Yaxın 5 ildə sığorta bazarının həcmi 1 milyard manata çatacaq
Tarix: 20.06.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumu işə başlayıb. Forumun açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, son 10 il ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi kapitalı 16 dəfə artıb. Onun sözlərinə görə, 2003-2012-ci illərdə ölkədəki sığorta təşkilatlarının məcmu nizamnamə kapitalı 18,4 mln. manatdan 300 mln. manata çatıb. Bu dövrdə sığorta şirkətlərinin xalis mənfəəti 17,5 dəfə artaraq 50 mln. manata qədər artıb. Nazir qeyd etdi ki, son 10 ildə Azərbaycanda adambaşına düşən sığorta haqlarının məbləği 5 dəfədən çox artıb və 7 manatdan 37 manata qədər yüksəlib. S.Şərifov bildirdi ki, sığorta bazarının həcmi son illər 6 dəfə, son iki ildə isə 2 dəfə artaraq 350 mln. avroya çatıb.

Aqrar sahədə sığorta xidmətlərinin tətbiqi genişlənəcək

Maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanda aqrar sığorta növü ilə bağlı müvafiq qanunvericilik bazasına dəyişikliklər ediləcək. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta xidmətlərinin tətbiqi məhdud səviyyədədir: «Amma demək olmaz ki, bizdə bu sığorta növü mövcud deyil. Bu sığorta növünün ölkədə mövcud olmasına baxmayaraq, bu bazar çox məhduddur. Həmçinin bu bazarda iştirakla bağlı əhalidə kifayət qədər məlumat yoxdur. Digər tərəfdən, mövcud olan mexanizmlər də təkmil deyil. Bununla əlaqədar hazırda Maliyyə Nazirliyi və ölkənin iri sığorta şirkətləri xarici təcrübəni öyrənir». S.Şərifov vurğuladı ki, Maliyyə Nazirliyi yaxın gələcəkdə aqrar sahədə sığorta xidmətlərinin tətbiqi ilə bağlı təklifləri hazırlayaraq müvafiq qaydada hökumətə və dövlət başçısına təqdim edəcək.

İcbari tibbi sığortanın vaxtı çatıb

Nazir çıxışında onu da bildirdi ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin vaxtı çatıb. Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunvericilik bazası artıq yaradılıb: «Hesab edirəm ki, biz artıq o mərhələyə çatırıq ki, tibbi sığortanı gündəlik həyatımızda tətbiq etməyə başlaya bilərik». Nazir qeyd etdi ki, son illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın səhiyyə infrastrukturu yenilənib: «Xəstəxanalar, poliklinikalar, ambulatoriya və s. obyektlərin maddi-texniki vəziyyəti köklü şəkildə dəyişib. Əksər xəstəxanalar, əksər səhiyyə müəssisələrinin inzibati binaları yenidən qurulub və ya yenidən tikilib, onlar müasir avadanlıqla təchiz edilib». S.Şərifov bildirdi ki, Azərbaycandan həkimlərin xaricə təcrübə mübadiləsi üçün göndərilməsi, xaricdən Azərbaycana səhiyyə mütəxəssislərinin dəvət olunması artıb: «Bir sözlə, bu sahədə müsbət irəliləyişləri artıq görürük. Müəyyən problemlər də var - onsuz olmur, amma hazırda biz bu sahəyə sığorta prinsiplərinin daha aktiv şəkildə tətbiq edilməsi prosesinə başlaya bilərik».

Sığorta və təkrarsığorta şirkətlərinin minimum
nizamnamə kapitalına qarşı tələblər artırılacaq


S.Şərifov bildirdi ki, Azərbaycan fəaliyyət göstərən sığorta şirkətlərinin minimum nizamnamə kapitalına qarşı irəli sürülən tələblər artırılacaq. Onun sözlərinə görə, sığorta şirkətlərinin minimum nizamnamə kapitalının hazırkı 5 mln. manatdan 10 mln. manata qədər qaldırılması nəzərdə tutulur. Nazir bildirdi ki, Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi məqsədilə təsərrüfat subyektləri naminə nizamnamə kapitalı tədricən artırılacaq: «Hesab edirəm ki, müəyyən müddət ərzində minimal kapitalı 5 mln.-dan 10 mln. manatadək tədricən artıracağıq. Bu, bazardakı əsas oyunçular üçün problem olmayacaq, çünki onların bir çoxu 10 mln. manatdan artıq nizamnamə kapitalına malikdir». Maliyyə nazirinin müavini Azər Bayramov isə bildirdi ki, təkrar sığortaçılar üçün minimum nizamnamə kapitalına qarşı tələb 10 mln. manatdan 20 mln. manata qaldırılacaq.

Türkiyənin təcrübəsi öyrənilir

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirdi ki, qarşıdakı 5 il ərzində Azərbaycanın sığorta bazarının həcmi 1 mlrd. manata çata bilər. Onun sözlərinə görə, hər il sığorta bazarının həcminin təqribən 20% artdığını nəzərə alanda, bazarın bu həddə çatmasına təqribən 5 il vaxt tələb olunur. N.Xəlilov bildirdi ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortasını aktivləşdirmək üçün hələlik inzibati üsullardan və inzibati xarakterli tələblərdən istifadə etmək nəzərdə tutulmur. Onun sözlərinə görə, hazırkı mərhələdə Maliyyə Nazirliyi daha çox maarifləndirmə və izahat işlərinə üstünlük verir.
N.Xəlilov onu da bildirdi ki, Azərbaycan kənd təsərrüfatının sığortalanması mexanizmini təkmilləşdirmək üçün Türkiyənin təcrübəsini öyrənir. Onun sözlərinə görə, hazırda yerli sığorta şirkətləri aqrar sahədəki sığorta xidmətlərinə o qədər də maraq göstərmir: «Bu da onunla əlaqədardır ki, sığorta sektoru ənənəvi olaraq çox zərərli sahədir və ildən-ilə bu zərərin məbləği fərqlənə bilər». Xidmət rəhbəri bildirdi ki, Azərbaycanda aqrar sığorta ilə bağlı tarixçə, statistika və bu sektorun zərərliyi barədə dəqiq məlumat olmadığına görə, beynəlxalq bazarlarda aqrar sahənin təkrar sığortasını əldə etmək də çətin və baha başa gəlir. Buna görə də sığorta şirkətləri bu sahənin sığortasına maraq göstərmir. Vəziyyəti dəyişmək üçün hökumət bu sahədə Türkiyənin təcrübəsini öyrənir. N.Xəlilovun sözlərinə görə, dövlətlə sığorta şirkətlərinin sıx əməkdaşlığını nəzərdə tutan bu sistem özünü doğruldur: «Düşünürəm ki, biz də təxminən bu prinsiplərə əsaslanan sistemə keçsək, bu, Azərbaycanda kənd təsərrüfatının sığortasına böyük təkan verəcək».
Tədbirdə Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, həmçinin Dünya Bankı, Avropanın iri təkrarsığorta şirkətlərindən olan «Swiss Re» və «Europe Re» şirkətləri, dünyanın iri sığorta broker şirkətlərindən olan «Willis Re» şirkəti, tibbi sığorta üzrə ixtisaslaşmış «Munich Health» şirkəti, Türkiyənin «TARSİM» (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, «AUDOTEX», «AVUS», «OtoAnaliz» şirkətləri, eləcə də Azərbaycanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Qeyd edək ki, iki gün davam edəcək forumda müxtəlif mövzularda müzakirələr aparılacaq. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info