“Seçki ilində qrantla ərsəyə gələn qərəzli bəyanatlar gözləniləndir”
Tarix: 19.06.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Rauf Zeyni: “Ölkəmizi gözdən salmaq üçün olan bu cür bəyanatları qəbul etmirik”

Müşfiq Ələsgərli: “Bəyanat günün zərurətindən yox, kiminsə şəxsi maraqlarının təmin edilməsi motivindən ortaya çıxıb, reallığı əks etdirmir”

Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçilərinin sərbəst fəaliyyəti və inkişafı üçün istənilən şərait yaradılıb. Son illərdə Azərbaycan dövləti vətəndaş cəmiyyətinin, üçüncü sektorun tərəqqisi və cəmiyyət problemlərinin həllində daha aktiv iştirakı üçün prinsipial tədbirlər həyata keçirir, kütləvi sayda QHT layihələri maliyyələşdirilir, dövlət tərəfindən dəstəklənir...
Amma təəssüflər olsun ki, dövlətin vətəndaş cəmiyyətinin sərbəst və hərtərəfli inkişafına yaratdığı şəraitdən sui-istifadə edənlər var. Belə ki, bəzi QHT nümayəndələri vətəndaş cəmiyyəti fəlsəfəsi və cəmiyyət problemlərinin həllində iştirakçılığı bir kənara buraxaraq, sırf xarici dairələrin sifarişlərini yerinə yetirməklə məşğuldurlar. Bu seçki ərəfəsində də onlar yenə “mövsümi” olaraq fəallaşıblar.
Belə ki, “Azad seçki - 2013” ictimai dəstək qrupu” adı ilə bir neçə QHT bir yerə yığışıb. Onlar bəyanat yayıblar ki, guya ölkədə “siyasi mühit qeyri-demokratik məcrada inkişaf edir”. Bundan başqa onlar AŞPA-nın siyasi məhbuslar üzrə qərəzli məruzəçisi Kristofer Ştrasserin hesabatında adıçəkilən siyasi məhbusların azad edilməsini, “sosial mediada fəal ictimai çağırışlarına görə gənclərin təqiblərinin dayandırılmasını”, “Nida” hərəkatı üzvlərinin və digər gənclərin dərhal azad edilməsini və sair tələb ediblər.
Dəfələrlə sübut edilib ki, “siyasi məhbus” adlandırılanlar əslində konkret cinayət əməllərinə görə həbs olunublar. O cümlədən Ştrasserin “siyasi məhbus” siyahısında hər cür cinayətkarların, hətta həbsdən azad olunmuşların da adının olduğu, bu siyahının həqiqəti əks etdirmədiyi və abrakadabradan ibarət olduğu barədə kifayət qədər yazılıb. İndi bu QHT-lərin yenidən belə cəfəng və “işlənmiş” bir məsələni gündəmə gətirməsi olduqca qeyri-ciddi və qərəzlidir. Bundan başqa sosial mediada “gənclərin fəal çağırışlarına görə təqib olunmasının” dayandırılmasının tələb edilməsi da absurddur. Birincisi, internetdə təhqir və böhtanlara görə Milli Məclis qanuna əlavə və dəyişikliklər etdi və bunlar artıq qüvvəyə minib. “Azad fikirli gənc” adı altında bəzi müxalifətçi gənclərin sosial şəbəkələrdə ifrat təhqir, tərbiyəsiz ifadələr və böhtanlara yol verməsi ilə isə biz mütəmadi rastlaşırıq. Belə hallarda onlar adıçəkilən qanuna görə əlbəttə, məsuliyyət daşıyırlar və bu barədə də kifayət qədər əsaslandırmalar olub... Dünyanın hər yerində təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulduğu kimi, bizdə də hüquq-mühafizə orqanları adekvat tədbir görürlər. Eləcə də NİDA adlı qurumun üzvlərinin pozucu fəaliyyəti, onların evindən narkotik və “Molotov kokteyli”nin çıxması, ABŞ Milli Demokratiya İnstitutunun onları aksiyalarda iğtişaşlar törətməyə şirnikləndirməsi də sübuta yetirilib. Belə olduğu halda, cəmiyyət üçün təhlükə törədən cinayətkarların buraxılmasını tələb etmək nə dərəcədə “vətəndaş cəmiyyəti” mövqeyidir?! Əlbəttə, yəqin ki, bu cür bəzi kriminal gəncləri əyri yola çəkən müəyyən xarici dairələr eyni zamanda bu QHT-ləri də maliyyələşdirirlər. Bu baxımdan həmin QHT-lərin “bəyanat”ının bu tonda olmasını anlamaq çətin deyil...

