Əməkdar artist Ağalar Bayramov: “Yaxşı şeir bəzən bir dram əsərindən daha əhəmiyyətlidir...”
Tarix: 20.06.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Müsahibim Azərbaycan incəsənəti sahəsində bu gün bədii qiraət ustalarından biri olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramovdur. Sənət fəaliyyəti, bu günün söz yaradıcılığına müasir gəncliyin münasibəti və bədii qiraət dünyasına daha yaxından bələd olmaq üçün Ağalar müəllimlə həmsöhbət oldum. Ağalar müəllimlə müsahibəni oxuculara təqdim edirik:
- Ağalar müəllim, siz Azərbaycan səhnəsində bədii qiraət ustadlarımızdansınız. Bu gün indiki gənclər arasında mükəmməl bədii qiraət söyləyəcək davamçılarınızı görürsünüzmü?
- Bu, çox çətin sənətdir. Soruşa bilərsiniz ki, incəsənətin digər qolları da asan deyil. Xeyr. Aktyorlar çoxdur və bu da mahiyyət etibarilə aktyorluqdur. Fərq ondan ibarətdir ki, bizim ünsiyyət yaratdığımız tamaşaçıdır. Amma aktyorların partnyorları olur. Bu sənətin sahibləri, daşıyıcıları çox azdır. Bu sənətin bünövrəsini qoyan Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Mikayıl Mirzə olub. Daha sonra Əminə Yusifqızı, İlham Əsgərov və mən Ağalar Bayramov. Bir neçə gənci də saysaq, içi mən qarışıq heç on nəfərə də çatmır. Görün nə qədər müqəddəs sənətdir bədii qiraət. Tam məsuliyyət tələb edən bir sənətdir. Çünki bu sənətdə yaddaş, poeziyaya məhəbbət, ədəbi mətnə məhəbbət və bir də Allahın verdiyi ilahi səs olmalıdır. Bəlkə də bu gün yeni nəsil nümayəndələrindən şeir söyləyənlər var. Amma səs o səs deyil. Səsdə məlahət yoxdu. Poetik cümlələri səsin ahəngliyi ilə cilalamaq lazımdır. Necə ki xalça ilmələrilə gözəl olursa, poetik fikrə də gərək həmişə səslə ilmə vurasan. Bu baxımdan bədii qiraət çox çətin və mürəkkəb sənətdir. Bu sahənin davamçılarını, düzü, hələ görmürəm.
Bu yaxınlarda Müxlis Cənizadənin xatirəsinə həsr olunmuş müsabiqədə Əminə xanım Yusifqızı və mən münsiflər heyəti idik. Bu tədbiri hazırlayan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov idi. Biz orada üç nəfəri seçdik. Biri Gənc Tamaşaçılar Teatrından aktrisa, ikincisi Naxçıvan Dövlət Musiqili Dram Teatrından aktyor, biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən tələbə idi. Amma bu, hələ o demək deyil ki, onlar bədii qiraətçi oldu. Bu illərin bəhrəsindən yaranır. Gərək sözə qarşı məhəbbət olsun. Sözü əzbərləmək şərt deyil. Gərək oxuduğun misraları əvvəlcədən cilalayasan.
Bədii qiraətçilər-az sayda olan insanları deyirəm ki, onlar sözü dirildəndir, sözə əhya verəndir, sözə bəzək verəndirlər. Dəfələrlə olub ki, mən bir şeir söyləmişəm və mənə yaxınlaşıb deyiblər ki, o şeirin olduğu kitab məndə var, amma heç fikir verməmişəm. Mənim ifamda eşitdikdən sonra o şeiri oxuyur. Çünki mən o şeirə həyat verirəm. Bədii qiraət də elə budur. Amma bu, sənətdə aktyorluqdur. Bunun da yaşama məktəbi var. Burada da sözə qarşı münasibət var. Sadəcə partnyor minlərlə tamaşaçıdır. Mərhum aktyorumuz, SSRİ Xalq artisti Adil İsgəndərov deyərdi: “Qadam, danışanın sözü toxumdur. Tamaşaçı isə tarla. Söz ora elə düşməlidir ki, cücərsin, böyüyüb boy atsın”.
