“Ermənistan Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozub”
Tarix: 01.08.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin KIV-ə açıqlaması yayılıb. O bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib. Helsinki Yekun Aktı, xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipi (Decalogue) müəyyən edib. 1992-ci ilin yanvarında Azərbaycan Respublikası ATƏM-in üzvü olub və Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir. Təsisatlanma prosesinin tərkib hissəsi olaraq ATƏM 1994-cü il dövlət və hökumət başçılarının Budapeşt Sammitinin qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılıb”.
Hikmət Hacıyev deyib ki, Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib: “Sənədə görə gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndi isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib”.
O deyib ki, ATƏT üzv dövləti olaraq Ermənistan Respublikası Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib: “İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır. Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə Helsinki Yekun Aktında təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etmə prinsiplərini hər vəchlə təhrif edir. Helsinki Prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin Ermənistan tərəfindən pozulması, bu prinsiplərin tətbiqində seçimli yanaşma və ikili standartlara yol verilməsi Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllinin uzanmasına və nəticə etibarilə, gərginlik riskinin saxlanmasına səbəb olur”.
Hikmət Hacıyev bildirib ki, 1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər Helsinki Yekun Aktı təşkil edir: “Helsinki Yekun Aktının 43-cü ildönümü münasibətilə bütün ATƏT üzv dövlətlərini Ermənistandan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq. Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir”.

“Ermənistanda Rusiya hərbi bazasına qarşı həssaslıq həmişə mövcud olub”
Yeri gəlmişkən, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Panik kəndində 102-ci hərbi bazanın kəşfiyyat rotasının hərbi təlimlər keçirməsinin ajiotaj yaratması süni qurulmuş məsələ idi: “Panik kəndi “Alagöz” poliqonunun yaxınlığındadır. Bu poliqonda, hətta tankla, artilleriya ilə hərbi təlimlər keçirilir. Başqa sözlə, əhali daha gurultulu atəş səslərinə alışıb. Öz qaydalarına uyğun 102-ci hərbi bazanın “Alagöz” təlim poliqonundan bir neçə yüz metr aralıda hərbi təlim keçirməsi daha məqsədəmüvafiqdir. 102-ci hərbi baza ilə Ermənistan hökuməti arasında imzalanmış müqaviləyə əsasən hərbi təlimlər barədə yerli əhalini məlumatlandırmaq Ermənistan hökumətinin işidir. Bu təlim kəşfiyyat xarakterli olduğu üçün müəyyən spesifiklik tələb edir. Əhalinin məlumatlandırılmasının da spesifik variantları tapıla bilərdi”.
Onun sözlərinə görə, Ermənistanda Rusiya hərbi bazasına qarşı həssaslıq həmişə mövcud olub: “Amma bu həssaslıq dalğavarı inkişafdadır. İndi həssaslıq artan fazadadır. RF-in Ermənistandakı səfiri istəsəydi həssaslığın artdığını görərdi. RF-in Ermənistandakı səfiri S.Kopırkin Panik hadisəsindən bir neçə gün öncə Gümrüdə olarkən hərbi texnikanın hərəkətinin dağıtdığı küçələrin bərpasını, hərbi bazanın bərpasını, hərbi bazanın binasının şəhər meriyasının balansına verilməsinin çətinlikləri müzakirə edildi. Gümrü şəhəri hərbi şəhərciyi qaz və su təchizatını öz üzərinə götürə bilmir. RF səfiri S.Kopırkinin Gümrüdə apardığı danışıqlar Ermənistan tərəfinin narazı olduğunu üzə çıxardı. Mitinq ab-havasının qüvvədən düşmədiyi Ermənistanda rusiyalı diplomat hansısa təxribatın hazırlandığını görməli idi. RF hərbi hissəsini qaydalara daha ciddi əməl etməyə çağırmalı idi”.

Panik hadisəsində N.Paşinyanın marağı nədir?
O bildirib ki, Panik kəndində baş verənləri baş nazir N. Paşinyan Rusiya-Ermənistan münasibətlərinə və Ermənistanın suverenliyinə qarşı təxribat kimi dəyərləndirdi: “Bəzi ekspertlər (Moskvada yaşayan İranşünas K.Gevorkyan) bunu, hətta N.Paşinyana qarşı təxribat kimi dəyərləndirdilər. Belə məsələlərdə kifayət qədər təcrübəsi olan köhnə hakimiyyətin təmsilçisi, Ermənistan parlamentinin beynəlxalq münasibətlər komissiyasının sədri A.Aşotyan bu işi tez ört-basdır etməyə çağırsa da, N.Paşinyan öz yolunu davam etdirdi. Panik kəndindəki hadisədən 1 həftədən sonra verdiyi müsahibədə N.Paşinyan cinayət işinin açıldığını bildirdi. Ermənistan müdafiə naziri D.Tonoyanın da davranışı Panik hadisəsində N.Paşinyanın marağının olduğunu göstərir. 102-ci hərbi bazanın komandirinin müavini üzr istədi. Məsələ bununla bitməli idi. Sonradan D.Tonoyan 102-ci hərbi bazanın rəhbərliyi ilə görüşdü, hər iki tərəfin səhvinin olduğunu bildirdi. Əhalinin diqqətinə Rusiyanın yaxında kreditlə 200 milyon dollarlıq silah verdiyini yada saldı. D.Tonoyanın məqsədi məsələni böyütmək idi, böyütdü. Yəqin tapşırığı belə almışdı. Bilərəkdən və ya təsadüfən 102-ci hərbi baza ilə imzalanmış müqaviləyə yenidən baxılması məsələsini gündəliyə gətirdi. Bu Rusiya mətbuatında Rusiya sərhədçiləri ilə olan müqaviləyə yenidən baxılması kimi işıqlandırıldı”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info