Sosial şəbəkələrdə aktivləşən informasiya terrorçuları
Tarix: 31.07.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Əsl dindarlar xaricdə idarə olunanların mahiyyətini və niyyətlərini çox yaxşı başa düşürlər”

Elnarə Kərimova: “Bəzi qruplar və şəxslər din pərdəsi altında fəaliyyətlərini quraraq ölkəmizdəki sabitliyə, dindarlarla dövlət arasındakı münasibətlərə xələl gətirmək, nəticədə gərginlik yaratmaq niyyətindədirlər”

Son zamanlar sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edib Azərbaycana, dövlətçiliyə, ümumilikdə ölkəmizə və xalqımıza qarşı qarayaxma kampaniyaları aparanların sayı artıb. Təbii ki, onlara zamanında mətbuat vasitəsilə, eləcə də bəzi hallarda qanun çərçivəsində aidiyyəti dövlət qurumları vasitəsilə cavablar verilir. Amma sirr deyil ki, Azərbaycanda internet imkanları geniş, internet azad olduğu üçün bu cür ünsürlər də azalmır və gənclərin beyninə, ictimai şüura mənfi yöndə təsir etməyə çalışırlar. Məsələnin ən təhlükəli tərəfi isə budur ki, artıq bu cür hücumlar dini pərdə adı altında da baş verir. Daha doğrusu, əvvəldən də din adından istifadə edərək fırıldaqçı, radikal qruplar hücumlar təşkil edirdilər, sadəcə, son dönəmlərdə bu cür sosial şəbəkələr üzərindən olan hücumlar aktivləşib. Bu özünü müəyyən qrupların tez-tez statuslar, tanınmayan saytlar üzərindən yazılar, eləcə də videogörüntülər paylaşması ilə göstərir. Həmin şəxslər, guya, ölkədə dini və milli azadlıqların olmadığını, insan haqlarının pozulduğunu tez-tez gündəmə gətirərək müəyyən paylaşımlarla ictimai fikrə təsir etməyə çalışırlar. Əslində, dəfələrlə ölkəmizə qarşı bu cür və bundan da anormal formada qarayaxma kampaniyaları aparılıb. Bunun bir effektinin olmadığını görən həmin Azərbaycanı sevməyən qüvvələr sonda geri çəkilib, cəmiyyətin qınağı ilə rast gəldiklərini anlayıb ağaları ilə birgə küncə çəkilərək meydanı boşaldıblar. Amma, görünür, indi meydanı yeni qüvvələrə-radikal dindarlara və ya dinə aidiyyəti olmayan qruplara verərək Azərbaycanı gözdən salmağa çalışırlar. Sosial şəbəkələrdə aktivləşən bu cür informasiya terrorçuları yalan məlumatlar yaymaqla təkcə ölkəmizin imicinə xələl gətirməyə çalışmırlar, onlar həm də bütün dünyanın öyüb daim misal çəkdiyi dini, milli tolerantlığımızdan qıcıq da olurlar. Yəni bu yalançı dindarların, siyasətçilərin davası təkcə hakimiyyətlə deyil, ümumilikdə xalqımızla, dövlətçiliyimizlədir. Belə olmasaydı, guya, ölkədə dindarların haqları tapdanır, din sıxışdırılır kimi anormal iddialar da olmazdı.
Azərbaycan ictimaiyyəti prosesləri bu formada mənfi yönə istiqamətləndirmək istəyənləri, o cümlədən onların arxasında duran havadarlarını daim qınayıb, bu gün də qınayır. Artıq ziyalılar, din xadimləri, siyasətçilər və ümumilikdə hər kəs qarayaxma kampaniyası aparan bu qrupları qınayırlar.
Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyir ki, bu cür əməllərə yol verənlər, sadəcə, cəmiyyətdə özlərini gözdən salırlar: “Sadəcə olaraq, insanların dinindən, inancından sui-istifadə edib dövləti və dini qarşı-qarşıya qoymaq istəyirlər. Eləcə də Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyirlər. Bu hərəkətlərin islamla, dinlə hər hansı bir əlaqəsi ola bilməz. Din insanları zorakılığa, düşmənçiliyə, sui-qəsdə dəvət edə bilməz. Bu, dinin ibtidai prinsipləri ilə daban-dabana ziddir.”.


“Fəaliyyətini radikallıq ünsürləri üzərində quran sayt, qrup və səhifələrdə gündəlik monitorinqlər aparılır, təhlillər edilir və müvafiq əks-təbliğat tədbirləri görülür”

Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyir ki, antiazərbaycan qüvvələr ölkəmizə qarşı yönəldilmiş təbliğatında internet resurslarından və sosial şəbəkələrin imkanlarından geniş istifadə edir. Komitə də bütün bu məsələləri diqqətlə izləyir, prosesləri nəzərdən qaçırmır: “Öz fəaliyyətində dinin siyasiləşdirilməsi, məzhəblərarası nifaq yaradılması, Azərbaycan dövlətinin yürütdüyü daxili və xarici siyasətin tənqid edilməsi, ölkədə həyata keçirilən mədəni, sosial tədbirlərə qarşı fikirlər söylənilməsi, ümumiyyətlə, radikallığı ilə seçilən çoxlu Azərbaycan dilində saytlar və “Facebook” sosial şəbəkəsində onlarla qrup və səhifələr fəaliyyət göstərir. Ölkədə mövcud sabitlik və dövlət-din münasibətlərinə kölgə salmaq istəyən, hökumətin daxili və xarici siyasətini sərt şəkildə tənqid edərək, onu gözdən salmağa çalışan qüvvələrin aktivliyi nəzərə alınaraq, sosial şəbəkələrdə Dövlət Komitəsi fəaliyyətini daha da gücləndirib. Belə ki, fəaliyyətini radikallıq ünsürləri üzərində quran sayt, qrup və səhifələrdə gündəlik monitorinqlər aparılır, təhlillər edilir və müvafiq əks-təbliğat tədbirləri görülür”.
Onun sözlərinə görə bu cür saytların və sosial şəbəkələrdəki səhifələrin, demək olar ki, hamısı xaricdən idarə olunur: “Bunu onların domenlərinə və idarəçilərinə baxmaqla asanlıqla müəyyən etmək mümkündür. Həmin qruplar və şəxslər din pərdəsi altında fəaliyyətlərini quraraq ölkəmizdəki sabitliyə, dindarlarla dövlət arasındakı münasibətlərə xələl gətirmək, nəticədə gərginlik yaratmaq niyyətindədirlər. Amma bu mümkün deyil. Əsl dindarlar onların mahiyyətini və niyyətlərini çox yaxşı başa düşürlər. Bilirlər ki, bu cür qruplar düşmən dəyirmanına su tökənlərdir. Gəncədə baş vermiş terror hadisələri də sübut etdi ki, əsl dindarlar dövlətinə və milli dövlətçilik prinsiplərinə sadiqdirlər”.
Elnarə Kərimova onu da vurğuladı ki, Azərbaycan tarix boyunca müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı nadir dünya ölkələrindən biri olub. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin təməlində multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşı, güclü hüquqi baza və dövlətçilik prinsipləri dayanır: “Ölkəmizdə dini sahədəki münasibətləri tənzimləyən, Konstitusiyamızın vicdan azadlığı və dini etiqad azadlığı prinsipləri əsasında formalaşmış Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanunu müasir dövrün ən mütərəqqi qanunlarından biridir.
Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət-din münasibətləri bu gün ölkəmizdə konfessiyalararası münasibətlərin, tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilib. Respublikamızda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, keçmişimizdən qalan mütərəqqi ənənədir. Müxtəlif dinlərə mənsub olan dini icmalara dövlət tərəfindən mütəmadi olaraq dəstək verilir. Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən tolerantlıq və multikultural siyasət müxtəlif dinlərin qarşılıqlı hörmət şəraitində birgəyaşayışının təmin edilməsinə yönəlib. Məhz bunun nəticəsi olaraq dövlətin demokratik-dünyəvi mahiyyəti dindar insanlar tərəfindən də qəbul olunur”.

“Ölkəmiz dinə, vicdan azadlığına münasibətdə nümunəvi dövlətə çevrilib”

Komitə rəsmisi bildirdi ki, bu gün dini maarifləndirmə işlərinə önəm verilir: “Mütəmadi olaraq Prezidentin Ehtiyat Fondundan dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədi ilə ölkədə fəaliyyət göstərən bütün dini icmalara maddi yardım ayrılır. Qeyd edək ki, bu yaxınlarda 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədilə dini icmalara növbəti maddi vəsait ayrılmışdır.
Bu gün Prezident İlham Əliyevin ulu öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz dinə, vicdan azadlığına münasibətdə nümunəvi dövlətə çevrilib. Ümumiyyətlə, qeyd edilməlidir ki, Prezident İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. Məlumat üçün bildirim ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dək məscid tikilib və ya bərpa edilib. Hazırda ölkədə 2248 məscid, o cümlədən 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
İslam dünyasında məzhəb ayrı-seçkiliyinin tüğyan etdiyi müasir dövrdə İlham Əliyevin təşəbbüsü ilə 15 yanvar 2016-cı ildə Qafqazın ən böyük məscidi olan “Heydər” məscidində məzhəbindən asılı olmayaraq müsəlmanların vəhdət namazı qılması dünyaya açıq sülh mesajı kimi qəbul edilməlidir. Ölkəmiz bu mesajı verməklə tarixi adət-ənənələrinə olan sadiqliyini, müasir günümüzdə onları daha mükəmməl və ideal variantda davam etdirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizin əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin – sülh, dostluq, sevgi və birgəyaşayışın dünyaya örnək olaraq nümayişi baxımından mühüm töhfədir.
Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə dövlət-din münasibətləri tarixində yeni mərhələdir. Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas fəaliyyət istiqamətləri mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi, bu sahədə sosial layihələrin reallaşdırılması, dövlət-din münasibətləri sahəsində maarifləndirmə işinin təşkilinə yönəlmişdir. Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ölkəmizdə mənəvi dəyərləri təbliğ etmək məqsədilə mindən artıq din xadiminə maddi dəstək göstərilir.
Azərbaycan İlahiyyat İnstitutunun yaranması isə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanmasını təmin edəcək”.
Doğrudan da, bütün bu görülən işləri və mövcud reallığı dərindən analiz etdikdə məlum qrupların ölkədə, guya, dindarların, dinin sıxışdırılması ilə bağlı anormal fəaliyyətlərinin nə dərəcədə məqsədli, sifarişli və çirkin bir kampaniya olduğu bir daha görünür.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info