Paşinyan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli üçün hər hansı addım atacaqmı?
Tarix: 01.08.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Ermənistanda işğal siyasəti Sarkisyanın getməsi, Paşinyanın gəlməsi ilə dəyişmir”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətin müzakirə olunduğu görüşdə general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda irəliləyişin əldə edilməsinə başlıca maneədir.
T.Klaar Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib. Qonaq Ermənistanın yeni baş naziri Nikol Paşinyanın hazırda yürütdüyü siyasətin münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə ümidvar olduğunu bildirib. Diplomat, həmçinin Aİ-nin bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Müdafiə naziri diqqətə çatdırıb ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorika xarakterli çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin övladlarını ölkəmizin işğal edilmiş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur.
General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

“Paşinyanın münaqişənin nizamlanmasında güzəştli mövqe tutacağı haqqında ümidlər yalnız illüziyadır”
T.Klaarın N.Paşinyanın Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli üçün atacağı addımlara ümid etməsi sual doğurur. Mövzu ilə bağlı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Aznews.az”a deyib ki, Ermənistanın siyasəti işğalçı siyasətdir və bu heç vaxt dəyişməyəcək: “Görünür, Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi Avropa qurumlarının təmsilçilərində onun pozitiv, islahatlara yol açacaq bir dövlət adamı olacağına ümid yaradıb. Bəlkə də, bu ümidin yaranmasına Paşinyanın ölkə daxilində keçmiş hərbi xuntanın liderlərinə qarşı başlatdığı mübarizə səbəb olub. Onlar düşünürlər ki, hərbi xuntanın cəzalandırılması Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində də konstruktiv mövqe tutması ilə nəticələnə bilər. Amma Avropa qurumlarının yetkililəri Paşinyanın və komandasının Ermənistanın daxili məsələləri ilə Qarabağ məsələsinə baxışını eyniləşdirməməlidirlər.
Paşinyanın komandası Ermənistanın düşdüyü ağır sosial-iqtisadi böhrandan çıxarmaq, beynəlxalq səviyyədə etimad qazanmaq üçün ölkə daxilində mümkün olduğu qədər iqtisadi-siyasi islahatlar həyata keçirə, keçmiş hakimiyyətin rəhbərlərini həbs edə bilər. Amma bu o demək deyil ki, münaqişənin həllinə münasibətdə də eyni yanaşma sərgilənəcək.
Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar bildirir ki, Nikol Paşinyanın hazırda yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllinə ümid yaradıb. Məgər indiyədək Serj Sarkisyan da “münaqişənin sülh yolu ilə” həllinin tərəfdarı olduğunu demirdimi?
Bir şey dəqiq bilinməlidir: Ermənistanda işğal siyasəti Sarkisyanın getməsi, Paşinyanın gəlməsi ilə dəyişmir. Ermənistanda işğalçılıq dövlət siyasətidir, dövlətin ideoloji əsasıdır. Çünki Ermənistan dövləti özü Azərbaycan torpaqları üzərində yaradılıb və zaman-zaman Azərbaycan torpaqları hesabına ərazisini genişləndirib. Erməni cəmiyyətində qonşu ölkələrin torpaqları hesabına yeni ərazilər əldə etmək ideyası bu gün də səsləndirilməkdədir.
Ona görə də, bu gün Paşinyanın münaqişənin nizamlanmasında güzəştli mövqe tutacağı haqqında ümidlər yalnız illüziyadır. Ermənistan hakimiyyət başında kimin olmasından asılı olmayaraq yalnız beynəlxalq təzyiqlər və sərt sanksiyalar əsasında ədalətli sülhə məcbur edilə bilər. Bu baxımdan, Paşinyanın ölkə daxilində həyata keçirdiyi “reformaları” Qarabağ münaqişəsinin həllinə bağlamaq kökündən yanlışdır”.


Cəbhəboyu zonadakı hərbi hissələrə baxış keçirilib
Yeri gəlmişkən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişini yoxlayıb və müvafiq tapşırıqlar verib. Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, hərbi-tibb müəssisələrinə, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirərək konkret tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıda duran vəzifələrin icrası, xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və digər məsələlər barədə müvafiq göstərişlər verib.

Beynəlxalq Qarabağ Forumunun Bakıda 5-ci toplantısı keçiriləcək
Bu arada bildirək ki, QAT sədri, Beynəlxalq Qarabağ Forumunun Azərbaycan təmsilçiliyinin rəhbəri Akif Nağı Beynəlxalq Qarabağ Forumunun bu il avqustun sonlarında Bakıda keçiriləcək 5-ci toplantısına hazırlıq çərçivəsində Türkiyədə olub. İzmit şəhərində Beynəlxalq Qarabağ Forumunun Türkiyə təmsilçiliyinin üzvləri, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin rəhbəri Cəfər Dal ilə görüşüb. Müzakirələr zamanı forumun bu il avqustun 29-30-da Bakıda keçirilməsi, təmsilçilik, müzakirə olunacaq mövzular və digər məsələlərlə bağlı qərarlar qəbul olunub. Akif Nağı görüşlə bağlı bildirib: “Heç bir halda, dayana bilmərik. Düşmən dayanmadan çalışır. Biz də yorulmadan çalışmalı, istədiyimiz nəticələrə nail olmalıyıq. Bütün dünya boyunca Qarabağ sevərləri bir araya gətirməli, birgə hərəkət etməliyik. Hazırda Beynəlxalq Qarabağ Forumunda Türkiyə, İran, Gürcüstan, Rusiya, Azərbaycandan QHT-lər birləşir. Bu işlərimizin keyfiyyətini daha da artırmalıyıq”. Bilal Dündar xüsusi olaraq vurğulayıb: “Biz illərdir Azərbaycan və Qarabağ üçün çalışırıq. Bundan sonra da işlərimizi daha ciddi şəkildə davam etdirəcəyik”. O qeyd edib ki, Qarabağ probleminin həllində Türkiyə Azərbaycanın yanındadır və bu problemin həlli, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində səylər göstərir. Cəfər Dal qeyd edib: “Heç kəs üçün sirr deyil ki, Qarabağ məsələsi savaşla həll olunacaq. Biz çalışırıq ki, Türkiyə dövləti və cəmiyyəti bu savaşda Azərbaycanın yanında olsun”. Forum üzvləri daha sonra Moskvada fəaliyyət göstərən “Misra” studiyasından tanınmış jurnalist, siyasi icmalçı Fuad Abbasovla birlikdə canlı yayımda olublar, bir çox məsələlərə aydınlıq gətiriblər.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib”
20.11.2018
Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələr NATO-nun gündəmində
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info