Fərrux Rüstəmovun “Azərbaycan pedaqogikaşünaslığı“ kitabına baxış
Tarix: 08.08.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Həsən Bayramov
pedaqoji elmlər doktoru


Azərbaycanda həyata keçirilən təhsil islahatı özünün yeni mərhələsinə daxil olmuş, rəqabətə davamlı şəxsiyyət hazırlığı liberal cəmiyyət quruculuğunun başlıca prioritetinə çevrilmişdir. Bir sıra iri dövlət layihələrinin uğurla davam etdirilməsi, xüsusilə ölkənin uzun müddətə hesablanmış Strateji Yol Xəritəsində təhsilin iqtisadi tutumluğunun təmini ilə bağlı ciddi hədəflərə hesablanmış prioritetlərin müəyyən edilməsi, nəhayət, təhsildə keyfiyyətitn başlıca məqsədə çevrilməsi indi elmi-pedaqoji tədqiqatların da məzmun və mahiyyətcə yeni keyfiyyət halını təmin etməsini bütün ciddiliyi ilə qarşıda qoymuşdur.
Ölkəmizdə tarixi-pedaqoji irsin araşdırılması təkamül prosesi olaraq təhsilin dinamikasını müəyyənləşdirməyə, təhsil sisteminin mükəmməl bünövrəsini təmin etməyə kömək edə bilər. Elə buna görədir ki, hal-hazırda dünya fəlsəfi və pedaqoji fikrində mövcud təhsil sisteminin ciddi qüsurları, onu təkmilləşdirməyin prinsip və üsulları haqqında fikirlər, polemik yanaşmalar davam etməkdədir. Təhsilin uzun müddətə hesablanmış sosial əhmiyyətinin nəticəsidir ki, Ümumdünya Fəlsəfə Konqresi bir-neçə toplantısını təhsilin sosial-fəlsəfi problemlərinə həsr etmişdir. XXI əsrin YUNESKO tərəfindən “Təhsil əsri” adlandırılması da müasir dünyada sosial tərəqqinin bilavasitə təhsillə bağlı olacağının nəticəsidir. Bu isə maarifçilik fəlsəfəsinə yeni baxışın təmin edilməsi, pedaqoji nəzəriyyə və konsepsiyaların ideya mənbələrini dərindən öyrənmək, milli dövlət quruculuğu prosesində Azərbaycan gerçəkliyi baxımından nəzərdən keçirmək, dünya təcrübəsi ilə qarşılıqlı təhlil və sintez etmək, müqayisələr əsasında ümumiləşdirmələr aparmaq tələb olunur. Hələ vaxtilə akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabında yazır: “...Əvvəllər pedaqogika üzrə ittifaq institutları var idi və biz də işimizi onların təqdim etdikləri metodikalara uyğun qururduq. İndi həmin pedaqoji mərkəzlərlə əlaqə kəsilibdir. Belə bir şəraitdə tədris metodikasının və pedaqogika elminin simasını özümüz formalaşdırmalıyıq. Pedaqogika üzrə çoxlu dissertasiya müdafiə olunur, bununla belə elmi araşdırmaların səviyyəsi qeyri-qənaətbəxşdir. Bu gün ali məktəblərin professor-müəllim mühitində, bir neçə nəfər nəzərə alınmazsa, demək olar ki, ciddi elmi tədqiqat işi aparılmır. Universitet müəllimləri çox az çap olunurlar. Bütün ali təhsil ocaqlarında pedaqoji heyətin yaşlanması prosesi gedir. Onları layiqincə əvəz edəcək kadrların hazırlığı məsələsi ilə ciddi məşğul olmaq lazımdır” deyərək elmi-pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrə xüsusi önəm vermişdir. Mübaliğəsiz olaraq pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun bu yaxınlarda çapdan çıxmış “Azərbaycan pedaqogikaşünaslığı” dərsliyi yeni tələblər prizmasından yazılmış uğurlu tədris-tədqiqat işi kimi dəyərləndirilə bilər.
