Robert Koçaryan: «Mənə ünvanlanan ittiham dövlətçiliyin təməlinə qoyulmuş bombadır»
Tarix: 27.07.2018 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


“Qarabağ münaqişəsi də daxil olmaqla, ölkənin heç bir problemi öz həllini tapmayıb”

Ermənistan paytaxtının Şenqavit rayon Məhkəməsi keçmiş prezident Robert Koçaryan haqqında həbs qətimkan tədbiri seçilməsi barədə Xüsusi İstintaq Xidmətinin təqdimatına baxır.
“News.am” saytının verdiyi xəbərə görə, R. Koçaryan özü məhkəmə iclasına gəlməyib. Vəkillər prosesin təxirə salınması barədə vəsatət qaldırıblar. Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Xidmətinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Koçaryan isə özünə bəraət qazandırmağa çalışır.«Bu gün ölkə müharibə şəraitindədir, bəs siz nə edirsiniz? Bu, erməni ordusunun alçaldılmasına gətirib çıxara bilər. Bununla siz bütün ordunu cinayətkar elan edirsiniz». Ermənistanın «Erkir media» telekanalına müsahibə verən sabiq prezident Robert Koçaryan ölkənin Xüsusi İstintaq Xidməti tərəfindən ona qarşı irəli sürülən ittihamları şərh edib.
Koçaryanın sözlərinə görə, ona qarşı irəli sürülən bütün iddialar uydurmadır və əslində, bu ittihamlarla onun heç bir əlaqəsi yoxdur. Ermənistanda siyasi təzyiqlərə məruz qalıdığını bildirən Koçaryan bunu ölkə üçün təhlükəli bir an kimi dəyərləndirib: «Bu, dövlətçiliyin təməlinə qoyulmuş bir bombadır. Konstitusiya Məhkəməsinin qərarının belə bir şəkildə nəzərdən keçirilməsi hər an partlaya biləcək bomba kimi dəyərləndirilməlidir. Bunu başqa cür dəyərləndirmək düzgün olmaz. Bu gün Ermənistanın hüquqi sistemi böyük təhlükə altındadır» . Sabiq prezident mövcud hakimiyyətin əbədi olmadığını və gələcək yeni hökumətin bu məsələni yenidən nəzərdən keçirəcəyini bildirib: «Beləliklə, siz ordunu ittiham edirsiniz. Hazırda müharibə şəraitində yaşayan ordunu bu qədər alçaltmaq doğru deyil. Axı bu gün Qarabağ münaqişəsi də daxil olmaqla, ölkənin heç bir problemi öz həllini tapmayıb».
Maraqlıdır ki, bu ittihamda şahid və ya şübhəli şəxs olaraq saxlanılan hərbçilərlə bağlı sualı cavablandıran Koçaryan deyib: «Belə çıxır ki, bütün olanları baş komandan kimi mən ordunun köməyi ilə həyata keçirmişəm. Deməli, bu halda bütün ordu cinayətkar elan edilməlidir»
Ölkədə konstitusiya qaydalarına təhlükə yarandığı təqdirdə, fövqəladə vəziyyət tətbiq etmək hüququnun olduğunu bildirən sabiq prezident belə məqamlarda ordunun, ilk növbədə, dövlət idarəetmə binalarını və hərbi obyektləri mühafizə altında saxlamaq vəzifəsi olduğunu bildirir: «Bu halda ordu, əsasən, belə məqsədlər üçün istifadə olunur. Nümayişçilərə qarşı ordudan istifadə edilməsi haqqında isə heç bir məlumatım yoxdur. Xatırlayıram, həmin gün hərbçilər arasında heç bir yaralanma halı qeydə alınmamışdı. Amma etirazçılarla polislər arasında toqquşma nəticəsində iki nəfər daxili qoşunların qulluqçusu və 8 mülki şəxs həlak olmuşdu. Həmin günün səhəri mənə verilən məlumatda ordunun nümayişçilərlə qarşıdurmada iştirak etmədiyi bildirilirdi. Bütün bunları nəzərə alaraq ölkədə fövqəladə vəziyyət elan etmək məcburiyyətində qaldım, əks-təqdirdə qurbanların sayı iki dəfədən, hətta üç dəfədən də çox ola bilərdi».
Maraqlıdır ki, Ermənistanda Koçaryana qarşı irəli sürülən ittihamlara qarşı münasibətlər də birmənalı deyil. Məsələn, erməni deputat Armen Aşotyan sabiq prezidentə qarşı irəli sürülən ittihamları “siyasi terror” kimi dəyərləndirib. «Koçaryana qarşı Ermənistanda konstitusion quruluşun devirməsi ittihamı. Xeyr bu, vendetta deyil. Bu, gerçək siyasi terrordur». Bu fikirləri Aşotyan öz şəxsi «Facebook» səhifəsində yazıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl verdiyi açıqlamaların birində Koçaryan həbsxanaya getməyə hazır olsa da, mübarizəsini dayandırmayacağını bildirmişdi. Koçaryanın bu gün keçiriləcək məhkəməyə gəlmədiyini çağırış vərəqəsini almaması ilə əlaqələndirən vəkili Ruben Saakyan müdafiə etdiyi şəxsin heç bir ittihamdan qaçmadığını bildirib. Onun sözlərinə görə, əgər Koçaryan məhkəmədən qaçsaydı, heç Ermənistana belə qaytmazdı.
Koçaryanın «Erkir media» telekanalına verdiyi müsahibəni şərh edən «1in.am» saytı sabiq prezidentin açıqlamasını «qorxu ilə qətiyyətin birliyi» kimi təqdim edir. Sayt Koçaryanın telekanalda səsləndirdiyi fikirləri «həbsdən qabaqkı son şantaj» kimi dəyərləndirir.

Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırılıb
Yeri gəlmişkən, ötən gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi cəhdi ittihamı irəli sürülüb. Bu barədə məlumatı ermənilərin “News.am” saytı yayıb: «Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, ittiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb. Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info