“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
Tarix: 13.08.2018 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Tacikistan Prezidenti Emoməli Rahmon Azərbaycanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. Emoməli Rahmon səfər müddətində ADA Universitetində də olub. ADA Universitetinin rektoru Hafiz Paşayev universitetdə keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir. Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.
H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:
Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icrasına gətirib çıxaracaq”.

NATO Dağlıq Qarabağ məsələsində Ermənistana istədiyini vermir
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, NATO Dağlıq Qarabağ məsələsində Ermənistana istədiyini vermir: “NATO Dağlıq Qarabağ məsələsində bu sammitdə mövqeyini daha da antierməni etdi. Bu məsələ əvvəlcədən N.Paşinyana bəlli idi. Türkiyə NATO-nun, sadəcə, üzvü deyil, həlledici üzv dövlətlərdən biridir. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmayacaqsa, onun NATO ilə əlaqələrinin mahiyyəti ayrı xarakterlidir. RF siyasiləri bu ayrı xarakteri antirusiyaçılıq kimi başa düşürlər.
N.Paşinyan NATO tədbirində iştirak etdi və çoxsaylı görüşlər keçirdi. Daha diqqət çəkəni N.Paşinyanın verdiyi izahlar oldu. Çünki məhz bu izahlar təkzib xarakterli olsa da, onun NATO-ya səfərinin Rusiya (antirusiya) mahiyyətli olduğunu göstərir. N.Paşinyan Yerevandakı mətbuat konfransında NATO sammitinə deyil, NATO-nun Əfqanıstan üzrə toplantısına getdiyini bildirdi. O, Serj Sarkisyanın da NATO sammitlərində iştirak etdiyini, hətta Aİ ilə də Ermənistan arasındakı sənədin S.Sarkisyan dövründə imzalandığını bildirdi”.
Onun fikrincə, Azərbaycanın NATO tədbirində iştirakının Ermənistanın NATO-ya münasibətindən tamamilə fərqli olduğunu görmək olar: “Azərbaycan müstəqil siyasətin nə olduğunu bilir, müstəqil siyasət aparmağı bacarır. Müstəqil siyasətini təzyiqlərdən qorumağı bacarır. Bunlar Ermənistanda yoxdur, yəqin yaxın vaxtlarda da olmayacaq.
Azərbaycanın NATO ilə münasibətləri ikitərəfli kontekstdədir. Azərbaycanın NATO ilə münasibətlərinin onun digər 2 qonşusu ilə münasibətlərinə zərrə qədər təsiri yoxdur. Xüsusilə neqativ təsiri yoxdur, ola da bilməz. NATO Dağlıq Qarabağ məsələsində son dövrlərdə mövqeyini daha da Azərbaycanpərəst edib. Azərbaycan qarşılıqlı addım atmalı idi. Ona görə də Azərbaycan Gürcüstanda keçirilən NATO-nun təlimlərində iştirak etdi.
Azərbaycan Dağlıq Qarabağ məsələsində NATO-dan konkret heç bir kömək gözləmir, heç bir ümid bəsləmir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində yeganə ümidi yalnız özünədir.
Ermənistan isə Dağlıq Qarabağ problemini yaradıb və onun mövcudluğundan istifadə edərək iri dövlətləri toqquşdurmaq siyasəti aparır. KTMT-nin tamhüquqlu üzvü olmaqla NATO ilə əlaqələri inkişaf etdirməkdə Ermənistanın məqsədi bu iki blokun qarşıdurmasından konkret dividendlər əldə etməkdir. Naxçıvan ətrafında Ermənistanın çapalamaları bunun son nümunəsidir. Azərbaycanın gücü Ermənistanın bütün ssenarilərini puça çevirdi”.

Ermənilər Qarabağ xanlığının ehtiyat silah-sursat anbarını aşkar etdilər

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov isə “Palitra”ya bildirib ki, ermənilər Qarabağ xanlığının ehtiyat silah-sursat anbarını aşkar etdilər: “Azərbaycanın da 12 dekabr 2000-ci il tarixdən qoşulduğu, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası işğal altındakı ərazilərdə mədəni sərvətlərin qorunmasına geniş şərait yaradır.
Azərbaycanın işğal altındakı mədəni irsinin toxunulmazlığını təmin edilməsi, beynəlxalq konvensiyalardan irəli gələn tövsiyələr vasitəsilə Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməlidir. Mədəni irs bir xalqın milli-mədəni və tarixi sərvəti olsa da, bu nümunələr, ümumilikdə bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsinin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalara görə yolverilməzdir.
Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər. 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir”.
O deyib ki, Ermənistan beynəlxalq hüququn tövsiyələrindən irəli gələn tələblərə əhəmiyyət vermədən işğal altında saxladığı Azərbaycan ərazilərində milli-mədəni sərvətlərimizə qarşı qeyri-etik davranışlar həyata keçirir: “Belə ki, xristian dövrü abidələrin formalarını dəyişdirir, arxeoloji qazıntılar aparır, bu ərazilərin ermənilərə məxsusluğunu dünyaya sübut etməyə çalışırlar. Ermənilər 2017-ci ilin payız aylarında Şuşa rayonunun Topxana meşəsi ətrafında Qarabağ xanlığının ehtiyat saxladıqları silah-sursat anbarını aşkar etdilər. Qarabağ xanlığının qaladan kənarda silah-sursat saxlamasının səbəbi gözlənilməz xarici təcavüzlərlə əlaqədar idi ki, düşmən gözləmədiyi halda arxadan onlara hücum təşkil edilə bilsin.
Belə bir məlumat da var ki, Qarabağ xanlığının süvari atları indiki Laçın rayonunun Keştasf və Məğavuz nahiyələrində Hacısamlı və Qasımuşağı tayfalarının bəyləri tərəfindən qorunub saxlanılırdı. Bütün bunlar Qarabağ xanlığının düşmən hücumlarını əngəlləmək üçün qabaqlayıcı tədbirlər idi.
Ermənilərin Topxana meşəsi ərazisində belə bir hərbi bazanı aşkar edib, qeyri-adi bir kompleks kimi təqdim etmələri bizim üçün gözlənilməz deyildi. Belə ki, Qarabağ xanlığı devrildikdən sonra da bu kompleksdən çar Rusiyasının Qarabağdakı qoşunları istifadə ediblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info