“Obrazlarım mənim üçün çox əzizdir”
Tarix: 19.06.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Əməkdar artist Mətanət Atakişiyeva: “Hər tamaşa bitəndən sonra tamaşaçıların zalda bizi ayaqüstə alqışladıqlarını görmək mənə
dünyaları bəxş edir”


Müsahibim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Prezident mükafatına layiq görülmüş, Əməkdar artist, gözəl aktrisa Mətanət Atakişiyevadır. Müsahibəni oxuculara təqdim edirik:

-Mətanət xanım, Prezident mükafatına layiq görülən incəsənət xadimlərindən birisiniz. Bu mükafatı sənət fəaliyyətinizə verdiyiniz hansı töhfələrə görə qazanmısınız?
- İlk olaraq onu vurğulamaq istəyirəm ki, mən 1983-cü ildə İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib, təyinatla Akademik Milli Dram Teatrına gəlmişəm. Gəldiyim ilk gündən mənim öz dəst-xəttim olub və tamaşalarda müxtəlif səpkili rollar ifa etmişəm. Artıq otuz ildir ki, mən Dram Teatrında çalışıram və bu müddətdə mən bizim korifey sənətkarlarımızla çiyin-çiyinə çalışmışam. Son illərdə oynadığım rollarıma görə, mən 2002-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən Əməkdar artist adına layiq görüldüm. 2008-ci ildə isə Prezident mükafatı aldım. Bu, dövlətin mənim yaradıcılığıma verdiyi qiymətdir. Mənim bu illər ərzində gərgin iş qrafikim olub. Mən bu tamaşalarla ölkəmi xarici ölkələrdə təmsil etmişəm. Biz yeddi dəfə Türkiyədə, üç dəfə Gürcüstanda, Rusiyada, Yaltada, iki dəfə Kazanda, Moldovada, Serbiyada olmuşuq. Artıq Akademik Milli Dram Teatrı sərhədləri aşaraq, Avropaya ayaq açdı. Bununla da biz dünya xalqlarına mədəniyyətimizi nümayiş etdirdik. “Xəcalət” tamaşası Qarabağ mövzusundan bəhs edən ağır tamaşadır. Biz bu tamaşanı altı ildir ki, “Yaddan çıxmaz Qarabağ” devizi altında bölgələrdə oynayırıq. Bu tamaşa hər dəfə uğur qazanır və alqışlarla qarşılanır. Bu tamaşada mən baş rollardan biri olan Fərqanə xanımın acı taleyini canlandırıram. Yurdundan-yuvasından didərgin düşmüş Xocalı qaçqını olan qadının obrazını yaratmışdım. Biz bu tamaşa ilə Serbiyada qastrolda olan zaman o xalq bizim dilimizi bilməsə də (Titrlərdə tərcümələr olunurdu), tamaşa qurtarandan sonra tamaşaçılar bizə yaxınlaşıb bizim ağrı-acımızı anladıqlarını söylədilər. Bizə dedilər ki, tamaşa zamanı bizə tərcümə lazım deyildi. Çünki biz də bu ağrı-acını öz ölkəmizdə yaşamışıq.
Daha sonra mən teatr səhnəsində böyük rollarımdan biri, M.F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərində Pəri xanım obrazını canlandırdım. Bu rolum da sənət fəaliyyətimdə mənə uğur gətirdi. Biz bu tamaşa ilə Gürcüstanda da qastrol səfərində olduq. Ötən ay Mədəniyyət və Turizm Nazirliyi və İsveç səfirliyində çalışan səfirimiz Rafael müəllimin birgə təşəbbüsü ilə may ayının 25-dən 29-na qədər biz Respublika Günü münasibətilə İsveçdə Şödra Teatrında M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış etdik. Orada da tamaşamız yüksək alqışlarla qarşılandı və səfirlik tərəfindən Respublika Gününü qeyd etdik.
- Tamaşaçı sevgisi, tamaşaçı alqışları səhnədə sizə hansı stimul verir?
- Mən hər zaman demişəm ki, biz aktyorların ən böyük mükafatı, ən böyük hədiyyəsi, tamaşaçı alqışı və bir dəstə çiçəkdir. Üç saat ərzində səhnədəki ifamızın qiyməti, sözsüz ki, auditoriyada əyləşib maraqla bizi izləyən tamaşaçıların sonda böyük alqışları olur. Hər tamaşa bitəndən sonra tamaşaçıların zalda bizi ayaqüstə alqışladıqlarını görmək mənə dünyaları bəxş edir. Mən belə düşünürəm ki, mənim üçün bundan böyük xoşbəxtlik yoxdur. Mənim obrazlarım mənim üçün çox əzizdir. Mən Şekspirin əsərində Sarıbernarı rolunu ifa edərkən, tamaşanın sonunda Cülyettanın monoloqunu söyləyirəm və o faciəni öz faciəm kimi göz yaşları içərisində deyirəm. Mən monoloqumu bitirən dəqiqədən tamaşaçılar gurultulu alqışlarla əl çalırdılar. Həqiqətən, bu alqışlar mənim üçün bir aktrisa kimi əvəzolunmaz mükafatdır. Bu alqışların başlıca səbəbi isə rolumdakı fəryadımı tamaşaçıya səhnə qarşısından çatdırmağı bacarmağımdır. Tamaşaçılar da mənimlə birlikdə bu faciəni yaşadıqlarına görə şübhəsiz ki, ifa etdiyim rolu sevgi dolu alqışlarla qarşılayırlar. Mən belə tamaşaçı alqışlarından duyğulanıram və bu alqışlar sayəsində səhnədə qürur hissi duyuram. Düşünürəm ki, bu illər ərzində çəkdiyim zəhmətim, bu sahədə çəkdiyim əziyyətlər, sərf etdiyim illərim hədər getməyib. Tamaşaçı məni alqışlayırsa, deməli bir aktrisa kimi məni dəyərləndirir, qiymətləndirir.
