“Azərbaycandan Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram”
Tarix: 24.07.2018 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Cenni Qroza: “Nyu-Yorkda azərbaycanlı ailə haqqında film çəkmək ideyası da Azərbaycan haqqında olan xoş xatirələrimlə bağlıdır”
Xəbər verdiyimiz kimi, ABŞ-ın “UnionDocs” kinostudiyası Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. Filmin çəkilişində iştirak edənlərdən biri olan Cenni Qroza 2006-2008-ci illərdə Azərbaycanda yaşayıb. O, Sülh təşkilatının xətti ilə 3 ay Sumqayıtda, 2 il isə Tovuz rayonunda məktəblilərə ingilis dilini tədris edib. Cenni Qroza qəzetimizə müsahibəsində Azərbaycanla bağlı təəssüratlarını bildirib.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Əslində, Tovuz haqqında xatirələrim daha çoxdur. Elə hesab edirəm ki, Tovuz Azərbaycanın digər bölgələrindən fərqlidir. Doğrusu, orada yaşadığım illərdə çoxlu dostlar qazanmışdım və onlardan çoxu da qadınlar idi. İndi onlar haqqında fikirləşirəm və darıxıram. İki qadın ilə daha yaxın rəfiqə idik, onlardan biri mənimlə birlikdə məktəbdə müəllim işləyirdi, digəri isə başqa bir müəllimənin qızı idi. Hər ikisi mənim həmyaşıdım idilər.
- İki ilə yaxın Azərbaycanda yaşamısınız. Bizim ölkəmizlə və adət-ənənəmizlə bağlı ən çox yadınızda qalan nədir?
- Azərbaycanda insanlar çox qonaqpərvərdirlər. Dərsdən sonra hər gün bir nəfər məni evinə dəvət edərdi. Onların süfrəyə qoyduqları yeməkləri mən ömrümdə görməmişdim. Yeməklər çox ləzzətli olurdu. Hərdən mənə elə gəlirdi ki, evin xanımları bütün günü bu yeməkləri hazırlayıblar. Hər zaman məndən başqa çoxlu qonaq da dəvət edərdilər. Ləzzətli süfrə arxasında mehriban və maraqlı söhbətlər edərdilər. Mən başa düşmədikdə ingilis dilini bilən dostlarım tərcümə edirdilər. Azərbaycanlıların qonaqpərvərliyi və digər insanlara diqqətli münasibəti çox təqdirəlayiqdir. Amerikada, xüsusilə də Nyu-Yorkda insanlar çox biganədirlər. Onlar çox işləyir, digər insanlarla maraqlanmır, bir-birlərinə sual vermirlər. Azərbaycanda isə, əksinə, insanlar bir-birləri ilə maraqlanırlar. Əslində, mən də belə insan olduğum üçün bu xüsusiyyət mənə çox xoş gəlirdi.
-Olubmu ki, ABŞ-a döndükdən sonra azərbaycanlılarla bağlı hansısa xüsusiyyəti həyat fəaliyyətinizdə təkrarlayasınız?
-Müəllimlik peşəsi mənə çətin gəlirdi, çünki, məncə, mən yaxşı müəllim deyildim. Sadəcə, işləyə-işləyə bu peşəni sevirdim, çünki mən öz şagirdlərimi sevirdim. Onlardan bir çoxu mənim qaldığım evə gəlirdi. Bu uşaqlar həm ingilis dilini öyrənirdilər, həm də məni yalnız qoymurdular. Onlar mənə çox yardım edirdilər, istəyirdilər ki, mən darıxmayım. Qadınlar mənə ana kimi davranırdılar. İnsanların bu qədər yardımsevər olmaları mənim də davranışıma sirayət etmişdi. Amerikaya qayıtdıqdan sonra mən də insanlara yardım etməyə çalışıram. Bu çox gözəl xüsusiyyətdir. Mən buna görə azərbaycanlılara minnətdaram. Yaddaşımda qalan digər xatirə də Azərbaycanda olan meyvə-tərəvəzlərin ləzzətidir. Nyu-Yorka qayıtdıqdan sonra uzun müddət bu dadı axtardım, ancaq tapa bilmədim. Orada işdən sonra bazara gedərdim. Dadlı meyvələr, yağ, pendir, təndir çörəyi alardım. Bazarda bir şüşəli otaq vardı, orada müxtəlif növ pendir, yağ satılırdı. Mənim ən çox sevdiyim isə “motal” pendiri idi.
Milli yeməklərdən dovğa, plov, yarpaq dolması və xüsusilə paxlavanı çox sevirəm. Bir dəfə yarpaq dolması bişirmək istədim, ancaq alınmadı.
- Ümumiyyətlə, Azərbaycan sizi hansısa formada dəyişə bildimi?
- Mən Azərbaycana getməyə qərar verəndə 23 yaşım var idi. Kolleci yeni bitirmişdim və heç zaman evdən, atamdan belə uzunmüddətli ayrılmamışdım. Doğrudur, 6 ay Avropada yaşamışdım, ancaq Azərbaycandakı ikiillik həyatım tamamilə fərqli idi. Adət-ənənə, həyat tərzi, dünyagörüşü mənə görə yeni və fərqli bir dünya idi. Mən qadın olmanın nə qədər çətin olduğunu Azərbaycanda daha çox hiss etdim. Azərbaycanlı qadınlar çox zəhmətkeş, mehriban, qayğıkeş və ailəcanlıdırlar. Azərbaycana gedəndə çox gənc və sadəlövh idim. Elə düşünürdüm ki, gedib ingilis dilini tədris edəcəm, dünyanı dəyişəcəm...
Azərbaycandan tam fərqli bir insan kimi qayıtdım. Daha müdrik, daha ağıllı, yeni insani keyfiyyətlər qazanmış bir Cenni döndü Nyu-Yorka. O vaxtdan dünyaya başqa gözlə baxmağa başladım.
- ABŞ-dakı Azərbaycan diaspor təşkilatları ilə tanışlığınız varmı?
- Nyu-Yorkda azərbaycanlı ailə haqqında film çəkmək ideyası da Azərbaycan haqqında olan xoş xatirələrimlə bağlıdır. Bu filmdə də əsas qəhrəmanlar mənə mənəvi cəhətdən yaxın olan Azərbaycan qadınlarıdır. Bu qadınlar 3 nəslin nümayəndələridirlər. İsmət xanım, Minəvvər xanım və Nərmin mənə daha çox şey öyrətdi. Hər zaman çəkilişə gəldiyimizdə bu ailə bizi ən yaxın adamları kimi qarşılayardı. Çəkilişdən sonra hər zaman milli yeməklərdən ibarət süfrə açılardı. Bizi həmin yeməklərdən dadmamış yola salmazdılar.
Mənim uşaqlığım yalnız atamla keçib, anasız böyümüşəm. Hazırda hamiləyəm. Hamiləliyim dövründə bu ailənin əhatəsində olmağım da mənə çox müsbət təsir göstərdi. Bu ailədə olan ailə üzvlərinin bir-birinə olan münasibəti mənə mehriban və sağlam ailənin bir nümunəsini verdi. Mən bu ailədə nənə-nəvə, ata-ana, ana-qız, ana-oğul, ata-qız, ata-oğul, kürəkən-qaynana münasibətlərinə heyran oldum. Mən də çalışacam ki, gələcək övladıma yaxşı ana olum.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info