Lavrov: “Rusiya Ermənistandakı vəziyyətdən narahatdır”
Tarix: 01.08.2018 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


İşğalçı ölkə kimi tanınan Ermənistanın daxilində son günlər sabit vəziyyət müşahidə edilmir. Mövcud vəziyyətlə bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov fikirlərini bildirib.

“Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik”

“RİA Novosti”nin xəbərinə görə, S.Lavrov bildirib ki, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir: “İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir. Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”.
Qeyd edək ki, Yerevan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. İyulun 26-da R.Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra İrəvanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşu devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.
Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu da 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib.

MN-in rəhbərliyi cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub

Ölkəmizdə ordu quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il avqustun 1-dək 92 milyon 819 min 877,45 manat, 213 min 577,88 ABŞ dolları, 11 min 936 avro və 5 min rubl vəsait yığılıb. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun səhra köməkçisi Gennadi Petrika aparacaqlar.
ANAMA iyulda 168 partlamamış hərbi sursat, beş mina aşkarlayıb
İyulda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində 424 min 299 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 168 partlamamış hərbi sursat, piyada əleyhinə iki və tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. ANAMA-dan bildiriblər ki, əməliyyatlara 486 nəfərlik əməliyyat, 134 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub. İndiyədək cəmi 529 milyon 515 min 651 kvadratmetr ərazi təmizlənib, 797 min 96 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. İyulda Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən səkkiz, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən yeddi, Dövlət Sərhəd Xidmətindən iki və rayon İcra Hakimiyyətindən bir müraciət daxil olub. Müraciətlər əsasında 11 min 170 kvadratmetr ərazi təmizlənib, 32 partlamamış hərbi sursat aşkarlanaraq agentliyin mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.

“Newtimes.az”: “Türkiyə Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini saxlamaqda qərarlıdır”

Qeyd edək ki, “Newtimes.az”da “Türkiyə Prezidenti Bakıda: böyük geosiyasi məkanın iki lideri” başlıqlı yazı dərc edilib ki, burada bir sıra istiqamətlərlə yanaşı, regional və qlobal təhlükəsizlik məsələlərinə də toxunulub. Yazıda qeyd edilir ki, Azərbaycanın əldə etdiyi uğurlar da göz qabağındadır: “Bütün sahələrdə islahatlar yüksək dinamika ilə davam edir. Daxili siyasətdə əldə edilən nailiyyətlərlə xarici siyasətin uğurları uyğunluq təşkil edir. Azərbaycan enerji və nəqliyyat sferalarında yeni-yeni uğurlara imza atır. Bütün dünya Azərbaycanın inkişafını etiraf edir. Konkret göstəricilər də bunu əyani surətdə sübut edir.
Bütün bunlar iki ölkə liderlərinə inamlı, qətiyyətli və bir-birini dəstəkləməklə aktiv müstəqil siyasət yeritməyə əsas verir. Bu mövqeni Prezident İlham Əliyev çox dolğun ifadə edib. Dövlət başçısı deyib: "Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir".
Əlbəttə, Türkiyə Dağlıq Qarabağ münaqişəsində Bakıya yalnız qardaşlıq amilinə görə dəstək vermir. Bu barədə Azərbaycanın dövlət başçısı dəfələrlə fikir bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, Ankara əsas olaraq Azərbaycanın mövqeyinin haqlı olduğuna görə, ona dəstək verir. Burada bir ədalətli mövqe məsələsi var. Türk dövlətləri ənənəvi olaraq siyasətdə ədalətliliyə böyük yer veriblər. Eyni məntiqlə Azərbaycan daim Türkiyənin haqq səsini beynəlxalq aləmdə müdafiə edir. Bu baxımdan Prezident İlham Əliyevin məşhur "Türkiyə burda yoxdur, mən varam" deyimi çox gözəl bir nümunə kimi qəbul edilir.
Bütün bunların böyük geosiyasi əhəmiyyəti var. R.T.Ərdoğan prezident seçkisindən sonra ilk səfərini Azərbaycana etməklə ciddi mesaj verir: bütün hallarda Türkiyə Azərbaycanla münasibətlərinə çox böyük önəm verir. Ankara və Bakı bundan sonra da əməkdaşlığı inkişaf etdirəcək və onların çəkinəcək bir yeri yoxdur.
Eyni zamanda Türkiyə Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini saxlamaqda da qərarlıdır. Onu bu mövqeyindən kimsə döndərə bilməz. Artıq Türkiyə beynəlxalq təşkilatlar səviyyəsində bu məsələni konkret qoymaq mərhələsindədir. Bunu NATO-nun son Brüssel sammitində müşahidə etdik. Şübhə yoxdur ki, həmin proses davam edəcək. Yeri gəlmişkən, Ankara və Bakının bu qətiyyəti erməniləri təlaşa salıb.
Nəhayət, Türkiyə Prezidentinin Azərbaycana səfəri bir daha göstərdi ki, bütün strateji məsələlərdə iki dövlət yanaşı addımlamaqda qərarlıdırlar”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info