“Bəyanat qərəzli, siyasiləşmiş formada olmamalıdır”
Onu da qeyd edək ki, bu bəyanata imza atanlar İntiqam Əliyev, Arzu Abdullayeva, Anar Məmmədli, Mirəli Hüseynov, Rəsul Cəfərov, Şəhla İsmayıl, Əsabəli Mustafayev, Şahvələd Çobanoğlu, Leyla Əliyeva, Rövşən Hacıbəyli, Ziya Quliyev, Hafiz Həsənov, Ənnağı Hacıbəyli, İlqar Hüseynlidir. Bu adamlar həmişə xarici qrantlar almaqda ad çıxarıblar. Onların arasında ifrat antiazərbaycan mövqedə dayananları, xarici donorların bu barədə sifarişlərini yerinə yetirənləri də var. “Palitra”ya bu barədə açıqlama verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni belə dedi: “Azərbaycan demokratik ölkədir, hər kəs öz fikrini bəyanatla və başqa formalarda ifadə edə bilər. Amma bu, qərəzli, siyasiləşmiş formada olmamalıdır. Burada siyasi maraqlardan irəli gələn qərəzli fikirlər yolverilməzdir. Ölkədə seçki ili olduğuna görə, bəzi xarici dairələr aktivləşiblər. Onlar bəzi QHT-lərin dili ilə ölkəmizdə guya problemlər olduğunu qabartmağa çalışırlar. Ona görə də əsl vətəndaş cəmiyyəti qurucuları bu və ya digər siyasi qrupların, xarici dairələrin maraqlarına xidmət etməməlidir. Bəziləri Azərbaycanın güclənmiş beynəlxalq imicinə xələl gətirmək, ölkəmizi gözdən salmaq üçün bu cür bəyanatları verir və təbii ki, biz bu cür bəyanatları qəbul etmirik”.
R.Zeyni istisna etmir ki, bu il seçki ili olduğuna görə bəzi xarici dairələr bir neçə QHT-ni qrantlarla şirnikləndirib onlardan koalisiya formalaşdıra bilər: “Bu, gözləniləndir. Bunların hamısına hazır olmaq lazımdır. Təbii ki, Azərbaycan dövləti və QHT-ləri də bu cür informasiyaları bilərək üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər ki, cəmiyyətdə insanların yanlış istiqamətə yönəldilməsinin qarşısı alınsın. Xüsusilə informasiyasız və təcrübəsiz gənclərin aldanmasına yol vermək lazım deyil. Onlar bu məsələlərdə düzgün maarifləndirilməlidir. Eyni zamanda da obyektiv məlumatları dünya ictimaiyyətinə geniş şəkildə çatdırmalıyıq ki, bu cür bəyanatların qərəz olduğu aydın olsun”.
“Freedom house”, “Amnesty international” kimi təşkilatların sırf müəyyən Qərb dairələrinin sifarişlərini yerinə yetirdikləri artıq aksiom kimi qəbul edilir. Bu cür qurumları ölkələrin üzərinə qısqırtmaqda məqsəd müstəqil siyasət yürüdən, milli inkişafa və intibaha əsaslanan dövlətlərin tərəqqisinə əngəl törətmək, onların dünyadakı beynəlxalq imicini korlamağa cəhd etmək, həmin dövlətlərdə gedən prosesləri, insan hüquqları sahəsindəki vəziyyəti təhrif olunmuş şəkildə çatdırmaqdır. Elə bunun üçün də həmin ölkələrin daxilində bəzi "gözətçi" qht-lərdən, ölkə mənafeyini və milli maraqları qranta satan "hüquq müdafiəçilərindən" yararlanırlar. Təəssüf ki, Azərbaycan da bu cür "hüquq müdafiəçilərindən", qrant naminə istənilən antiazərbaycan qüvvələrlə işbirliyinə girən bəzi QHT-çilərdən xali deyil. Elə bunun nəticəsi olaraq, bu cür “bəyanatlar”, “hesabatlar” ortaya çıxmış olur...

“Bəyanat tələm-tələsik, əsaslandırılmadan verilib və
tələb formasında səsləndirilən fikirlər arasında məntiqi
bağlılıq yoxdur”

“Palitra”ya bu barədə danışan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə sözügedən bəyanatla bağlı belə dedi: “Mətnə ilkin baxışdan aydın olur ki, bəyanat tələm-tələsik, əsaslandırılmadan, mövcud situasiyaya uyğunlaşdırılmadan verilib və bəyanatda tələb formasında səsləndirilən fikirlər arasında məntiqi bağlılıq yoxdur. Məsələn, Hilal Məmmədova azadlıq tələb edilməsinin seçki prosesi ilə nə bağlılığı var və özünü seçki koalisiyası adlandıran bir qrupun Hilal Məmmədov məsələsini indiki mərhələdə gündəmə gətirməsinin nə anlamı var? Həmçinin Hilal Məmmədovun həbsinin jurnalistik fəaliyyəti ilə bağlı olmadığı çoxdan sübuta yetirilib, onun, ümumiyyətlə, jurnalistikaya aidiyyətinin olub-olmaması mübahisəli məsələlər sırasındadır. Belə çıxır ki, bəyanat müəllifləri ya gerçəklikdən xəbərdar deyillər, ya da xəbərdar olduqları gerçəklikləri təhrif olunmuş formada təqdim etməklə ictimai rəyi çaşdırmaq kimi qərəzli mövqe güdürlər. İnternet azad məkandır, amma internet azadlığından və sosial medianın imkanlarından istifadə edib sabitliyi pozmağa cəhd göstərmək, başqasının şəxsi həyatına müdaxilə etmək qanunla yasaqdır. Əgər bu qanunları kimsə pozursa və qarşılığında qanunla cəzalandırılırsa, onların qeyd-şərtsiz azad edilməsini, məsuliyyətdən azad edilməsini tələb etmək bəyəm demokratiya göstəricisidirmi? Əksinə, demokratiya dərk edilmiş intizam deməkdir və özünü demokratik qüvvə sayan qurum “qeydi -şərtsiz azadlıq” yox, ədalətli, şəffaf məhkəmə tələb etməlidir.
Bəyanatı diqqətlə təhlil etdikdə, bu kimi onlarca fakt aşkarlamaq mümkündür”.
Ekspertə görə, faktların qarışdırılması isə onun göstərir ki, bəyanat günün zərurətindən yox, kiminsə şəxsi maraqlarının təmin edilməsi motivindən ortaya çıxıb, reallığı əks etdirmir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info