Akif Ağatalıbov: “Xaricdəki gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar”
Tarix: 07.08.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan Akif Ağatalıbov da belə soydaşlarımızdan biridir. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. Bu günlərdə Akif Ağatalıbovun 60 yaşı tamam olub. Yubiley günlərində ağsaqqal soydaşımızı yada salıb diasporumuzun perspektiv inkişafı ilə bağlı fikirlərini öyrəndik.
Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1958-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-ci ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abdullayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndələri ilə yaxın dost olub.
Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adıçəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.
Akif Ağatalıbov diasporumuzun inkişaf yolundan danışarkən dedi ki, milli diasporun birliyinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu birlik bu gün özünü qoruyub saxlayır: “Əvvəllər biz bir araya gələ bilmirdik. Müəyyən səbəblər buna mane olurdu və ya bu istiqamətdə hansısa addımlar atılmırdı. Lakin ulu öndərin tapşırığı ilə xaricdəki həmvətənlərimiz bir yerə toplandı və Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı təşkil edildi. Birbaşa diasporla məşğul olan dövlət komitəsi yaradıldı. Bu gün Prezident İlham Əliyevin diasporla bağlı verdiyi tapşırıq və tövsiyələr sayəsində bu sahə daha da canlanır, inkişaf edir”.

“Xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar”

O qeyd etdi ki, Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib: “Diasporumuz bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərib. Bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. İnanırıq ki, yeni sədr Fuad Muradovun sayəsində Azərbaycan diasporu bundan sonra da daha böyük uğurlara imza atacaq, Azərbaycanı xaricdə layiqincə təmsil edəcək”.
O bildirdi ki, xaricdəki həmvətənlərimiz mütəşəkkil diaspor kimi formalaşıblar: “Bu gün fəxrlə deyə bilərik ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanıb. Dünyanın müxtəlif yerlərində məskunlaşmış həmvətənlərimizin mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib”.

“Hazırda Özbəkistanda mədəni irsimiz geniş təbliğ olunur”
Söhbət əsnasında Akif Ağatalıbov Azərbaycan dövlətinin diaspora olan qayğısından danışaraq Prezident İlham Əliyevin 2004-cü ilin martında Özbəkistana səfərini də xatırladı: “Prezident səfər zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak etdi, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşdü. Prezident Özbəkistanda Azərbaycan səfirliyinin açılışı zamanı da həmvətənlərimizlə görüşüb söhbət etdi, bizim yaşayış şəraiti, doğma Vətənlə əlaqələrimizlə maraqlandı. Həmçinin Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş nitq söylədi, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımı addımlar atılacağını vurğuladı. Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin binası ilə tanış oldu, burada yaradılmış şəraitdən razı qaldığını bildirdi. Nəzərə çatdırım ki, həmin geniş mərasimlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edirdi”.
Akif Ağatalıbov hazırda Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin geniş təbliğ olunduğunu dedi: “Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində məqsədyönlü iş aparılıb. 2010-cu ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir”.
Onun sözlərinə görə, son zamanlarda diasporla işin aparılmasına canlanma hiss olunur: “Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov bir sıra ölkələrə səfər edib. Bu, diaspor üçün böyük diqqətin bariz nümunəsidir. Ayrıca, DİDK tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması, Diaspor Gənclərinin I Yay Düşərgəsinin keçirilməsi yeni komitə sədrinin əməyinin nəticəsidir. Xüsusən Diaspor Gənclərinin I Yay Düşərgəsi xaricdəki gəncləri bir araya gətirmək baxımından önəmlidir. Çünki xaricdə yaşayan və fəaliyyət göstərən, eləcə də təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar”.

“Akif Ağatalıbov həmişə bizim fəxrimizdir”
Yeri gəlmişkən, Özbəkistanda və Azərbaycanda tanınmış güləşçi, 3 qat dünya çempionu, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadov Akif Ağatalıbovun yubileyi ilə bağlı təbrikini qəzetimizə ünvanlayıb: “Mən Akif Ağatalıbova həmişə bir böyük kimi Akif dayı deyirəm. O, Özbəkistanda olanda hiss edirdik ki, arxamız, böyüyümüz, ağsaqqalımız var. O, hərtərəfli şəkildə bizə dəstək olurdu. Biz Akif dayıya inanıb işimizi rahat görürdük. Onun sayəsində Azərbaycan diasporu Özbəkistanda ayaqda durmuşdu. O, həmişə bizim fəxrimizdir. Onunla qürur duyuruq. Akif dayını 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona xoşbəxtlik, cansağlığı və Allahdan şəfalar diləyirəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info