“The Daily Caller” nəşri Ermənistanın Qarabağdakı qanunsuz fəaliyyətindən yazıb
Tarix: 26.07.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Daily Caller” qəzetində Yaxın Şərqin, Avrasiyanın və Türkiyənin geosiyasəti və geostrategiyası üzrə fransız eksperti Maksim Qauinin “Antikorrupsiya həbsləri yalnız başlanğıcdır, lakin Ermənistan, həqiqətən, “öz bataqlığını” quruda biləcəkmi?” sərlövhəli məqaləsi dərc edilib. Materialda “Ermənistan” fondunun qanunsuz hərəkətlərindən, Sarkisyan rejiminin və onun ailəsinin korrupsiyaya qurşanmasından və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

Müəllif yazır ki, ABŞ-dakı erməni diasporunun “maliyyə vəsaitləri toplayan maşını” ciddi bir problemlə - genişmiqyaslı korrupsiya ilə üzləşib. Bildirilir ki, iyulun 3-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ümumdünya “Hayastan” fondunun (“Ermənistan” fondu) icraçı direktoru Ara Vardanyanı həbs edib. O, vəsaitlərin israfçılığında və onlardan təyinatı üzrə istifadə edilməməsində ittiham olunur. Ermənistan hakimiyyət orqanlarının verdiyi məlumata görə, Vardanyan “Ermənistan” fondunun kredit kartından onlayn azart oyunlar üçün istifadə etməsini boynuna alıb. O etiraf edib ki, fonda ianə edilmiş vəsaitlərdən kredit kartının hesabını doldurmaq və özünün dələduzluq fəaliyyətini ört-basdır etmək məqsədilə ödənişlər etmək üçün istifadə edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə Vardanyan 2016-2018-ci illərdə 270.000 ABŞ dollarını mənimsəyib.
Qauin yazır ki, bir həftə bundan əvvəl Yerevan polisi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanı qanunsuz silah saxlamaqda şübhəli şəxs kimi həbs edib. Onun həbs edilməsindən əvvəl, bu il may ayında Federal Təhqiqat Bürosu tərəfindən eks-prezidentin qardaşları Aleksandr və Levon Sarkisyana qarşı “bəyan edilməli mülkiyyəti olmasının gizlədilməsi” və “qeyri-qanuni varlanma” ittihamları üzrə cinayət işi açılıb. Müəllif vurğulayır ki, Sarkisyan qardaşları Birləşmiş Ştatlarda daşınmaz əmlak almaq üçün milyonlarla dollar xərcləyib və Ermənistanın siyasi maraqları üçün xaricdə vəsait toplayan şirkətlərdə mühüm rol oynayıblar. Aleksandr erməni mafiyasının aparıcı bossu, Levon isə Ermənistan XİN-də köhnə səfirdir. Bu yaxınlarda həyata keçirilmiş həbslər vəsait toplanması və lobbiçilik üzrə erməni-Amerika mexanizminin daxilində korrupsiyanın dərin kök salmasını nümayiş etdirir. Məqalədə daha sonra deyilir ki, bu mexanizm “özlərini, guya, erməni xalqını dəstəkləməyə çalışan xeyirxah aktorlar kimi göstərən” qruplardan ibarətdir.

