Naxçıvan Muxtar Respublikasi iqtisadi artıma inamla davam edir
Tarix: 25.07.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası cari ilin ötən dövrünü çox mühüm sosial-iqtisadi göstəricilərlə geridə qoydu. Nəzərdə tutulan tədbirlərin və qarşıya qoyulan məqsədlərin ən gerçək ifadəsi olan uğurlar muxtar respublikanın davam edən islahatlar fonundakı görüntüsünü təşkil etməkdədir. Əvvəlki illərdə və dövrlərdə olduğu kimi, 2018-ci ilin ötən altı ayının sosial-iqtisadi xronikasında da qətiyyətli iqtisadi siyasətin ən möhtəşəm nəticələri özünə yer almışdır. İstehsal amillərinin qorunması, səmərəli istifadəsi, inkişafı və məhsuldarlığı makroiqtisadi siyasətin getdikcə artan əhəmiyyət göstəricilərinə çevrilmiş və bu, muxtar respublikada güclü təminat qabiliyyətinə malik iqtisadiyyat yaratmışdır. İqtisadi və hüquqi tənzimləmələr bütün sahələrin hərəkətverici qüvvəsinə çevrilmiş, bununla da müvafiq sahələr üzrə potensial çoxşaxəlilik əsasında təşəkkül tapmışdır.
Ölkə iqtisadiyyatının uzaq gələcək üzrə müəyyən etdiyi hədəflər və seçdiyi prioritetlərin gerçəkləşməsində onun regional iqtisadi siyasətinin də mühüm təsiri vardır. Mütərəqqi potensial əsasında nail olunan bu tədbirlərdə muxtar respublikanın da tarixən özünü təsdiq edən rolu milli iqtisadiyyat sahəsindəki addımlara daha da qətiyyətlilik gətirmişdir. Nəticədə isə bunlar cari ilin ötən dövrü ərzində etibarlı və müqavimətli göstəriciyə çevrilmişdir. Fikrimizi müvafiq dövr üzrə muxtar respublikada istehsal edilən Ümumi Daxili Məhsulun həcmi də sübut etməkdədir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında əsas makroiqtisadi göstəricinin həcmi 1 milyard 246 milyon 624 min manatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4 faiz çoxdur. Təbii ki, bu potensial cari dövr üçün güclü dayaqlar təşkil etməklə qarşıdakı mərhələlərdə ardıcıl perspektivlərə qapılar açacaqdır.
Qeyd edək ki, bu göstərici muxtar respublikanın mövcud coğrafi-iqtisadi şəraiti üçün, onun sosiallaşma məqsədlərinin gerçəkliyi naminə çox zəruridir. Çünki uzun illərdir ki, bu əziz torpaq bədnam ermənilərin çirkin təcavüzü nəticəsində blokada vəziyyətində qalmaqdadır. Ancaq, buna baxmayaraq, düzgün yol, müdrik idarəetmə və möhkəm təcrübə muxtar respublikanın bu neqativ halın təsirlərini sıfıra bərabər etməyə qadir olmuş və davamlı, eyni zamanda perspektivli uğurlar əldə edilməkdədir. Təbii ki, bu isə imkan vermişdir ki, əhalinin sosial maraqlarının dolğun ifadə oluna bildiyi iqtisadi potensial formalaşsın. Tərəddüd etmədən qeyd edə bilərik ki, muxtar respublikada bu məqsədlər tamamilə reallığa çevrilmişdir. Elə bunun nəticəsidir ki, cari ilin ötən dövründə burada ÜDM-in hər nəfərə düşən həcmi 2748 manatdan çox təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 2,3 faiz artıqdır. Buradan da göründüyü kimi, muxtar respublikada hər bir sakinin maraq və mənafeyini ifadə edə bilən iqtisadiyyat formalaşmış və bu, makroiqtisadi proseslərin ən səmərəli nəticələrini özündə yaşatmaqdadır.