Mən Ağalar Bayramov da artıq 21 ildən çox müddətdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Səhnə danışığı kafedrasında, səhnə danışığını tədris edən müəllim kimi bu sənət ilə fəxr edirəm ki, mən Müxlis Cənizadənin, Kazım Ziyanın və hər zaman sənətlərindən öyrəndiyim, səslərindən ilham aldığım Həsən Əblucun, Mikayıl Mirzənin yolunu davam etdirirəm. Belə desək, onların bir zərrəsiyəm. Bu yolun davamçısıyam.
- Bu sənət yolunda addım atmaq və irəli getməyinizə nə səbəb oldu?
- Mən bu sənətə birdən-birə addım atmadım. Desəm, məni bu sənətə əvvəlcədən öyrədiblər, bu da yalan olar. İlk olaraq Mədəni Maarif Texnikumunu bitirdim. Daha sonra İncəsənət Universitetində təhsil almışam. Sadəcə olaraq bu sənət gərək içəridə doğulsun. Bu sənət belədir ki, məktəb, universitet sadəcə olaraq yolu göstərir. Amma başqa tərəflər insanın özündən asılıdır. Bu, mənim devizimdir ki, əgər məlahətli səs yoxdursa, ürəyəyatımlı səs yoxdursa, heç bir bədii qiraətdən söz gedə bilməz. Yaddaşında ola bilər, təsəvvürlərində ola bilər. Lakin bunların içində ən yüksəkdə duran gözəl danışıq səsidir. Amma yenə də bədii qiraətdə sadaladığım xüsusiyyətlərin olması əsasdır. Mükəmməl yaddaş, zəngin təsəvvür, hansı materialdan necə istifadə etmək, hər hansı tədbirdə publikanı nəzərə alıb çıxış etmək bu da başlıca şərtlərdən biridir. Səmimi sözümdür, bu gün mən belə davamçıları hələ görmürəm. Bəlkə də olacaq, çünki bu, xalqın xüsusiyyətidir. Nə qədər sənət nəhəngləri var idi. Onların hamısı dünyalarını dəyişib. Mən də bir gün gedəsiyəm. Yəqin ki, arzuladığımız istedadlar olacaq. Sadəcə zaman lazımdır.
- Keçmişə nəzər salsaq, mükəmməl ədəbiyyatımız vardı. Böyük ustad şairlərimiz yaranmışdı. Gələcək nəsillərə baxanda onların yolu ilə gedənləri görə bilirsiniz?
- Yazarlar var. Bədii qiraətçinin əsas mənbəyi sözdür. Məmməd Araz deyərdi ki, sözlə zarafat etmək olmaz.
Dahi Məhəmməd Füzuli də söz haqqında söyləmişdi:
Artıran söz qədrini, sidqilə qədrin artırar.
Kim nə miqdar olsa, əhlin eylər ol miqdarı söz.
Mərhum xalq şairimiz Nəbi Xəzri isə söz haqda belə bir fikir demişdir ki,
Söz ucaldar bu cahanda insanı,
Bu cahan da əzizləyər insanı.
Vaxt olur ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.