“Əslində, “Ermənistan” fondu özünü yalandan “humanitar” təşkilat kimi qələmə verən, həqiqətdə isə yalnız siyasi lobbi cəbhəsi olan bir kontordur”
1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə təsis edilmiş “Ermənistan” fondu “ölkənin çətinliklərini aradan qaldırmaq, Ermənistanda və Dağlıq Qarabağ regionunda davamlı inkişafa kömək etmək məqsədilə Ermənistandakı və xaricdəki erməniləri birləşdirmək üçün” nəzərdə tutulur. Əslində, “Ermənistan” fondu özünü yalandan “humanitar” təşkilat kimi qələmə verən, həqiqətdə isə yalnız siyasi lobbi cəbhəsi olan bir kontordur. Qauin qeyd edir ki, ABŞ tərəfindən Ermənistana və işğal edilmiş Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının artırılması üçün uzun müddətdir ki, Konqresdə kampaniyalar keçirən iki iri lobbist qrup - Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi “Ermənistan” fondunun affilə edilmiş təşkilatlarıdır.
Bu təşkilatlar Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımayan və Dağlıq Qarabağın gələcək statusunu “tərəflər arasında danışıqlara aid məsələ” hesab edən Dövlət Departamentinin siyasətini təhrif etməyə çalışırlar. Onlar Ermənistanın iqtisadi problemlərini, o cümlədən yoxsulluğun yüksək səviyyəsini, kənd təsərrüfatından ifrat asılılığı, sürətli inflyasiyanı daha da kəskinləşdirir, erməni xalqı üçün son dərəcə zəruri olan yardım üçün nəzərdə tutulan Amerika ianələrini Dağlıq Qarabağdakı qanunsuz rejimin maliyyələşdirilməsinə yönəldirlər. Qəribə də olsa, konqresin bəzi üzvləri, o cümlədən senator Bob Menendes, konqresmen Bred Şerman, konqresin üzvü Ceki Spiyer, Frenk Pallone və digər şübhəli qanunvericilər bu qondarma “xeyriyyə təşkilatları”nı dəstəkləyirlər. Bu da, öz növbəsində, onların özünün korrupsiyaya qurşanması barədə sual doğurur.
Ekspert öz məqaləsinin sonunda yazır ki, Ermənistan və onun yeni peyda olmuş lideri Paşinyan Vardanyanın, Aleksandr və Levon Sarkisyanın, həmçinin korrupsiyaya qurşanmış bütün başqa fərdlərin fəaliyyətindən ibrət dərsi almalıdır. Artıq Paşinyanın “Ermənistan” fonduna, Amerika Erməni Milli Komitəsinə və həm erməni, həm də Amerika xalqını aldadan digər cəbhəçi qruplara qarşı doğru mövqe seçərək həm Ermənistan daxilində, həm də beynəlxalq səviyyədə öz ölkəsi üçün yeni tarix yazmasının vaxtı çatıb.

“Ermənistan və Azərbaycan: əslində, mövcud olmayan atəşkəs rejimi”

“The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Ermənistan və Azərbaycan: əslində, mövcud olmayan atəşkəs rejimi” sərlövhəli məqaləsi dərc edilib. Kontreras öz məqaləsində erməni qoşunlarının diqqət mərkəzində olan Tərtər rayonunun Qapanlı kəndinin nümunəsində işğal edilmiş Dağlıq Qarabağda erməni və Azərbaycan qoşunlarının təmas xətti boyunca yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması faktını təsvir edir.
Müəllif qeyd edir ki, erməni qoşunları Azərbaycan ərazilərini 1992-ci və 1993-cü illərdə işğal ediblər. Azərbaycanlılar Ermənistanın özündən qovulub, Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında etnik təmizləməyə məruz qalıblar. İşğal edilmiş ərazilərdə oyuncaq rejim qurulandan sonra keçən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Qapanlı kəndi erməni silahlı qüvvələri tərəfindən Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən qovulmuş qaçqın və köçkünlərin yerləşdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən abadlaşdırılıb. BMT hesab edir ki, erməni silahlı qüvvələri tərəfindən bir milyona yaxın məcburi köçkün etnik təmizlənməyə məruz qalıb və doğma yurdlarından qovulub. Qapanlı Azərbaycanın bütün ərazisində məcburi köçkünlər üçün salınmış çoxsaylı yaşayış məntəqələrindən biridir. Belə məskənlərin əksəriyyətindən fərqli olaraq Qapanlı qoşunların təmas xəttində yerləşir.
Azərbaycan ərazisinin ermənilər tərəfindən işğalının gedişində beynəlxalq hüququn ən hiddətləndirici pozuntularından biri dağlardan Tərtər rayonuna axan kanalların, arxların və çayların istiqamətinin ermənilər tərəfindən dəyişdirilməsidir. Müəllif yazır ki, müharibə dövründə Azərbaycanın Dağlıq Qarabağ regionunda irriqasiya sistemi pozulub, bu da öz növbəsində Azərbaycanda kənd təsərrüfatı sahələrinin irriqasiyası üçün maneə yaradır. Azərbaycan hökumətinin qərarı ilə 4000 su quyusu qazılıb və beləliklə, hədsiz ehtiyac duyulan su təchizatı təmin edilib.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”
06.11.2018
Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir
05.11.2018
Ermənistanın iflası və özünü təcridi daha da dərinləşəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info