“İkinci “Petkim”in qurulmasına 2019-cu ildə başlanacaq”
Tarix: 07.08.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb
“Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işlərin 85 faizi tamamlanıb”. Anadolu Agentliyi xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. Z.Qəhrəmanovun sözlərinə görə, Azərbaycan qazı iyunda TANAP ilə Əskişəhərə çatıb. Layihənin ikinci fazası üzrə işlər davam edir: “TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb. Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək”. Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Avqustun əvvəlində Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb. Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə “CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə “Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 milyon 44 min 394 avro qrant ayrılıb. TANAP CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc edib. 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötüb. Ötən ay isə Dünya Bankının Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) TANAP boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib. 15 illik zəmanət “Cənub Qaz Dəhlizi” QSC ilə “AKA Bank”, “Citi”, “Crédit Agricole CIB, “ING”, “LBBW”, “Santander and Société Générale” bankaları ilə imzalanan kredit müqavilələrini əhatə edir. “Cənub Qaz Dəhlizi” QSC TANAP layihəsində əsas səhmdarıdır və Azərbaycanın maraqlarını qoruyur. Artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib. Zaur Qəhrəmanov onu da qeyd edib ki, ikinci “Petkim” neft-kimya zavodunun qurulmasına gələn ilin iyun ayından başlanacaq. Z.Qəhrəmanov bildirib ki, SOCAR İzmirdə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının (FID) gələn ilin aprel ayına qədər qəbul olunmasını nəzərdə tutur. İyundan isə zavodun qurulması işlərinə başlanacaq: “Əliağada inşa ediləcək ikinci neft-kimya zavodunda 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istehsala başlanması planlaşdırılır. Bu investisiya ilə Türkiyənin neft-kimya məhsulları üzrə idxalının 40 faizinin təmin edilməsi nəzərdə tutulur”. Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim”in illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal etdiyini deyən Z.Qəhrəmanov ikinci “Petkim”in isə ölkədə böyük tələbat olan neft-kimya məhsullarının istehsalını həyata keçirəcəyini qeyd edib. Xatırladaq ki, cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Şirkətin 2017-ci ilin müvafiq dövründəki xalis mənfəəti 365,9 milyon türk lirəsi, gəliri 1,77 milyard lirə olmuşdu. SOCAR 2008-ci ildə “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. O dövrdə “Petkim”in dövriyyəsi 2,1 milyard türk lirəsi olub. 2017-ci ilin üçüncü rübündə isə bu göstərici 4,5 milyard türk lirəsi, mənfəəti isə 1 milyard lirə təşkil edib. Yəni, 2016-cı və 2017-ci illər “Petkim” üçün rekordlarla dolu illər olub. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollar investisiya qoyulub. Şirkət üçün ciddi bir sərmayə proqramı var və bu investisiya 2009-2012-ci illər arasında tədricən həyata keçirilib. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info