Gülbikə Bəbirli: “Uğur qazanmaq istəyən şairin ən böyük xəzinəsi mütaliədir”
Tarix: 28.07.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Ala gözlərində məsum baxışlar,
Qısacıq ömrünə bəzəkdir, Ana.
Həyatın qasırğa, leysan yağışlar
Hər damla cənnətçün gərəkdir, Ana.

(Gülbikə Bəbirli)
Gənc nəsillər arasında sənət adamlarının təbliği, onların yaradıcılığının geniş auditoriyalara çatdırılması və oxucu kütlələrinə tanıdılması mətbuatımız qarşısında duran ümdə məsələlərdəndir. Tarixi müstəqilliyinə qovuşan Azərbaycanın azad mətbuatı formalaşmış və hal-hazırda da qələm sahiblərinə şərəflə xidmət edir. Bu gün ölkəmizdə sevindirici haldır ki, qələm sahiblərinin yaradıcılığı ən çox oxuculara mətbuat vasitəsilə çatdırılır. Xüsusilə də bu sahədə ənənəvi medianın rolu danılmazdır. Ədəbiyyatımızın dirçəldilməsində, yaşadılmasında və qorunub-saxlanmasında mətbuatımızın əvəzsiz xidmətləri var. Bu baxımdan, Azərbaycan mətbuatı hər zaman yaradıcı insanlara məhəbbətlə yanaşır və onları öz ətrafında cəmləyir. Bu gün belə qələm sahiblərindən biri də gənc şairə Gülbikə Bəbirlidir. Bəbirli Gülbikə Gülmurad qızı 1998-ci il iyul ayının 7-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbdə alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alır.
- Hər bir qələm sahibinin ədəbiyyata gəlişi onun yaradıcılıq həyatında unudulmaz xatirəyə və ya tarixə çevrilir. Bu baxımdan, Gülbikə xanım, öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız.
- Həmişə ədəbiyyata böyük maraq və həvəsim olub. Ədəbiyyata gəlişim isə 13 yaşıma təsadüf edir. Lakin şeir yazmaq üçün ədəbiyyata böyük maraq və həvəsin olması kifayət deyil. Çünki bir sətir şeiri ərsəyə gətirmək üçün ilahi ilham gərəkdir. Bir az əvvəl vurğuladığım kimi, mən ilk şeirimi anidən gələn ilham hisləri əhatəsində qələmə almışam. Daha doğrusu, dərin fikirlərə daldığım zaman, özümün də hələ indiyədək anlaya bilmədiyim anidən gələn təb sayəsində ilk şeirimi şifahi dilə gətirdim və sonra onu qələmə alıb əbədiləşdirdim. Bu hadisədən sonra isə davamlı olaraq şeirləri yazmağa başladım və ədəbiyyata gəlişimin ilk addımları atıldı.
- Şeirlərinizi necə yazırsınız?
- Əgər şeir gül-çiçəklə dolu, sərin bulaqlı gözoxşayan cənnətməkandırsa, şairlik isə susuzluq və quraqlığın hökm sürdüyü ucsuz səhradır. Cənnət ətirli şeirlərin yaranması üçün bəzi çətinliklərdən keçməli oluram, istədiyim zaman şeir yaza bilmirəm. Şeiri yalnız içimdən gəldiyi zaman qələmi əlimə alaraq yazmağa başlayıram. Şeir yazmaq mənə ilahi bir vergidir, çünki yazarkən yaşadıqlarım məni bu fikir üzərində cəmləşdirib. Çox insan ədəbiyyatı sevə bilər, lakin az insana şair, yazıçı olmaq nəsib olur. Bu ona görədir ki, qələmi əlinə alaraq kiçik misra yazmaq üçün fitri yetənək, ilahi bir vergi lazımdır. Şeir yazmaq sehrli aləmə düşmək kimidir; o anda beynində yaratdığın bütün xəyali obrazlar, müxtəlif fikirlər canlanaraq qonaq kimi ətrafına yığılır, sən onlarla müzakirələr aparırsan və sonda aldığın nəticələr lirik notlarla vərəqə düzülərək gözəl bir şeir parçası ərsəyə gətirir.
- Nə vaxt bilirsiniz ki, şeir yazmaq lazımdır?
- Gözəl sualdır. Neçə dəfələrlə bu sualla qarşılaşmışam. Demək istəyirəm ki, əsasən, mənə təb, ilham gecələr gəlir. Birdə görürsüz ki, qeyri-ixtiyari halda beynimdən şeir başlıqları keçir və mən bunları vərəqə tökdüyüm zaman ip kimi uzanaraq özlüyündən ardı gəlir. Bu çox qeyri-adi hisdir. Şeir yazmağın özü ayrı bir incəsənətdir. Bu incəsənətdə sözlər musiqi kimi nizama düzülür, şeirimdəki obrazlar teatrda səhnəyə çıxan aktyorlar kimi, beynimdə canlanır, heykəltəraşın gili formaya salaraq şah əsərə çevirməsi kimi, şeirdə formaya salınır.
- Klassik şairlərdən kimi oxuyursunuz və ümumilikdə mütaliəyə olan marağınızdan danışardınız.
- Əsasən, klassik ədəbiyyatdan Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Hüseyn Cavidə üstünlük verirəm. Nizami Gəncəvinin “Xəmsə”sini çox sevirəm. Oradakı dərin məna və fəlsəfi fikirlər nəfəs kəsir. Mütaliəyə marağım böyükdür və vaxt tapdıqca çalışıram ki, daha çox mütaliə edim. Uğur qazanmaq istəyən şairin ən böyük xəzinəsi mütaliədir.
- Günümüzdə gənclərin böyük bir qismi modernizm və postmodernizm cərəyanında şeirlər yazırlar. Bu cərəyana olan marağınızdan danışardınız. Adətən, gənclər klassik üslubdan uzaq dururlar...
- Gənclərin modern üsluba meyil etməyinin səbəbi elə həyatın özünün modernləşməsidir. Yaşadığımız çağın inkişaf sürəti yazıb-yaratmaq istəyən gənclərimizi modern üsluba doğru yönəldir. Lakin modernləşməyə doğru getdikcə keçmiş irsimizi, dahi şəxsiyyətlərimizin kəlamlarını göz önündən kənara qoymamalıyıq. Məncə, modernləşdikcə keçmişimizi danmaqdansa, ədəbiyyatda özünəməxsusluq yaratmaq lazımdır. Özünəməxsusluq dedikdə isə öz cığırını, öz tərzini yaratmaq və yenilikçilik etmək lazımdır. Yeniliklər hər zaman hamı tərəfindən xoş qarşılanmasa da, həmişə fərqliliyi ilə yaddaşlarda qalır. Əsas olan isə risk edə bilməkdir. Risk isə həyatın ən gözəl otağına gedən çətinliklərlə dolu yoldur.
-Sonda oxuculara sözünüz nələrdir...
- Əziz oxucular həyatınız sonu görünməyən kitabxana kimi uzun, oradakı kitablar qədər mənalı, təzə kitab ətri qədər çəkici, kitabların ən müqəddəsi “Qurani-Kərim” kimi dəyəri ölçülməz olsun. Sizə bol-bol mütaliə arzu edirəm.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info