Sahibkarların 17 faizi qadınlardır
Tarix: 20.06.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Bakıda İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə Ombudsman tərəfindən sayca on birinci olan "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı davam edir. Qeyd edək ki, UNESCO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, müasir dövrdə dünyada davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. O qeyd etdi ki, davamlı inkişaf haqqında danışarkən artıq yeni bir situasiyanın yarandığı dərk edilməlidir. Nazirin sözlərinə görə, texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirmək olar: “Bir tərəfdən, bu məkan açıqdır və ora daxil olaraq öz mədəni prosesimizi əks etdirə bilərik. Lakin burada çox incə bir xətt var. Bu xətt o birilərinin hüquqlarının tapdanması, onlara hörmətlə yanaşılmasının nəzərə alınmasıdır. Biz bu gün mədəniyyətdən danışarkən festivallar keçiririk, konsertlər, sərgilər, teatr tamaşaları təşkil olunur. Amma artıq daim rastlaşdığımız, öyrəşdiyimiz bu üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15%-ni də əhatə etmir”. Nazir vurğuladı ki, bu gün gənclərin böyük əksəriyyəti öz mədəniyyətini internet şəbəkəsində görür. Onun sözlərinə görə, onlar bu şəbəkə vasitəsilə prosesləri necə qavraması, bunun əks-sədasının necə olacağı və ona təsir etmək yolları təsir göstərməyin mümkünlüyü böyük sual doğurur: “Söhbət hər hansı ayrılıqda götürülmüş dövlətdən getmir. Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə, təhqir edə bilər. Bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Bu böyük sualdır. Əfsuslar olsun ki, nə mən, nə də bu şəbəkəni yaradan insanların heç özləri bu suala cavab verə bilməz. Çünki bu mexanizmlər yoxdur. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirir. Amma onlar çox cüzi miqdarda bunu təmin edə bilir. Ona görə də insan haqları, davamlı inkişaf haqqında danışarkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik”.
Konfransda çıxış edən Ailə, qadın və problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%, qadın sahibkarların sayı isə 17% olub. Onun sözlərinə görə, fəlsəfə doktorlarının 50%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların 40%-i qadınlardır: “Milli Məclisdə qadınların təmsilçiliyi 16%-ə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və 27% olub. 35 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan əlavə, Azərbaycanda parlament sədrinin 3 müavinindən 1-i, Auditorlar Palatasının 3 sədr müavinindən 1-i, 1 dövlət komitəsinin sədri, 1 dövlət komissiyasının sədri, 3 nazir müavini, İnsan Hüquqları üzrə Müvəkkil, Naxçıvan MR Nazirlər Kabinetinin sədr müavini, Konstitusiya Məhkəməsinin sədr müavini qadındır”.

Qaçqın və məcburi köçkünlərin 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır

H.Hüseynova onu da bildirdi ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onlardan da 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlardır. O qeyd etdi ki, bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemi durur. H. Hüseynovanın sözlərinə görə, həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi dövlətin əsas məqsədlərindəndir. Hazırda bu qadınlar arasında millət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar və s. var. Komitə sədri qeyd edib ki, qaçqın və məcburi köçkün qadınların sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir.

Ailə, qadın və uşaq problemləri üzrə elmi tədqiqat institutunun
yaradılması təklif olunur


Komitə sədrinin sözlərinə görə, Azərbaycanda məişət zorakılığına məruz qalmış şəxslər və zorakılığı törədən insanlarla aparılan işin keyfiyyətini artırmaq və ilkin müdaxilə etmək üçün sığınacaq mərkəzlərinin sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinə ehtiyac var. O bildirdi ki, ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq. H. Hüseynovanın sözlərinə görə, aktual məsələlərdən biri də ailə, qadın və uşaq problemləri üzrə elmi tədqiqat institutunun yaradılmasıdır: “Komitədə İnformasiya və analitik araşdırmalar şöbəsi fəaliyyət göstərir. Lakin bu sahədə problemləri araşdırmaq üçün ailə, qadın və uşaq problemləri üzrə elmi tədqiqat institutunun yaradılması daha məqsədəuyğundur. Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcək də davam etdiriləcək”.

Azərbaycanda qeydiyyatda olan əmək pensiyaçılarının
60,5%-i qadındır


Konfransda çıxış edən DSMF-nin sədri Səlim Müslümov bildirdi ki, hazırda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyatda olan 1 mln. 271, 5 min əmək pensiyaçısının 60,5%-i, yəni 769 min nəfəri qadındır. O qeyd etdi ki, əmək pensiyaçısı olan qadınların 69%-i və ya 528 min nəfəri yaşa görə, 19%-i və 149 min nəfəri əlilliyə görə, 12%-i və ya 92 min nəfəri ailə başçısını itirdiyinə görə pensiyaçıdır. Onun sözlərinə görə, ümumi qadın pensiyaçıların tərkibində çoxuşaqlı ana kimi pensiya alan qadınların sayı isə 246 min nəfər təşkil edir.
S.Müslümov bildirdi ki, ölkədə qeydiyyatda olan pensiyaçıların 26,8%-i, yəni 340,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır: “Onlardan 6,7%-i və ya 23,4 min nəfəri I qrup, 86%-i və ya 292 min nəfəri II qrup, 7,3%-i və ya 25,3 min nəfəri III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6%-i müharibə əlilləri, 95,6%-i ümumi səbəbdən əlillər, 0,8%-i isə dövlət qulluqçularıdır”.

Hər il Ombudsman təsisatından Təhsil
Nazirliyinə təxminən 100 müraciət daxil olur

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxışında bildirdi ki, hər il Ombudsman təsisatından Təhsil Nazirliyinə təxminən 100 müraciət daxil olur. O bildirdi ki, həmin müraciətlər müəllimlərin hüquqlarının pozulması, onların işlə təminatında problemlər, şagirdlərin təhsil müəssisələrində təzyiqlərə məruz qalması, onlar üçün lazımi şəraitin yaradılmaması, həmçinin valideynlərin məktəb rəhbərliyindən və müəllimlərdən narazılığı kimi məsələlər daxildir. F.Qədirov qeyd etdi ki, bütün müraciətlər Təhsil Nazirliyi tərəfindən ciddi surətdə araşdırılır və Ombudsman təsisatına məlumat verilir. Şöbə müdirinin sözlərinə görə, Təhsil Nazirliyi Ombudsman təsisatı ilə mütəmadi əməkdaşlıq edir: “2009-2010-cu tədris ilindən Ombudsman Aparatı və Təhsil Nazirliyinin “Uşaq hüquqlarının pilləli tədrisi” layihəsinə başlanılıb. Layihəyə ilkin mərhələdə Bakı şəhərinin 3 pilot məktəbi cəlb edilib. 2012-2013-cü tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. İmişli, Füzuli, Qusar, Ağdam, Masallı, Lənkəran rayonları və Mingəçevir şəhəri üzrə məktəblər də qoşulmaqla hazırda layihə 50-dən çox məktəbdə həyata keçirilib”.

Təhsildə 2020-ci ilədək həyata keçiriləcək
yeniliklər açıqlanıb

F.Qədirov bildirdi ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq və bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi genişləndiriləcək. Onun sözlərinə görə, 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək: “Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirilməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq. Müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək. Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə müasir mexanizmlər yaradılacaq, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq. Ucqar kənd məktəblərində pedaqoji kadrların təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli dərəcədə artacaq. Xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialının ölkənin inkişafında səmərəli istifadə olunması təmin ediləcək. 2015-2020-ci illər üzrə gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni dövlət proqramı qəbul ediləcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info