident İlham Əliyevin Fransaya səfəri həmin potensialı hərəkətə gətirəcək və iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Fransaya səfəri böyük əhəmiyyət daşıyır: "Fransa, hər şeydən əvvəl, dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri, dünyanın "böyük yeddi"lərindən biridir. Elə bu amillər səfərin necə böyük əhəmiyyət daşımasının göstəricilərindəndir".
Deputat qeyd edib ki, Azərbaycan və Fransa arasında münasibətlərin dərin tarixi kökləri var: "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi ilk dəfə olaraq 1920-ci il yanvarın 11-də Fransanın Paris şəhərində tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Fransada yaşayıblar, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra dövlət müstəqilliyinin bərpası üçün çalışan ölkələrdən biri Fransa olub. Fransa Azərbaycan mühacirlərinə yardımlar edib. Azərbaycanlılar da öz növbəsində Fransanın faşizm zülmündən azad olunması üçün müstəsna xidmətlər göstəriblər. Azərbaycanlılar Fransa müqavimət hərəkatında iştirak ediblər”.
M.Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan-Fransa münasibətləri yeni əsasda qurulub: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk xarici səfərini 1993-cü ilin dekabr ayında məhz Fransaya edib. İlk rəsmi dövlət səfərinin Fransaya edilməsinin bir çox səbəbləri var idi. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Bakıda Fransız liseyi, Azərbaycan-Fransa Universiteti açılıb, Fransa şirkətləri Azərbaycanda çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında bütün sahələrdə əməkdaşlığın bərabərhüquqlu əsasda qurulması müstəsna rol oynayıb”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info