Əkin yerlərini yandıranlar cərimə ediləcək
Tarix: 07.08.2018 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Anar Hüseynov: “Kövşənliyə od vuran fermer bir il sonra həmin sahədən daha az məhsul götürür, sonra ya əkindən imtina edir, ya da xeyli əlavə vəsait xərcləyərək torpağa yenidən kimyəvi gübrə verməli olur”


Cavanşir Təlai: “Samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir”

Son vaxtlar daha çox taxıl sahələrinin biçindən sonra yandırılmasının şahidi oluruq. Bu isə bir sıra sahələrlə bağlı təhlükəli hallar yaratmaqla yanaşı həm də ekoloji baxımdan və aqrotexniki qaydalar baxımından zərərlidir. Məhsul istehsalçılarının bəzən belə məsuliyyətsiz davranışı energetika sahəsinə də böyük ziyan vurmuş olur. Yüksək gərginlikli enerji xətlərinə yaxın ərazilərin yandırılması sözügedən xətlərin də sıradan çıxmasına, nəticədə enerji ilə bağlı bəzi problemlərin yaranmasına səbəb olur. Amma bu arzuolunmaz praktika ən çox kənd təsərrüfatı sahəsinə ziyan vurur ki burada da torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olması kimi hallar baş verir. Mütəxəssislər bildirilər ki, samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər tamamilə məhv olurlar. O da bildirilir ki, yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur. 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir. Bu itkini kompensasiya edilməsi üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun “Palitra”ya verdiyi məlumata görə, belə halların baş verməsi birinci növbədə o torpaqlarda əkin işləri aparan şəxslərin özünə zərərlidir. Anar Hüseynov aparılan taxıl biçini ilə bağlı son rəqəmləri də açıqladı: “Maraq üçün öncə onu bildirim ki, 5 avqust tarixinə olan məlumata əsasən respublikanın rayonlarında 1007.8 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 672.1 min hektarı buğda, 335.7 min hektarı arpa sahələridir.
Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 30.1 s/ha, arpanınkı isə 27.6 s/ha təşkil edir.
Arpa biçininin 99.7%-i, buğda biçininin isə 99.1%-i yerinə yetirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 26 ədəd (Bakı – 11, Cəlilabad – 3, Goranboy – 1, Kürdəmir – 1, Lənkəran –1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb, 23 ədəd (Bakı – 10, Cəlilabad – 3, Lənkəran – 1, Masallı – 1, Sabirabad – 1, Şabran – 2, Şəki – 1, Şirvan – 4) kənd təsərrüfatı texnikasına dövlət texniki baxışı keçirilib. 18 nəfərə isə (Bakı – 1, Bərdə – 2, Cəlilabad – 1, Qazax – 1, Quba – 6, Lənkəran – 1, Şirvan – 6) kənd təsərrüfatı texnikasını və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib yaxud dəyişdirilib.
Taxıl biçinindən sonra sahələrin yandırılmasına gəldikdə isə bildiyiniz kimi torpağın mikroflorası milyon illər ərzində formalaşır, insan isə onu bir gündə məhv edə bilir. Biçindən sonra taxıl sahələrini yandıran fermerlər anlamalıdırlar ki, onlar torpağın həyat qabiliyyətini aşağı salırlar, yanğın o torpağın strukturunu kökündən dəyişir. Yanmış torpaqda nə kalium, fosfat, azot kimi faydalı elementlər qalır, nə xeyirli bakteriyalar. Üstəlik bitkiçilikdə zərərvericilərə qarşı mübarizədə əsas dostu olan faydalı həşəratlar da yanğında məhv olurlar. Kövşənliyə od vuran fermer bir il sonra həmin sahədən daha az məhsul götürür, sonra ya əkindən imtina edir, ya da xeyli əlavə vəsait xərcləyərək torpağa yenidən kimyəvi gübrə verməli olur. Hər iki halda səbəb biçin yerlərinin yandırılmasıdır. Fermer samana od vurmasa, əksinə samanı xırdalayıb, əkin sahəsinə versə, həm torpağı qidalandırar, həm münbitliyini qoruyar, həm də gələn il daha çox məhsul götürməyi qarantiya altına almış olar.
Biçilmiş ərazilər yandırılmamalıdır”.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyir ki, Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. O qeyd edib ki, samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir. Direktor deyib ki, taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır: "Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır".
C.Təlainin sözlərinə görə, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür: "Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir".
Sahənin yandırılmasına alternativ olaraq direktor bunu təklif edir: "Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.
Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir".
Qurum rəsmisi biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar: "Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın".
Qısası, məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edilir.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10148

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info