Bakı metrosu MDB məkanında ən ucuz qiymətə sərnişindaşıma həyata keçirir
Tarix: 01.08.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Bəxtiyar Məmmədov: “Rusiyanın elə metro stansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın”

“Bakı Metropoliteni” QSC metroda sərnişindaşıma tarifinin dəyişdirilməsinə münasibət bildirib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə verdiyi açıqlaması zamanı bildirib ki, metroda sonuncu dəfə sərnişindaşıma xidmətinin tarifi 2011-ci ilin 1 dekabr tarixində dəyişdirilib. “Bu qiymət artımının zəruri səbəbləri barədə mən bir neçə obyektiv nümunələri çəkmək istəyirəm. Metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq. Bu qiymətə yalnız istismar xərcləri daxildir: metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil. Qiymətləri postsovet məkanı ilə müqayisə etsək, məsələn, bu yaxınlarda Kiyevdə qiymətlər artırılıb, bizim məzənnə ilə 41-50 qəpik arası dəyişir. Belarusda Minsk metrosunda gediş haqqı 55 qəpikdir. Özbəkistanın paytaxtı Daşkənddə 37 qəpikdir. Postsovet məkanına nəzər salsaq, yenə də ən ucuz tariflər Bakı metrosundadır. Rusiyanı, xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın elə metro stansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın. Halbuki orada metro təchizatından söhbət gedirsə, böyük potensialı olan ölkədir. Həmin ölkənin metro sahəsi ilə bağlı istehsal gücü var. Biz isə əsas metro təchizatımızı xarici ölkələrin, xarici valyuta hesabına edirik”, - deyə qurum rəsmisi bildirib.
B.Məmmədov əlavə edib ki, bütün bunlara nəzər salanda ölkədə qiymətlərin aşağı olması metronun sosial layihə kimi təqdim olunması ilə bağlıdır: “Bu o demək deyil ki, “Bakı Metropoliteni” QSC inkişaf etməyəcək. QSC yaradıldıqdan sonra bir sıra yeniliklərin nümunələrini saymaq istəyirəm. Məsələn, biz bu yaxınlarda qatarların təmir olunaraq modernləşdirilməsinə yerli şəraitdə nail olmuşuq. Bu o deməkdir ki, əvvəllər biz qatarları ölkə xaricinə çıxardırdıq ki, onları təmir edək, modernləşdirək. Bizim əldə etdiyimiz ilk səmərə qatarın həmin ölkəyə nəqlinə, gömrük xərclərinə, onun təmir edən şirkətin əldə etmək istədiyi gəlirlərin tam olaraq aradan qaldırılmasıdır. Vaqonların yerli şəraitdə təmir edilərək modernləşdirilməsinə gəlincə, biz qatarların təchizatını özümüz alıb gətirərək məhz qatarları “Bakı Metropoliteni” QSC-nin şəraitinə uyğun olaraq yüksək standartlar səviyyəsinə təmir edib, modernləşdiririk. Onlar, hətta kompüterləşdirilir. Sərnişinlərin rahatlığı üçün maksimum nə imkan varsa, bu qatarlarda öz əksini tapır. Bu həm də yeni kadrlar deməkdir. Bu, yeni kadrların yetişdirilməsi sahəsində mühüm işlərin başlanması deməkdir. Bu, elmi-praktiki potensialın güclənməsi deməkdir. Bu, ən azından arzuladığımız vaqonqayırma sənayesinin yerli şəraitdə inkişafına təkandır. “Bakı Metropoliteni” QSC yerli şəraitdə beton blokların, beton yarımşpalların istehsalına başlayıb. Hazırda bizim inşa olunan bənövşəyi xəttin “Memar Əcəmi” – B3 stansiyası arasındakı tunellərdə bu beton şpalların qoyulmasına başlanılıb. Taxta şpallarla müqayisədə bu şpalların ömrü daha artıqdır. Taxta şpalların ömrü 40 ildir, bu şpalların ömrü isə 50-80 ildir. Bunlar daha sadə, daha möhkəmdir. Bütün görülən işlərin məqsədi sərnişinlərin təhlükəsizliyi və rahatlığıdır”.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür. Yeni qatarlarla bağlı məsələyə münasibət bildirən metro rəsmisi qeyd edib ki, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.
“Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, - deyə B.Məmmədov əlavə edib.
Vaqonların yenilənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu, iki halda mümkündür: “Birincisi, köhnə vaqonlar istismar müddətini başa vurmalıdır, ikincisi bizim stansiyalarımız tikilir, xətlərimiz inkişaf edir, bu halda da, təbii ki, bu məsələ aktuallaşır”. Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: “Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info