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın üstün cəhətləri çoxistiqamətlidir. Burada spesifik xüsusiyyətlərə malik olan hal kimi iqtisadiyyatın sahə strukturunun əlaqəliliyə və ardıcıllığa söykənməsini göstərə bilərik ki, bu da özünü bir-birini əvəz edən illərin əsas makroiqtisadi göstəricilərini təşkil etməkdədir. Bütün bölgələrin, kəndlərin, qəsəbələrin və hətta şəhərlərin iqtisadi-istehsal münasibətlərinin inkişafına verdiyi töhfələr burada iqtisadiyyatın aparıcı sahələrinin yüksək artım tempi ilə təşəkkül tapmasına imkanlar açmışdır. Bunu muxtar respublikada real sektorun inkişafı da sübut etməkdədir. Ölkə iqtisadiyyatının prioritetlərinə hesablanan bu potensial özünün pozitiv nəticələri ilə seçilməkdədir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 30,1 faizlə sənaye tutmuşdur ki, bu da muxtar respublika iqtisadiyyatının sənaye əhəmiyyətliliyinin yüksəldilməsi məqsədləri üçün xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, bu amil muxtar respublikada sənayeləşmə siyasətinin səmərəliliyini göstərməklə yaradılacaq Sənaye Parklarının fəaliyyətinin təşkili və idarə olunması məsələlərində güclü baza olacağını göstərməkdədir.
İqtisadiyyatın aktual problemlərin həllindəki rolunun yüksəldilməsi onun artan tələbatlar qarşısındakı gücünü də artırmışdır ki, bu da maddi istehsalın həcminin pozitiv dinamikası ilə ifadə oluna bilər. Belə ki, bu sahənin ÜDM-dəki payı 57,6 faiz təşkil etmişdir ki, bu da sosiallaşma sahəsindəki proseslərin səmərəliliyini daha artırmışdır. Müasir müstəqilliyin gənc yaşlarında olan ölkə iqtisadiyyatında bu təşkilatlanmanın mövcud olması yaxın və uzaq gələcək üçün yüksək və artan göstəricidir.
İqtisadi artım güclü müqavimət, dayanıqlı potensial və sarsılmaz dayaqlar deməkdir. Bunlar təmin edilərsə, makroiqtisadi göstəricilərin strukturu da uzaq gələcək üzrə perspektivlilik vəd edər və bu, gerçək olar. Bu mənada muxtar respublikada 2018-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu üzrə artım 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz təşkil etmişdir. Bu, əsas kapitala yönəldilən vəsaitlərin həcmində 2,1 faiz, kənd təsərrüfatı məhsulun istehsalında 3,6 faiz, nəqliyyat sektorunda yük daşınmasında 1,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmində 2,6 faiz, o cümlədən mobil rabitə xidmətində 2 faiz təşkil etmişdir. Bu göstəricilər muxtar respublikanın uzun illərə xas olan tarixi-iqtisadi inkişaf yolunun ən gerçək ifadəsidir.
Heç şübhəsiz ki, muxtar respublika iqtisadiyyatı istehsal anlayışının ardıcıllığı, fasiləsizliyi, təminatlılığı, bununla da yüksək sosial mahiyyəti ilə fərqlənməkdədir. Mövcud iqtisadi potensial onu göstərir ki, burada bütün rayonlar və hətta bütün kəndlərdə istehsal infrastrukturu ciddi şəkildə təşkilatlanmış və özünün mezoiqtisadi əhəmiyyətliliyi ilə daha da strateji mahiyyət kəsb etməkdədir. Təbii ki, burada xammal mənbələrinin əlçatanlığı, onun emal proseslərindəki çevik iştirakı, bununla da istehsal mexanizmlərinin səfərbər edilməsi məsələlərinin dolğunluğu mühüm təsirə malikdir. Belə olan vəziyyətdə isə istehsal, bölgü, mübadilə və istehlak arasındakı qırılmazlıq təmin edilməklə, sosial-iqtisadi inkişafın güclü bazası yaradılmışdır. Qeyd edək ki, bütün bu proseslərin vəhdəti iqtisadiyyatın əsas və aparıcı sahəsi olan sənayenin daha mütərəqqi inkişafına stimul verməkdədir. Aparılan islahatlar, göstərilən diqqət və qayğı iqtisadiyyatın sənaye əhəmiyyətinin artmasında daha böyük göstəricilərlə ifadə edilməkdədir. 