İsa Cavadoğlunun şeirləri xalq arasında məhəbbət qazanıb
Tarix: 08.08.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Ölüm bəlkə elə yerdə haqladı,
Dil-ağzımı qıfılladı, bağladı.
Son sözümü dodağımda saxladı,
Deyəmmədim, «Uca dağlar, əlvida!
Ay balalar, ay uşaqlar, əlvida!»

(İsa Cavadoğlu)

Həqiqətən sözün sehrinə düşdükcə ondan ayrılmaq çətin olur. Elə buna görədir ki, ulu əcdadlarımız sözə yüksək qiymət vermiş, incə, dürr kəlamlar yaratmış, sinələrində yaşadaraq dillərdən-dillərə ötürərək yaşatmışlar. Şeir bizlərin ən tərbiyəvi silahıdır. Ədəb-ərkanı şeirlərdə şairlərin dillərindən tökülən inci sözlərin hikmətindən qüdrətlənərək öyrənmişik. Xalq poeziyasının ana sütununu təşkil edən aşıq ədəbiyyatına əcdadlarımız böyük məhəbbət bəsləmiş, şeirin bu şəkillərində çoxlu poetik nümunələr yaradaraq gələcək nəsillərə ötürmüşlər. Heç şübhəsiz ki, bu gündə aşıq poeziyası və onun şəkillərində yazıb-yaradan el şairləri yaşayır. Aşıq poeziyası şəkillərində əvəzsiz poetik incilər yaradan İsa Cavadoğlunun şeirləri xalq arasında məhəbbət qazanmış, sürətlə yayılmış və ötən əsrdən başlayaraq ayrı-ayrı dövri mətbuatda onun haqqında yazılar yazılır və şeirləri yayımlanır. Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Çopur Ələsgər, Aydın Çobanoğlu, Aşıq Xanlar Məhərrəmov, Aşıq İmran Həsənov və digər aşıqlarla yaxından dostluq edən İsa Cavadoğlunun şeirlərində aşıq ruhu vardır. Məhz elə buna görədir ki, şair İsa Cavadoğlunun hər bir qoşması, gəraylısı aşıq havalarına uyğundur.
Tovuza gedərkən öncə zəngləşdiyim insanlardan birincisi İsa müəllimdir. İsa Cavadoğlu çay süfrəmizin ağsaqqalı, savadlı bir insanı kimi onun söhbətlərinə maraqla qulaq asırıq. Belə çay süfrələrimizin birində İsa müəllimdən arxivində olan çapa vermədiyi şeirlərdən istədim. Bir müddətdən sonra İsa müəllim mənə şeirlərini təqdim etdi. Şeirlərini oxuduqca heyrətə gəldim. Çünki həmin şeirlərin ən azı 20-30 ilə bərabər yaşları var idi. Şairin cavan vaxtı yazdığı bu şeirləri indiki dövrdə şöhrət tapan şeirlərindən heç də geridə qalmır. Bu bir daha İsa Cavadoğlunun İlahi dərgahdan pay aldığını təsdiq edir.

Yaxşı insanlar
Öz elmi, öz gücü, öz fəhmi ilə
Qalxıb ucalandı yaxşı insanlar.
Hər vaxt cəmiyyətin ön cərgəsində
Əbədi qalandı yaxşı insanlar.

İşində təmkinli, sözündə qəti,
Rəftarı mülayim, baxışı iti,
İnsanlıq, nəciblik, mədəniyyəti,
Mükəmməl olandı yaxşı insanlar.

Yaxşılıq həyatın canı, nəfəsi,
Düz yola yönəldər hər vaxt hər kəsi,
Haqqın həm əsgəri, həm sərkərdəsi,
Zəfərlər çalandı yaxşı insanlar.

Belə oğullarla öyünər vətən,
Ata-ana kimi söyünər vətən,
Qələbə libası geyinər vətən,
Qəlblərə dolandı yaxşı insanlar.

Görüb duyduğunu yazdı İsa da,
Zəmanə qarışıq, çətin olsa da,
Bəzi qaragüruhdan zərbə alsa da,
Haqqa arxalandı yaxşı insanlar,
Hər vaxt ucalandı yaxşı insanlar.

Vida gözilə
Yetişdim ömrümün qürub çağına,
Baxıram aləmə vida gözilə.
Xəyalən olsa da gəzdiyim yerlər
Çevrilir haləmə vida gözilə.

Göyçədən, Göygöldən, Laçından keçib,
Qafqazı seyr edib, sulardan içib,
Hüyər yaylağını düşərgə seçib
Dönürəm elimə vida gözilə.

Az keçən fərəhli günləri saydım,
“Ah, bu da bəsimdi”...deyərək doydum,
Qələmi dəftərin üstünə qoydum,
Nə deyim qələmə vida gözilə.