Azərbaycan elmi-pedaqoji fikrinin geniş salnaməsini yaratmağı qarşısına məqsəd qoymuş müəllif 900 səhifəlik araşdırması ilə nəinki məqsədinə nail olmuş, bundan əvvəl yazdığı “Pedaqogika tarixi” dərsliyində (748səh) olduğu kimi əsl elmi-pedaqoji hadisəni təkrarlamışdır.
Hələ vaxtilə Azərbaycan pedaqoji elm tarixini sistemləşdirmək, həlledici tarixi-ictimai reallıqlar kontekstində mərhələlər üzrə araşdırılması zərurətindən bəhs edən pedaqoq alimlərimizdən akademik Mehdi Mehdizadə problemin aktuallığından bəhs edərək yazırdı: ... məsələ o qədər böyük və vacibdir ki, buna dair hətta xüsusi tədqiqat işi aparmağa dəyər. (M.Mehdizadə. SSRİ-nin 60 illiyi və Azərbaycanda pedaqoji elmlərin inkişafı // “Azərbaycan məktəbi” jurnalı, 1982, №2, s.28). Görkəmli təhsil tarixçisi Ağahəsən Rzayev pedaqogika tarixinin yaradılmasının vacibliyi ilə bağlı yazırdı: “... xalqımız öz fəlsəfə, əbəbiyyatşünaslıq, tarix, riyaziyyat, astronomiya ilə yanaşı, pedaqoji elmlərin də tarixinin yazılmasını gözləyir (A.Rzayev XIX əsr Azərbaycan alimləri və mütəfəkkirləri haqqında oçerklər. Bakı, Maarif, 1969, s.36). Bu baxımdan görkəmli metodist-pedaqoq Zahid Qaralovun fikirləri də çox vacibdir: “Azərbaycanda təhsil quruculuğu təcrübəsinin mükəmməl öyrənilməsinə, xüsusilə müxtəlif zamanlarda təhsil sisteminin mahiyyətini və real mənzərəsini əks etdirən fundamental tədqiqata və ədəbiyyata ehtiyac qalmamaqdadır” (Z.Qaralov. Azərbaycan Respublikasında təhsil islahatının əsas istiqaməti haqqında // “Azərbaycan məktəbi” jurnalı, 1993, №1-3, s.3)
Məncə, Azərbaycan elmi-pedaqoji fikrinin hər üç görkəmli klassikləri sağ olsaydılar, professor Fərrux Rüstəmovun bu tədqiqatının həmin çağırışlara layiqli töhvə olduğunu qeyd edərək deyərdilər: Mərhəba!
Müəllifin çoxəhatəli tədqiqat arealı üçün müəyyən etdiyi problemlərin araşdırılması manerası da xüsusi qeyd edilməlidir. Yeddi fəsildən, 20 yarım, 18 altyarım fəsildən ibarət olan tədqiqat işində pedaqogika üzrə elmlər və fəlsəfə doktorları haqqında da müfəssəl məlumat verilmiş, ad göstəriciləri və ədəbiyyat siyahısı (958) ilə tamamlanmışdır.
Professor Əjdər Ağayevin uğur sözü ilə başlayan əsərin “Azərbaycanda pedaqoji elmin nəzəri-metodoloji problemlərinin tədqiqi” adlanan birinci fəsli Azərbaycanda pedaqoji elmin inkişafını şərtləndirən sosial-siyasi zəmin və tarixi qaynaqların araşdırılması ilə başlayır. Bu fəslin sonrakı yarımfəsillərində pedaqogikanın metodoloji prinsiplərindən, onların təşəkkülü və deformasiyasından, pedaqoji cərəyanlarından bəhs edilir.
Əsərin ikinci fəsli “Azərbaycanda tərbiyə nəzəriyyəsinin inkişafı” adlanır ki, burada şəxsiyyətin formalaşdırılması, tərbiyənin nəzəri problemləri tədqiq olunur.
“Azərbaycanda didaktik fikrin inkişafı” adlanan üçüncü fəsildə ümumi orta təhsilin məzmununun, tədris plan və proqramlarının təkmilləşdirilməsindən, stabil dərsliklərin yaradıl-masından, didaktikanın nəzəri problemlərinin tədqiqindən bəhs olunur.