2018-ci ilin yanvar-iyun aylarında 536 milyon 780 min manat dəyərində sənaye məhsulunun istehsal olunması məhz bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsinin nəticəsidir. Onu da qeyd edək ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 1,4 faiz artıqdır. İstehsal olunan sənaye məhsullarının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin üzərinə düşməkdədir. Xüsusi mülkiyyətin iqtisadi idarəetmə sahəsindəki üstünlüyü özünü bu istiqamətdə də göstərməkdədir. Belə ki, istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 95,8 faiz təşkil etməkdədir. Milli iqtisadiyyatın əsas perspektivləri baxımından yanaşdıqda görünür ki, əsas prioritetlərdən olan ixracyönlü məhsulların istehsalı sahəsində dinamik artım tempi diqqətdə saxlanılmış və müvafiq dövrdə 150 milyon 851 min 800 ABŞ dolları həcmində sənaye məhsulu ixrac edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası malik olduğu iqtisadi güclə tikinti sahəsindəki layihələrini qətiyyətlə reallaşdırmaqdadır. Əhalinin sosial problemlərinin həllini, ucqar dağ kəndlərində istehsal imkanlarının genişləndirilməsini, kiçik və orta sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasını hədəfləyən tədbirlər muxtar respublikada tikinti və quraşdırma işləri sahəsindəki proseslərin düzgün təşkili və idarə olunmasını daha da sürətləndirmişdir. Cari ilin ötən dövrü ərzində bütün maliyyə mənbələrindən muxtar respublikada əsas kapitala yönəldilən vəsaitlərin həcmi 547 milyon 885 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricini 2,1 faiz üstələmişdir. Ən müasir, ən mütərəqqi ideyalarla əldə edilən bu göstəricinin 95,2 faizi, daha doğrusu, 521 milyon 610 manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Muxtar respublikada əhalinin sosial dayaqlarının möhkəmlənməsini, etibarlı ərzaq təhlükəsizliyinin təminatındakı rolunu, bununla da iqtisadiyyatın dayanıqlığının artırılmasını təmin edən sahə kənd təsərrüfatıdır. Bu sahə muxtar respublikanın ərazi xüsusiyyətlərinə və əhali məskunlaşmasına görə də aktualdır. Buna görə də davamlı inkişaf üzrə iqtisadi və hüquqi tənzimləmələr bu sahənin səmərəliliyini daha da artırmış və tələbata uyğun məhsul istehsalı sahəsində tam ixtisaslaşmışdır. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 128 milyon 162 min 100 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Yuxarıda göstərilən amillər kənd təsərrüfatının həm də strateji məşğulluq imkanlarına malik olduğunu ifadə edir. Bu sahənin perspektivləri ixracyönlü məhsul istehsalının daha da stimullaşmasını sürətləndirmişdir. Torpaqdan təyinatı üzrə istifadə edilməsi, istehsalçıların zəruri texnika və avadanlıqlarla təmin edilmələri, maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması məsələləri aqrar sektorun dövlətin iqtisadi siyasətindəki rolunu artırmaqdadır. Təbii ki, bu isə kənd təsərrüfatı məhsullarının tələbata uyğunluğunu təmin etməklə yanaşı, həm də ixrac edilməsi imkanlarını daha da genişləndirmişdir. Belə ki, bəhs edilən dövrdə muxtar respublikadan 40 milyon 187 min 300 ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac edilmişdir.
İstehsalın müasir dövrdə ən yüksək mahiyyəti kreativ ideya və təşəbbüslərə söykənən sahibkarlıq fəaliyyətilə ifadə edilməkdədir. Bu, iqtisadi potensialın, regional tarazlığın, eləcə də sosial dayanıqlığın təminat göstəriciləridir. Hazırda muxtar respublikada milli iqtisadi inkişafı hədəfləyən tədbirlərin ardıcıllığı sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini də göstərməkdədir. Nəticədə isə yerli məhsulların istehsalı daha da artmışdır ki, bu da daxili bazarın qorunması və yad təsirlərdən mühafizəsi sahəsində mühüm amil hesab edilə bilər. Qeyd edək ki, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Təhlillər göstərir ki, ərzaq məhsullarının 86 faizə yaxını, qeyri-ərzaq məhsullarının 94 faizdən artığı, ümumi məhsul növlərinin isə 92 faizə yaxını tamamilə yerli imkanlar hesabına istehsal edilməkdədir.
Aydındır ki, ardıcıl olaraq həyata keçirilən tədbirlər bir tərəfdən muxtar respublika iqtisadiyyatının sosialyönümlülüyünü artırmaqla yanaşı, digər tərəfdən də onun perspektivliyini yüksəltməkdədir. İstehsal anlayışının mövcudluğu bütün tərəflərilə yanaşı, həm də bu proseslərə cəlb edilən əmək ehtiyatlarının mövcudluğunu ifadə etməkdədir. Daha doğrusu, iqtisadiyyatda məşğul olanların mənafeyini göstərməkdədir. Qeyd edək ki, istinad edilən dövrdə muxtar respublikada 1364 yeni iş yeri açılmışdır ki, bunun da 1341-i və ya 98,3 faizi daimi iş yerlərinin payına düşməkdədir. Davamlı xarakter alan bu artım işsizliyin ən minim səviyyədə saxlanılması üçün güclü təminatdır.