Biləydim
Kimlər nə deyəcək sinəmdən axıb
Kağıza süzülən səsə biləydim.
Hərdən asta-asta səhər yeli tək
Bütün ürəklərə əsə biləydim.

Hər dərdə bir əlac axtarır insan,
Yaltaqlıq, xəbislik, riya, böhtan,
Neçə xəstəlikdir, varmıdır dərman?
Onların əlacı nəsə biləydim!

İsa, hər könüldə çıraq yandırıb,
Gözəl arzuları işıqlandırıb,
Qara duyğuları əzib, sındırıb,
Kökünü əbədi kəsə biləydim...

Bilmədim
Arzuda, istəkdə imarət qurdum,
Əslində bir kümə yapa bilmədim.
Cıdır meydanına çəkdim atımı,
Büdrədi köhlənim, çapa bilmədim.

Eşq ilə səfərə çıxdığım vaxtı,
Tufan qərq eylədi, daşlara çaxdı,
Yoluma o qədər sal qaya çıxdı,
Külüngüm korşaldı, çapa bilmədim.

Daha nə ümid var, nə bir güman var,
Nə də ki, halıma candan yanan var,
Dedilər, ay İsa, haqq var, divan var,
Mən ki, ha axtardım, tapa bilmədim.

Düşdüyüm mühit
Ömrün qaynar çağı soyuğa düşdüm,
Məni küt eylədi düşdüyüm mühit.
Arzumu-eşqimi kəməndə salıb
Lap şil-küt eylədi düşdüyüm mühit.

Məşğələm təbliğat, ifadə, imla,
Ruzi misqal-misqal, su damla-damla,
Cəmiyyət yeridi nəhəng addımla,
Məni lüt eylədi düşdüyüm mühit.

Varmı İsa kimi eşqi çürüyən,
Özünün oduna özü əriyən?
Heç kəsə nə xeyir, nə şəri dəyən
Cansız büt eylədi düşdüyüm mühit.

KEÇMƏMİSƏNMİ?

Nə bərk ah çəkirsən, ixtiyar qoca,
Qaynar cavanlığı keçməmisənmi?!
Yanıb atəşinə şux gözəllərin
Yüzündən birini seçməmisənmi?!

Neçə köhlənləri yollarda yorub,
Aranda, yaylaqda alaçıq qurub
Əmliyin, erkəyin ətindən vurub
Sərin çeşmələrdən içməmisənmi?!

Hər nalə bu qəmi soyudan deyil,
İsa da ah çəkir, qayıdan deyil,
Axşamdır, ay baba, daha dan deyil,
Təzə nəsillərə köçməmisənmi?!

OLMUŞAM
Cavanlar nə bilir mən də bir zaman
Elə onlar kimi cavan olmuşam,
Bir qaragözlünün oduna yanıb
Gecələr bülbülə hayan olmuşam.

Ələnib üstümə meh sərin-sərin
Açmışam gözünü nurlu səhərin,
Yatıb yalmanına dəli kəhərin
Qızlar keçən yolda tufan olmuşam.

Qəflətən enmişəm bulağın üstə,
Gözəllər hürküşüb dəstəbədəstə,
Sevgilim Əsli tək dönüb sərməstə,
Mən yazıq Kərəm tək yanan olmuşam.

Sürünüb yanınca, düşüb dalınca,
Özümü çaxmışam oda, qılınca,
Qönçə ləblərindən bir söz alınca,
Bir canam, min dəfə qurban olmuşam.

Bəs hanı, ay İsa, indi o günlər?
Şığıyıb ulduz tək söndü o günlər,
Nə tez xatirəyə döndü o günlər,
Oturub xatirə yazan olmuşam.

ƏLVİDA
Ölüm bəlkə elə yerdə haqladı,
Dil-ağzımı qıfılladı, bağladı.
Son sözümü dodağımda saxladı,
Deyəmmədim, «Uca dağlar, əlvida!
Ay balalar, ay uşaqlar, əlvida!»

Yer üstündə ilk addımım, son izim,
Sevinc gölüm, qayğı, kədər, dənizim.
Aylı gecəm, açıq, tutqun gündüzüm,
Vaxtım, günüm, ilim, ayım, əlvida!
Tamam olan ömür payım, əlvida!

Şavadında axşam ocaq çatdığım,
İstisində mışıl-mışıl yatdığım.
Nəfəsimi nəfəsinə qatdığım.
Dəli Kürüm, ana Kürüm, əlvida!
Sən layla de, mən hönkürüm, əlvida!

Vətən üçün kaş bir şəhid olaydım,
Yaddaşlarda elə cavan qalaydım.
Öləziyib nə bu yaşa dolaydım,
İlham pərim, yazı masam, əlvida!
Son nəğməmi yazammasam, əlvida

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info