Dördüncü fəsil tarixi-pedaqoji irsin və sahə pedaqogikalarının tədqiqinə həsr edilib. Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən amillərə həsr edilmiş beşinci fəsildə bir sıra pedaqoji problemlərdən, o cümlədən, elmi-pedaqoji tədris ədəbiyyatının hazırlanmasından, pedaqoji jurnalistikadan, pedaqoji tənqiddən və müvafiq kadr hazırlığından bəhs edilir.
Əsərin altıncı fəsli özünün orijinallığı və aktuallığı ilə seçilir. Burada pedaqoji elmlərin inkişafında beynəlxalq əlaqələrin rolu yüksək qiymətləndirilir, Rusiya, Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiya Respublikaları ilə elmi-pedaqoji əlaqələr geniş təhlil edilib. “Humanist-pedaqogika: problemlər, perspektivlər” adlanan sonuncu yeddinci fəslində təhsilin bu aktual sahəsinin ölkəmizdə tədris və tədqiqi öyrənilmişdir. Pedaqogika üzrə elmlər doktorlarının və pedaqogika üzrə fəlsəfə doktorlarının siyahısı, onların müdafiə etdiyi mövzular, ad göstəricisi, əlifba sırası ilə öz əksini tapıb. (Bu fəsillərlə bağlı növbəti məqalələrdə ətraflı bəhs ediləcəkdir – müəllif)
Tədqiqat işi belə bir elmi qənaətə gəlməyə əsas verir ki, “Azərbaycanda pedaqogika elminin inkişaf qanunauyğunluqlarını, spesifik xüsusiyyətləri və tendensiyalarını aşkara çıxarmaq, bu prosesin zəruriliyini sübut etmək, pedaqoji prosesin inkişafındakı rolunu müəyyənləşdirmək, onun təşəkkülü və inkişafını şiddətləndirən amilləri, nəzəri-metodoloji, eləcə də praktik istiqamətlərini analitik təhlil etmək, elmi-tənqidi şəkildə öyrənmək, müasir mütərəqqi ideyalar üçün istiqamətverici təkamül mənbəyi olan pedaqoji ideyaları üzə çıxarmaq, müstəqil dövlət quruculuğu prosesində perspektivləri müəyyənləşdirmək bu fundamental tədqiqatın ana xəttini, əsas leytmotivini təşkil edir.
Azərbaycanda pedaqoji elminin inkişaf tarixinin sistemli öyrənilməsinin sosial-elmi sifariş olması zərurətindən ərsəyə gələn bu tədqiqat əsəri və tədris ədəbiyyatı olaraq tarixi təşəkkülü, inkişafı və perspektivləri ilə ideya-nəzəri əsaslarının formalaşmasını vahid proses kimi özündə ehtiva edən ilk fundamental tədqiqat olaraq bir çox ilklərlə bağlıdır. Bunlardan biri pedaqoji elmin təşəkkülü və inkişafı prosesinin dövrləşməsinin təmin edilməsidir. Bu, özlüyündə bir dissertasiyalıq tədqiqat işidir!