- Xarici ölkələrdə qastrol səfərində olan zaman xarici tamaşaçı alqışları sizin üçün üstünlük təşkil edir, yoxsa öz ölkəmizdə həmvətənlərimizin alqışları sizin üçün daha qiymətlidir?
- Bir aktrisa üçün tamaşaçı tamaşaçıdır. İstər öz teatrımızın səhnəsində, istərsə də ölkə hüdudlarından kənarda. Aktrisa çalışmalıdır ki, oynadığı bütün obrazlarının hisslərini, yaşadığı faciəni, gülüşü, yumoru da tamaşaçısına çatdıra bilsin və sevdirsin. Mükafat olaraq da ondan alqış görsün. Fərq etməz ki, bu xarici tamaşaçıdır, yoxsa yerli tamaşaçı. Amma ki dərinliyə varanda mən, əlbəttə ki, öz teatrımızın səhnəsində öz tamaşaçımızın alqışını görəndə daha da ruhlanıram. Daha da sevinirəm ki, mənim öz xalqımın nümayəndələri, öz tamaşaçım məni sevir. Fikirləşirəm ki, yeni rollarda, yeni obrazlarda daha mükəmməl işləyə bilim ki, öz tamaşaçımın gözündə bir pillə də ucalım. Amma ölkə hüdudlarından kənardakı tamaşaçı məni alqışlayanda mən bir az daha ruhlanıram və düşünürəm ki, bu tək mənim bir aktrisa kimi uğurum deyil. Bu eyni zamanda mənim mədəniyyətimin, Azərbaycan xalqının nümayəndəsi kimi mənim teatr mədəniyyətimin uğurudur ki, başqa ölkə tərəfindən qiymətləndirilir və tamaşaçı tərəfindən sevilir. Bu alqışın bir səbəbi də mənim öz xalqımın mədəniyyətini ölkə hüdudlarından kənarda da lazımi səviyyədə təmsil etməyimdir. Xarici tamaşaçılara dramaturqlarımızın əsərlərini ifa tərzimizlə tanıda bilmişik. Bu da böyük uğurdur və daha böyük rollar üzərində çalışmaq istəyirəm. Daha çox Akademik Milli Dram Teatrımızı xaricdə tanıtmaq istəyirəm. Çünki bu teatrda çalışan qüdrətli aktyorlarımız olub və əlbəttə ki var. Onlar heç də başqa ölkələrin aktyorlarından zəif deyillər.
-Mətanət xanım, sizin üçün ailə həyatı ilə səhnə fəaliyyəti hansı vəhdəti daşıdı... Bunların çərçivə xüsusiyyətləri sizin üçün uyğun oldumu?
- Bəzən sənət dünyasının sakinləri söyləyirlər ki, mən həyatımı sənətimə qurban verdim, ona görə ailə həyatı qura bilmədim. “Mən sənətimi sevirdim, məhəbbətimi sənətimə fəda etdim” deyirlər. Ancaq bu anlamlar mənim üçün keçərli deyil. Çünki bu insan həyatı üçün qəbuledilməz ifadələrdir. Mən belə düşünürəm. Mən öz adımdan söyləyirəm ki, hər bir qadının ana olmaq haqqı var. Hansı sahədə çalışırsan, çalış. Sadəcə olaraq ailəni qurmağı və idarə etməyi bacarmaq gərəkdir.
Mən də bir qadın kimi ailə sahibiyəm. Çox gözəl ailəm var. İki övlad sahibiyəm. Məni başa düşən, mənə dəyər verən həyat yoldaşım var. Mən eyni zamanda hər an atdığım hər bir addımda aktrisa olmağımla bərabər, düşünürəm ki, mən həm də anayam. İki oğul anasıyam. Bunları mən hər zaman düşünürəm və çalışıram ki, ailəmi qoruyum. Mən heç bir zaman deməmişəm və demərəm ki, ailəmi sənətimə qurban verdim. Lazım gələrsə əgər, sənətimi ailəmə qurban verməyə hazıram. Çünki birinci mənim üçün ailə həyatıdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info