Naxçıvan Muxtar Respublikası coğrafi yerləşməsindən səmərəli istifadə edərək, xarici iqtisadi əlaqələrini inkişaf etdirməkdədir. Bu, həm iqtisadi potensialın artmasına, həm ümumilikdə, ölkənin iqtisadi maraqlarının qorunmasına istiqamətlənib, həm də mövcud blokadanın məhdudlaşdırıcı təsirlərini təsirsiz məhdudlaşdırma ilə əvəzləməkdədir. Təbii ki, bütün hallarda xarici ticarət dövriyyəsinin inkişafı üçün zəruri mexanizmlər yaradılmışdır. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 212 milyon 318 min 800 ABŞ dolları təşkil etmişdir. Əsas hədəflərə doğru uğur hesab edilməklə, xarici ticarət dövriyyəsinin 191 milyon 39 min 100 ABŞ dolları ixracın, 21 milyon 279 min 700 ABŞ dollarını idxalın təşkil etdiyini qeyd edə bilərik. Göründüyü kimi, ixracyönümlü məhsulların istehsalı daim öz aktuallığını saxlamış və ixrac idxalı üstələmişdir. Nəticədə 169 milyon 759 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır ki, bu da nəzərdə tutulan məqsədlərin gerçəkləşdiyini göstərməkdədir.
Təbii ki, hədəflər böyükdür. Həm cari dövrlər üzrə fəaliyyət, həm də qarşıdakı dövrlər üzrə perspektivlər muxtar respublika iqtisadiyyatında sistemi tədbirlər həyata keçirilməsinə zəmin yaratmışdır. Yaradılan güclü infrastruktur və əlverişli şərait muxtar respublikada yeni və get-gedə daha da aktuallaşan turizm sektorunun inkişafını təmin etmişdir. Əgər 1995-ci ildə muxtar respublikamıza 38,6 min turist gəlmişdisə, artıq bu sahədəki proseslərin məhsuldar nizamlanmasının nəticəsidir ki, ötən 2017-ci ilin sonuna müvafiq göstəricinin 413 min 357 turist təşkil etdiyini görməkdəyik. Yəni 11 dəfəyə yaxın artım qeydə alınmışdır. Cari ilin ötən dövründə də muxtar respublika ərazisində turizm zonalarının inkişafı tədbirləri bu sahədəki göstəricilərin də artan miqyasını təmin etmişdir. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 195 min 886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Hesablama aparanda aydın olur ki, təkcə cari ilin altı ayı ərzində muxtar respublikamıza gələn turistlərin sayı 1995-ci il üzrə olan göstəricidən 5 dəfədən çox olmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası müasir müstəqilliyin 27-ci ilində daha güclü və daha etibarlı iqtisadiyyata malik olmaqla, hədəflədiyi inkişaf səviyyəsini təmin etməkdədir. Əzmkarlıq, məhsuldarlıq, qətiyyətlilik, etibarlılıq, təminatlılıq və pozitiv meyarlar sosial-iqtisadi inkişafa daha möhtəşəm dəyər qatmaqdadır. Bunlar ötən dövrün nəticələrinin ilin sonuna qədər daha perspektivli olacağını göstərməkdədir. Muxtar respublikada cari ilin ilk həftələrindən ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi və digər sahələr üzrə əldə edilən nailiyyətlər hər birimiz üçün böyük qürurverici oldu. Belə ki, ötən mərhələlərdə Naxçıvan Muxtar Respublikası üçün tarixi və əlamətdar tədbirlərlə zəngin olmuşdur. Belə ki, bir çox uğurlarla yanaşı:
- 2017-ci ilin nəticələrinə görə, Naxçıvan Muxtar Respublikası “Caspian Energy International Media Group”un tərtib etdiyi və Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin lider oldu;
- Naxçıvan Gənclər Paytaxtı oldu;
-Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri keçirildi;
- Cümhuriyyətimizin yaradılmasının 100-cü ildönümü tədbirləri qeyd olundu;
- Milli Qurtuluş tariximizin 25-ci ildönümüdür;
- Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olundu. İyun ayının 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçirildi və s.
Hazırda da bu məqsədlər çərçivəsində davam edən uğurlar muxtar respublikanın dəyişən və inkişaf edən mənzərəsini formalaşdırmışdır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info