Sağlam gənclik milli dövlətçiliyin inkişafına təkanverici qüvvədir
Tarix: 21.06.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Gənclərdə çox böyük potensial, böyük enerji var, vətənpərvərlik hissləri çox yüksəkdir”

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Məhz buna görə də müstəqillik əldə etdikdən sonra dövlətin apardığı gənclər siyasəti sayəsində bu sektorda olan insanlarda özünəinam yaranıb. Bu bir növ də gənclərdə müstəqil dövlətin müstəqil gənci olmaq şüurunun formalaşmasına, fərdi düşüncə tərzinin yaranmasına gətirib çıxarıb. Artıq hər bir gənc müasir dövrün tələblərinə uyğun olaraq həyatını özü qurmağa çalışır. Eyni zamanda dövlət tərəfindən də gənclər üçün istənilən şəraitin yaradılması üçün lazımi işlər görülür. Belə ki, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görülüb.
Eyni zamanda son illərdə saysız layihə və proqramlar həyata keçirilib. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə 2007-ci il “Gənclər ili” elan edilib. Xüsusən 2011-ci il bu istiqamətdə görülən işlər baxımından daha da yaddaqalan olub. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsi gənclərə çox böyük töhfə oldu. Bu proqramının ən üstün cəhətlərindən biri ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verməsidir. Eyni zamanda proqram uzaq perspektivdə gənclər üçün hər bir sahədə yeni imkanlar açacaq.
Həmçinin ayrıca Gənclər Fondu yaradılması da dövlətin gənclərə olan diqqətinin bariz nümunəsidir. Onu da qeyd edək ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbət effekt verir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident deyib ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik: “Gənclərdə çox böyük potensial, böyük enerji var, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Elmin İnkişafı Fondunun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik”. Dövlət başçısı qeyd edib ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbətdir: “Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər”.

Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir
Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraiti yaratmaqdır. Azərbaycan gəncləri Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edir və yüksək qiymətləndirirlər. Ötən ay Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Azərbaycan dövlətinin gənclər siyasəti bilavasitə gənclərin iştirakı ilə formalaşır, onların iştirakı ilə həyata keçirilir və bu siyasətin həm formalaşması, həm həyata keçirilməsi mərhələsi, həm də gələcəklə bağlı planlar gənclərdən gəlir. Dövlət bu təklifləri sistemləşdirir və həyata keçirir. Ə.Həsənovun sözlərinə görə, o yerdə ki fəaliyyət kortəbii deyil, planlı şəkildə, aşağıdan gələn təkliflərlə, bu sahəyə aid olan şəxslərin ideyaları əsasında formalaşır, belə siyasət həmişə davamlı, daha praktik və praqmatik olur.
O, ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı danışaraq bildirib ki, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətdə gəncləri tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərdi: “Bu, Azərbaycanın kadr potensialının inkişaf etdirilməsinin başlanğıcı idi. Qısa müddətdə 15 min Azərbaycan gənci SSRİ-nin 150-dən artıq tədris müəssisəsində 275 ixtisas üzrə hazırlandı və bu gün onlar ölkənin dövlət quruculuğunda iştirak edirlər. Heydər Əliyev 1969-1987-ci illərdə Azərbaycanın kadr potensialının inkişafı sahəsində inqilabi addımlar atdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonrakı xidməti də gələcək nəsillərin yetişməsinə yönəlmişdi”.
PA rəsmisi deyib ki, gənclər siyasəti ilə bağlı dövlət proqramına 100 milyondan artıq vəsaitin ayrılması nəzərdə tutulub: “Faktiki olaraq, təhsil, sosial və digər layihələrimiz də gənclərlə bağlıdır. Gənclərə ipoteka kreditinin verilməsi məsələsini Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu. Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdırlar. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir. Belə Prezidenti dəstəkləməyib, kimi dəstəkləmək lazımdır? Bu gün bəziləri deyirlər ki, biz gələcəyik, bunu və ya onu edəcəyik. Ancaq faktiki olaraq ortada dövlətin iradəsi var, bu iradənin reallaşdırılması üçün ortada dövlət proqramı var. Ona görə də biz bu gün açıq alınla bütün opponentlərimizin və vətəndaşların qarşısına çıxa bilərik və onların qarşısında seçimimizin şüurlu olduğunu söyləyə bilərik”.
