“Fransadan daha çox xarici investisiya cəlb ediləcək”
Tarix: 25.07.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər



“Fransa şirkətlərinin Azərbaycana bu qədər maraq göstərməsi Prezidentin apardığı düşünülmüş siyasətin nəticəsidir”


Ölkə başçısının Fransaya rəsmi səfəri uğurlu nəticələrlə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində siyasi görüşlərlə yanaşı, burada 11 şirkətin nümayəndələri ilə səmərəli görüşlər keçirdi. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalandı. Millət vəkilləri, ictimaiyyətin nümayəndələri, mütəxəssislər bu səfərin həm siyasi, həm iqtisadi baxımdan nəticələrini yüksək qiymətləndirirlər:


“Bakı-Tbilisi-Qars, TAP və TANAP kimi iri layihələr ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb”


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri və keçirilən çoxsaylı görüşlər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. A.Hüseynov qeyd edib ki, xüsusən, səfər çərçivəsində Fransanın qeyri-neft sektorunda çalışan iri şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşdə fəallıq göstərmələri Azərbaycanın qeyri-neft sektoruna böyük marağın olmasının göstəricisidir: “Eyni zamanda bu onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və investisiya qoyuluşu üçün sabit və güvənli ölkə kimi qəbul olunur. Səfər çərçivəsində həmin şirkətlərlə imzalanmış dəyəri iki milyard dollardan artıq olan razılaşmalar, əlbəttə ki, Azərbaycana investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər Azərbaycanda yeni iş yerlərinin açılmasına, ümumdaxili məhsulun artmasına, əhalinin rifahının yaxşılaşmasına xidmət edəcək”.
Millət vəkili vurğulayıb ki, Fransa şirkətlərinin Azərbaycana bu qədər maraq göstərməsi Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin nəticəsidir: “Birincisi, bu gün Azərbaycanda siyasi sabitlik hökm sürür, əlverişli biznes mühiti yaradılıb. Eyni zamanda, Azərbaycanın dünya üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP və TANAP qaz boru kəmərləri kimi iri layihələr həyata keçirməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda çalışan şirkətlər də Azərbaycana investisiya qoymağa maraq göstərir”.
Onun fikrincə, iqtisadi sahədə əməkdaşlığın genişlənməsi, əlbəttə ki, Azərbaycanla Fransa arasında mədəni, sosial və digər sahələrdə də münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək.


“Prezidentin Fransaya səfəri Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək”
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Fransa Azərbaycan üçün əsas tərəfdaşlardan biridir. Onun sözlərinə görə, Azərbaycanın ümumi iqtisadi dövriyyəsinin yarıdan çoxunun Avropa Birliyinin payına düşdüyünü nəzərə alsaq, Fransanın bu dövriyyədə payı müxtəlif illərdə kifayət qədər böyük olub: “2011-ci ildə Fransanın iqtisadi dövriyyədə payı 4 milyard dollardan artıq, 2017-ci ildə isə Azərbaycan Fransaya yarım milyard dollara yaxın məhsul ixrac edib. Eyni zamanda Azərbaycanın cəlb etdiyi xarici birbaşa investisiyaların 7.6 faizi Fransanın payına düşür. Bu baxımdan, Prezidentin Fransaya səfəri, bir tərəfdən təcrübəli əməkdaşlığın genişləndirilməsi, digər tərəfdən Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələrin imzalanması baxımından əhəmiyyətli idi”.
İqtisadçı ekspert söyləyib ki, cəlb edilən sərmayələrin strukturunda qeyri-neft sektoruna yönəldiləcək investisiyaların həcmi kifayət qədər çoxdur: “Bu, ölkəmizdə qeyri-neft sektorunun inkişafını dəstəkləməklə yanaşı, bu sektorun istehsalı və ixracının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir”.
V.Bayramov qeyd edib ki, praktiki olaraq səfər həm Azərbaycan-Fransa arasında iqtisadi dövriyyənin artırılması, eyni zamanda Fransadan daha çox xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir: “Səfər iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Fransadan birbaşa xarici investisiyaların cəlb edilməsi, texnologiya və innovasiyanın idxal edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Avropa Birliyinin investisiyalarının özəlliyi bu investisiyaların ölkəyə innovasiya və texnologiyanın cəlb etmək imkanına malik olmasından ibarətdir. Bu da nəticə etibarilə iqtisadiyyatın, xüsusən də emaledici sənayenin inkişafına birbaşa təkan verir. Bu kontekstdən Prezidentin Fransaya səfəri Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək və ölkəmizin qeyri-neft sektorunun inkişafına daha innovativ sərmayələrin cəlb etməsinə şərait yaradacaq”.

“Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə əlaqələrinin bütün istiqamətlərdə daha da inkişafına imkan verəcək”

Millət vəkili Rauf Əliyevin fikrincə, Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. R.Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir:
"Rəsmi səfər çərçivəsində Prezident Fransanın 11 ən nüfuzlu şirkətinin, o cümlədən SADE, “Bouygues Travaux Publics”, “CIFAL”, “IVECO France”, “Airbus”, “Total”ın rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdə iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd olunub. Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyəri olan müqavilələr bağlanıb. Azərbaycan tərəfdən “Azərsu” ASC, “Azərkosmos” ASC, “Azərbaycan Hava Yolları” QSC və Fransa tərəfdən “SUEZ Group", Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi, “Thales” şirkəti arasında əməkdaşlıq müqavilələri imzalandı. Bu müqavilələr reallaşdığı təqdirdə onların dəyəri daha da artacaq".
Millət vəkili bildirib ki, müqavilə bağlanılan şirkətlərin əksəriyyəti Azərbaycanda qeyri-neft sektoruna investisiyalar qoymağa maraq göstərir: "Bu maraq hazırda Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı məqsədilə aparılan iqtisadi islahatların tələblərinə uyğun gəlir. İnanırıq ki, Prezidentin Fransaya səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində daha yüksək mərhələyə qalxmasına şərait yaradacaq, bu münasibətlər daha da inkişaf edəcək, çünki bu, hər iki dövlətin və xalqlarımızın mənafeyinə uyğundur".

“Prezidentin Fransa səfərinin yekunları Azərbaycanın dünyadakı siyasi və iqtisadi çəkisinin göstəricisidir”
“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyevin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin xarici siyasətinin yönəldiyi istiqamətlərdən biri Avropa İttifaqına daxil olan ölkələrlə sıx əlaqələrin qurulması idi: “Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev prezident seçildikdən sonra ilk xarici səfərini Fransaya etmişdi. Çünki erməni lobbisinin Avropada ən güclü olduğu bir dövlətlə yaxınlaşma siyasəti zamanın tələbi idi. Fransa həm də siyasi, iqtisadi və hərbi baxımdan Avropanın iki ən güclü dövlətindən biridir. Prezident İlham Əliyev də hakimiyyətinin ilk illərindən Fransa ilə münasibətləri davam etdirdi və son səfər də göstərdi ki, ikitərəfli əlaqələrimiz artıq ən yüksək səviyyədədir. Siyasi sahədəki münasibətlərimiz qarşılıqlı etibara, etimada, inama əsaslanır. Eyni zamanda gündən-günə güclənən iqtisadi əlaqələrimiz siyasi əməkdaşlığın möhkəm olması üçün zəmin yaradır. Bilirsiniz ki, ideoloji prinsiplərin xarici əlaqələrdə rol oynadığı dönəmlər arxada, 20-ci əsrdə qaldı. Yeni minilliyin başlanğıcından dövlətlərin iqtisadi maraqları münasibətlərdə birinci dərəcəli rol oynayır. Prezident İlham Əliyev müasir dünyada gedən siyasi-iqtisadi prosesləri mükəmməl bildiyindən, beynəlxalq münasibətlərimizdə problemlərimiz yox dərəcəsindədir”.
Baş redaktorun fikrincə, təsadüfi deyil ki, Prezident Fransaya səfəri çərçivəsində bu dövlətin 11 aparıcı şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirdi: “Bu şirkətlər nəinki Fransanın və Avropanın, hətta dünyanın ən nəhəng şirkətləri sırasında yer alır. Onlardan “Airbus”, “Total”, “IVECO France” və s. ilə xeyli müddətdir ki, əməkdaşlıq edirik. Kosmik sənayemiz, yanacaq-energetika sahəsi bu şirkətlərlə bağlıdır. Nəqliyyat sahəsindəki əlaqələr, o cümlədən paytaxtımızdakı son model sərnişin avtobusları Azərbaycanın infrastrukturundakı müasirləşmədə həlledici rol oynayır. Prezidentin səfəri zamanı “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə Azərbaycan-Fransa hərbi-texniki əməkdaşlığının müzakirə edilməsi və bu sahədə yaxşı imkanların olduğunun qeyd edilməsi də vacib məqamlardan biridir. Fransa silah sənayesi sahəsində öndə gedən dövlətlərdən biridir, bu baxımdan, hərbi-texniki əlaqələrin güclənməsi bizə yalnız fayda verə bilər.
N.Əliyevin sözlərinə görə, Fransa ilə mədəni əlaqələrimiz də ən yüksək səviyyədədir və bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var: “Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Yüz illərdir ki, Fransada məskunlaşan ermənilərin bu möhtəşəmlikdə mərkəzləri yoxdur. Hətta bu yaxınlarda az qalırdılar ki, vəsait çatışmazlığından mədəniyyət mərkəzlərini bağlasınlar. Sonda onu da vurğulayaq ki, bir neçə gün ərzində İtaliya Prezidentinin Bakıya gəlişi, ardınca İlham Əliyevin Fransa səfəri, bu dövlətin Prezidenti Makronla görüşü və bütövlükdə səfərin nəticələri Azərbaycanın dünyadakı siyasi və iqtisadi çəkisinin göstəricisidir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info