“Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə etinasız yanaşır”
Tarix: 24.07.2018 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Ermənistanın yeni rəhbərliyi 30 ildir davam edən Dağlıq Qarabağ probleminin həllinə etinasız yanaşır və bu münaqişənin nizama salınmasında rəsmi Yerevanın uzun illərdir davam edən mövqeyini qoruyub saxlayır.
Beynəlxalq Böhran Qrupunun rəsmi saytında yerləşdirilmiş 2018-ci il üçün ikinci hesabatda Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizama salınmasına qeyri-konstruktiv mövqeyi tənqid edilir. Bildirilir ki, başı daxili problemlərin həllinə qarışmış Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına biganə münasibəti gərginliyin artmasına səbəb ola bilər. Münaqişənin həlli istiqamətində hər hansı irəliləyişin olmaması Azərbaycanı öz ərazilərini hərbi yolla qaytarmağa məcbur edə bilər.
Hesabatda rəsmi Bakının uzun müddətdir davam edən qeyri-müəyyənlikdən narazı olduğu və bunun da onun status-kvonu dəyişdirmək niyyətini gücləndirə biləcəyi qeyd edilir. Münaqişənin yenidən alovlanmasının 2016-cı ilin Aprel döyüşlərindən də ağır nəticələrə gətirib çıxaracağı vurğulanan hesabatda deyilir ki, güzəştə getməkdən imtina edən Ermənistan hökuməti sərhəd bölgəsindəki 300 min dinc əhalinin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində raketlərin və artilleriyanın yaxınlığında yaşayan 150 min erməninin taleyini düşünməlidir.

“Paşinyanın Dağlıq Qarabağ danışıqlarında imitasiya resurslarından istifadə edəcəyi də şəksizdir”
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyan baş nazir təyin olunan kimi, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfər etdi: “Dağlıq Qarabağın müstəqil, 3-cü tərəf kimi danışıqlarda iştirak edəcəyini bəyan etdi. Bu istiqamətdə çox səy göstərsə də, ən ciddi əks-zərbəni Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı F.Moqerinidən aldı”.
Politoloq bildirib ki, Brüsseldə N.Paşinyanla görüşdən dərhal sonra F.Moqerini danışıqların heç bir şərt qoyulmadan və səmimi davamına çağırış etdi: “Bəllidir ki, Paşinyan Moqeriniyə “üçtərəfli nağıl”ını danışmışdı və adekvat cavab aldı. Yerevanda ilk mətbuat konfransında Paşinyan Dağlıq Qarabağın tənzimlənməsinin son mərhələsində danışıqlara qatılacağını əsas götürərək, Azərbaycan Prezidenti ilə danışıqlara hazır olduğunu bəyan etdi. Əvvəla, Paşinyanın cəmi iki ay ərzində prinsipial mövqeyindən geri çəkilməsi diqqəti cəlb edir. Beynəlxalq ictimaiyyətin təzyiqləri Paşinyana təsir edir. İkincisi, Paşinyan Dağlıq Qarabağ tənzimlənməsində özünün əsas mövqeyinə qayıda bilər. Məhz Dağlıq Qarabağ tənzimlənməsinə Sarkisyandan fərqli yanaşması Paşinyanın mitinqlərini kütləvi etmişdi. “Üçtərəfli nağıl” Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində danışıqlardan yayınmaq üçün yaratdığı yeganə maneə deyil. O, oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərdi. Dağlıq Qarabağ ermənilərinin yaydığı məlumata görə Xankəndidə Paşinyanın oğlu üçün kirayə qalmağa mənzil axtarılır”.
M. Əhmədoğlu qeyd edib ki, N.Paşinyanın oğlunun Ermənistan vətəndaşı olaraq de-yure Azərbaycan ərazisində rəsmi Bakıdan icazəsiz istənilən fəaliyyətlə məşğul olması beynəlxalq hüquqa ziddir. Hərbi xidmətlə məşğul olması isə beynəlxalq hüquq normalarını tapdalamaq deməkdir: “Paşinyan son mətbuat konfransında beynəlxalq münasibətlər sisteminə etinasız olduğunu açıq şəkildə bəyan etdi. Ermənistandan fərqli olaraq Azərbaycan rəhbərliyi beynəlxalq hüquqa laqeyd qala bilməz. Ona görə Paşinyan oğlunun de-yure Azərbaycan ərazisində uzunmüddətli qalmasını rəsmi Bakı ilə razılaşdırmalıdır. Bu razılaşma olmayacaqsa, Paşinyanın İlham Əliyevlə danışıqlar aparmağa hazır olması barədə dedikləri növbəti yalandan başqa, bir şey deyil”.
Politoloq onu da vurğulayıb ki, N.Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində konstitusiya dəyişikliyi və parlament idarəçiliyinə keçmək adı ilə hazırlanmış Dağlıq Qarabağ danışıqlarında imitasiya resurslarından istifadə edəcəyi də şəksizdir: “Paşinyan ağıllı və savadlı rəhbər deyil. Amma zorun rolunu tez başa düşən rəhbərdir. Bütün maneə və baryerləri aradan qaldırmaqla Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesinə start verməlidir. Ermənistandakı konstitusiya dəyişikliyinin yaratdığı qeyri-müəyyənliyi Paşinyan özü aradan qaldırmalıdır. Bunun da 2 yolu var. Ya hökumət və parlament Ermənistan prezidentinə səlahiyyət verməli, danışıqları Ermənistan prezidenti aparmalıdır və ya özü Azərbaycanın baş naziri ilə danışıqlara təşəbbüs göstərməlidir. Paşinyan bu iki variant arasında seçim etdiyi dövrdə danışıqlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında aparılmalıdır. Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlara hazırdır. Erməni icmasına danışıqlara qoşulmaq üçün əmri Paşinyan verməlidir”.

Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri niyə qorxu və təşviş içindədirlər?
Bu arada son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin bir-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinin, qorxu və təşviş içində olmalarının sübutudur.
Bunu Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “Lazım gələrsə, Mingəçevir SES-ə dərhal zərbə endiriləcəyi” barədə dedikləri ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddətdə məhv etməyə qadirdir. L.Mnakasyanın budəfəki absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. Düşmən tərəf belə məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”, - deyə Müdafiə Nazirliyinin cavabında xüsusi vurğulanıb.

Aprel döyüşlərindən bəhs edən “Yüksəklik” virtual oyunu təqdim olunub
Onu da əlavə edək ki, Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub. “Yüksəklik” adlanan virtual reallıq döyüş oyunu düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə, Lələtəpə yüksəkliyini necə əldə etmələrinə həsr olunub.
Layihənin təqdimatında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli bildirib ki, onlar ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu innovativ layihələrə daim dəstək göstərirlər. Bu layihə də onlardan biridir.
Startapın yaradıcısı Fərid Davudov qeyd edib ki, oyuna həyəcansız baxmaq mümkün deyil. O, oyunda Aprel döyüşlərinin bütün ab-havasını təqdim etməyə çalışdığını deyib. Virtual reallığın, ümumiyyətlə, 13 yaşdan yuxarı hesablandığını nəzərə alan F.Davudov videoya balaca uşaqların baxmasını tövsiyə etmir. Çünki oyunda Aprel döyüşlərinin bütün gərginlikləri də əks olunub.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info