“Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq”
Tarix: 01.08.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər



“Koçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz”


Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri tərəfindən bu saziş dəfələrlə pozulur, mövqelərimiz atəşə məruz qalır.


Erməni silahlı bölmələri iyul ayında atəşkəs rejimini 2883 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli, Bala Cəfərli, Tovuz rayonunun Ağdam, Gədəbəy rayonunun Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Seyidli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
Ümumilikdə isə iyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 2883 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy və Tovuz rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb. İyul ayında bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub. Bu ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmənin təxribat cəhdinin qarşısı alınıb və geri çəkilməyə məcbur edilən qrupun bir üzvü - 1984-cü il təvəllüdlü Karen Kazaryan əsir götürülüb.
İyul ayında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

KTMT: “Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğu daxil olmayıb”

Qeyd edək ki, Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan iyulun 28-də KTMT baş katibini dəyişmək prosesini başlatmaq barədə tərəfdaşlara müraciət etdiklərini və hazırda bu məsələ ətrafında məsləhətləşmələr aparıldığını deyib. Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib.
Bununla bağlı "RİA Novosti"yə açıqlamasında KTMT baş katibinin müavini Valeri Semerikov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyində qurumun fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistandan sorğunun göndərilməsinə dair məlumat yoxdur.


Deputat: “İnanırıq ki, Koçaryan və Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə də cavab verəcəklər”

"İnanırıq ki, Robert Koçaryan və Yuri Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə də cavab verəcəklər." Bunu “Trend”ə millət vəkili Aydın Mirzəzadə deyib: "Azərbaycanda Robert Koçaryan və Yuri Xaçaturovu tanımayan yoxdur. Biri 10 il Ermənistanın prezidenti, ikincisi isə 10 il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Ancaq biz onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər". Millət vəkili bildirib ki, R.Koçaryan artıq həbs edilib, Y.Xaçaturovun da həbs edilməsi gözlənilir: "Baxmayaraq ki, Y.Xaçaturov Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Koçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. O, hətta öz xalqına qarşı da mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət törədənlər mütləq cəzalarını alırlar".

XİN: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi”
“Baş Assambleyanın qarşıdan gələn sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.” Bunu “Trend”ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib.
XİN rəsmisi əlavə edib ki, görüşün sentyabrda baş tutacağı gözlənilir.
O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: “Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun, yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Ermənistan müdafiə naziri və Anjey Kaspşik cəbhədə vəziyyəti müzakirə ediblər
Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri David Tonoyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhədə vəziyyəti müzakirə ediblər. “news.am” saytının verdiyi məlumata görə, Ermənistanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında, həmçinin Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info