Dövlətin gənclərə göstərdiyi bu diqqət və qayğı onların məsuliyyətini daha da artırır.
Bu sahədə dövlət tərəfindən atılan addımları gənclərimiz də çox yüksək qiymətləndirirlər. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev qəzetimizə bildirdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin üstünlüyü gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına, milli ordumuzun gündən-günə güclənməsinə yönəlməsidir. Dövlətimiz gənc vətəndaşlarının vətənpərvər, dövlətçi, savadlı, sağlam, fəal vətəndaş olması, gənclərin cəmiyyətimizin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatına biganə qalmaması istiqamətində fəal siyasət aparır. Bu siyasətin reallaşması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti sahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin apardığı gənclər siyasəti dünyanın müxtəlif çağırışlarına cavab verə biləcək müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib. Bu siyasət dünyanın müxtəlif ölkələrinə örnək ola biləcək siyasətdir”.
Onun sözlərinə görə, Azərbaycan tək-tək ölkələrdəndir ki, burada fəal gənclər siyasəti həyata keçirilir: “Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər. Hər il yüzlərlə gənc bu imkanı əldə edir. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsili üzrə Dövlət Proqramı” dövlətin gənclərin inkişafı və potensialının düzgün sahələrdə istifadə olunmasına verdiyi əhəmiyyətin göstəricisidir. Ölkəmizdə dövlət qulluğuna qəbul olunan gənclərin sayı artmaqdadır. Son 4 ildə dövlət orqanlarına işə qəbul edilənlərin 60 faizə qədərini gənclər təşkil edib.
Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud da bizimlə söhbətində ölkəmizdə dövlətin gənclər sahəsindəki siyasətinin sistemli xarakter daşıdığını qeyd etdi: “Demək olar ki, bütün dövrlərdə bu sahəyə diqqət ayrılır. Azərbaycan müstəqillik qazandıqdan sonra daxili siyasi sabitliyin bərpa olunmasına çalışıldığı ilk illərdə-1994-cü ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması buna əyani sübutdur”. E.Behbudun qənaətincə, Azərbaycanın ən müasir tarixi xronikasına nəzər yetirsək, görərik ki, əhalimizin ən dinamik və çoxsaylı kəsimi olan gənclər ölkə əhəmiyyətli bütün məsələlərlə bağlı hər zaman ortaya birmənalı mövqe qoyublar. Onun sözlərinə görə, ölkə gənclərinin önəmli hissəsi regionda və Azərbaycanda baş verən prosesləri diqqətlə izləyir: “Gənclər doğru-dürüst şəkildə təhlil edərək ötən illər ərzində gərgin əmək nəticəsində qazanılan nailiyyətlərin qorunub saxlanılmasını və inkişaf etdirilməsini istəyirlər. Azərbaycanın dünyada artan nüfuzu, hərbi və iqtisadi gücünün yüksəlməsi, sabit ictimai-siyasi durum Azərbaycan gənclərini daim Prezidentin ətrafında birləşdirən əsas səbəblərdəndir”.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov “Palitra”ya bildirdi ki, gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb: “Azərbaycan gənclərinin cəmiyyətdə rolunu, onların ölkəmizin inkişafında iştirakını və məsuliyyətini daha da artırmaq, gənclərin qərar qəbulu səviyyəsində iştirakını təmin etmək kimi vacib məsələlərin təməli ulu öndər tərəfindən böyük uzaqgörənliklə qoyulub. Bu gün bu məsələlərin daha geniş səpkidə inkişafı ölkə Prezidenti İlham Əliyevin apardığı dövlət gənclər siyasətində özünü göstərməkdədir. Hələ 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi Dövlət Proqramı” gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaradıb. Bu proqramda nəzərdə tutulan ən mühüm məsələlərdən biri, heç şübhəsiz, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması idi. Çünki bu gün torpaqlarının 20 faizi işğal edilən, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün olan xalqın gəncliyinin vətənpərvərlik tərbiyəsi ən mühüm məqamdır”.
Dövlətin gənclərə göstərdiyi bu diqqət və qayğı onların məsuliyyətini daha da artırır. Ölkəmizin gələcək inkişafı üçün gənclərin çiyinlərinə ağır və şərəfli yük düşür. İnanırıq ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.
Fuad HÜSEYNZADƏ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info