Dərsliyin əhatə dairəsindən növbəti məqalədə bəhs ediləcəyindən fikirlərimi kitabda verilmiş başlıca elmi-pedaqoji qayəni xatırlatmaqla yekunlaşdırmaq istəyirəm. Bu tədris-tədqiqat işində:
- Azərbaycanda pedaqogika elminin təşəkkülü və inkişafına təkan verən siyasi, iqtisadi, mədəni, elmi zəmin müəyyənləşdirilmiş;
- pedaqogika elminin inkişafının mərhələlər üzrə təsnifatı verilmiş, təşəkkülü prosesi təhlil edilmiş;
- Azərbaycanda pedaqogikanın müstəqil elm kimi formalaşmasını şərtləndirən genetik səbəblər və ictimai-tarixi amillər müəyyən edilmiş, onun nəzəri-metodoloji problematikası aşkara çıxarmış, yeni pedaqogikanın tarixi təşəkkülündə milli pedaqoji qaynaqların rolu və əhəmiyyəti müəyyənləşdirilmiş;
- Sovet dövr elmi-pedaqogikanın siyasiləşməsi, zorən pedaqogikanın metodoloji əsalarına çevrilməsi prosesi və onun doğurduğu ziddiyyətləri izlənilmiş;
- pedaqoji elmin nəzəri-metodoloji problemlərinin öyrənilməsində milli-elmi pleyadanın mərhələlər üzrə fəaliyyəti təhlil edilmiş, metodoloji-nəzəri baxışların təşəkkülü, inkişafı və deformasiyasının səbəbləri sosial-tarixi reallıqlar kontekstindən müəyyənləşdirilmiş, pedaqoji cərəyanların təsnifatındakı polemikaların səbəbləri izah edilmiş;
- pedaqoji anlayış və terminlərin təkmilləşdirilməsinin pedaqoji elmin inkişafına təsiri müəyyənləşdirilmiş;
- tərbiyə nəzəriyyəsinin elmi-nəzəri problemlərinin həlli yolları tarixi-pedaqoji aspektdə ümumiləşdirilmiş, şəxsiyyətin formalaşmasında nəzəriyyə və təcrübənin vəhdəti üzə çıxarılmış;
- didaktikanın Azərbaycan reallığında inkişaf istiqamətləri təhlil edilmiş, ümumi orta təhsilin məzmununun təkmilləşdirilməsinin inkişaf mərhələlərinin spesifikası aşkara çıxarılmış, pedaqoji nəzəriyyənin inkişafında tədqiqatçı alimlərlə yanaşı, yaradıcı maarifçi müəllimlərin, yəni praktik pedaqoqların da rolu müəyyənləşdirilmiş;
- Azərbaycanda pedaqogika elminin inkişafını şərtləndirən amillər üzə çıxarılmış;
- pedaqogika elminin inkişafında pedaqoji mətbuatın rolu əsaslandırılmış;
- pedaqogika üzrə elmi-pedaqoji kadr hazırlığının dinamikası izlənilmiş;
- mütərəqqi dünya pedaqoji fikrinin Azərbaycanda pedaqoji elmin inkişafına təsiri izlənilmiş;
- ölkəmizdə pedaqogikanın nəzəriyyəsi, tarixi və digər sahələrinin inkişaf yolları, eləcə də tədris-metodiki külliyyata baxış təmin edilmiş;
- müstəqil dövlət quruculuğu prosesində təhsil-tərbiyə nəzəriyyəsinin inkişafına toxunulmuş, nəzərdən keçirilmiş çox geniş elmi, tarixi, metodiki külliyyat dəyərləndirilməklə, yaxın perspektiv üçün pedaqoji elmin vəzifələri müəyyən¬ləş¬dirilmişdir.
Belə qənaətə gəlmək olar ki, “Azərbaycan pedaqogikaşünaslığı” əsərinin dəyəri bir də onun indiyədək mövcud elmi-pedaqoji külliyyatın analitik təhlili üzərində qurulmasındadır, yəni bu əsər müqayisəli-sintetik yanaşma süzgəcindən keçirilmişdir. Azərbaycanda pedaqogika elminin inkişaf tarixini öyrənmək, Azərbaycan pedaqogikaşünaslığını yaratmaq baxımından elmi-pedaqoji ictimaiyyətə təqdim edilən bu əsər diqqəti xüsusi olaraq cəlb edir. Fərrux Rüstəmov sadəcə elmin təşəkkülü ilə əlaqə¬dar tarixi inkişaf faktlarının təsviri, şərhi, təhlili ilə kifayətlənmir. O, problemə elmşünaslıq nöqteyi-nəzərindən yanaşaraq onun metodoloji köklərini, qaynaqlarını, daxili qanunauyğunluq əlaqələrini, sosial-iqtisadi, ictimai zəmini və digər cəhətləri meydana çıxarmış, bu əsasda pedaqoji elmin daşıdığı məzmun keyfiyyətlərini, həmin elmin yaradıcılarının nəzəri baxışları və əməli xidmətlərini məharətlə ümumiləşdirmiş, sistemə salmışdır. Dərsliyin hər fəsli, hər bölümü, hər səhifəsi elmiliyi, təzəliyi, dəyərliliyi, faktlara yanaşma tərzi orijinallığı ilə seçilir.
(Ardı var)




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info