Söz müqəddəsdir. Söz ilə gərək zarafat etməyəsən. Mən bədii qiraət sənətinə ünvan tutanda ilk olaraq bayatılara, aşıq sənətinə müraciət etmişəm. Məmməd Araz poeziyası məni Ağalar Bayramov etdi. Sərbəst vəzndə yazılan Rəsul Rza, Fikrət Qoca, Rüstəm Behrudi poeziyası mənim üçün bədii qiraətin dünyasıdır. Məsələn, Qubada yaşayıb yaradan Ramiz Qusarçaylının neçə-neçə şeirləri mənim repertuarımın şah damarını təşkil edir. Sevimli şairimiz, Xalq şairi Zəlimxan Yaqubun neçə-neçə bir-birindən gözəl misraları mənim həyat yolumda, bədii qiraət sənətimdə yol açıblar. Bu gün gənclərimiz yaxınlaşıb mənə deyirlər ki, Ağalar müəllim, mən bədii qiraət söylədim. Bəli! Söyləyirlər. Amma bilmirlər, nə söyləyirlər. Əsas odur ki, poeziyanı bilməyin lazımdır. Çünki hər yazılan şeir deyil. Yaxşı şeir bəzən bir dram əsərindən daha əhəmiyyətlidir... Əsas onu da bilmək lazımdır ki, sözün arxasında hansı mənanın olduğunu başa düşəsən. Sözün yükünü bilmək lazımdır.
Söhbətimiz əsnasında Ağalar müəllim Qismət adlı bir gəncin yazdığı şeiri söylədi:
Daha son ümidə ümid qalmayıb.
Qalsa, yollarına baxardım, olmur!
Soyuq əllərimi üzük yerinə
Qaynar əllərinə taxardım, olmur.
Elə bil yanında yersiz qonağam.
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyil, mənsə qorxağam,
Səni öz başıma sıxardım, olmur.
Neyləyim, olmadı, çatmadı gücüm.
Fərz edək, tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün
Gərək ürəyimi çıxardım, olmur.
- Fikir verin məhəbbət ünvanına üç bəndlik şeirdi. Amma görün bu şerdə nə qədər məntiq var. Məsələn Ramiz Qusarçaylının şeirində:
Düşməndən dərs yükü alıb, dərsinə daldığım Vətən.
Qarabağda iki alıb sinifdə qaldığım Vətən.
Oğul-oğul çiçəkləndi, şəhid-şəhid ləçəkləndi.
Xocalıda çilikləndi, əlimdən saldığım Vətən.
Gedir yad əldə, can gedir, can-can Azərbaycan gedir.
Düşmənlərə qurban gedir, qurban olduğum Vətən.
- Şair Məmməd İlqar isə şeirində belə vurğulayır.
Vətən başa çox iş gələr, baş əymə, başın sağ olsun.
Biz ölməyə doğulmuşuq, torpağın, daşın sağ olsun.
Neçə cəfakeşin qalır, bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır, o qalan beşin sağ olsun.
Çat verir, çatlayır dözüm, sən çatlama, canım gözüm.
Bizə ağalamağa gözün, bir də göz yaşın sağ olsun.
- Bunları niyə söylədim, çünki bunlar mənim mənbəyimdir. Sözün deyilişindən, sözün gücündən çox şey asılıdır. Ola bilsin, bir bəndlik şeirdir, amma böyük məna daşıyıcısıdır. Rəhim Rəvan (30 il bundan əvvəl dünyasını dəyişib) deyib:
Ay nazənin qızlar, ay gözəl qızlar,
Siz bu oğlanların həyatısınız.
İkiniz bir yerdə Füzuli beyti,
Dördünüz bir yerdə bayatısınız.
- Bugünkü şairlərin söz yaradıcılığı sizi qane edirmi?
- Gənclərdən Qisməti qeyd etdim, yaxşı yazıb yaradır. Orta nəsil nümayəndələrindən olan Salam Sarvan, Sabir Sarvan, Ramiz Qusarçaylı, Əjdər Ol, Musa Yaqub, Ramiz Rövşən, bunlar az deyil. Həqiqətən də, yazıb-yaradırlar. Bu dəqiqə məni qayğılandıran Qarabağ torpağı öz yerində, söz mənəviyyatsızlığımızdır. Ekranlara nəzər salsaq, ucuz verilişlərin ucuz söhbətləri mədəniyyətimizdə bir bəla kimi baş alıb gedir. Bu, məni çox narahat edir. Çünki söz qüdrət sahibidir. Sözün hər zaman gücü olub. Burada Nəsiminin bir beyti yadıma düşdü.
Zahidin bir barmağını kəssən, dönüb haqdan qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz...

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info