“Konvensiya geniş perspektivlər açır”
Tarix: 14.08.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəzər günü” ilə eyni vaxtda keçirilən Sammitin əhəmiyyətindən danışıb.
Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edərək deyib ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir: “Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir”.
Dövlət başçısı bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir: “Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim. Bununla yanaşı, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində də fəal iştirak etmişdir. Bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk.
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir”.

“Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir”
Prezident deyib ki, müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi neft-qaz əməliyyatları da ən yüksək beynəlxalq ekoloji standartlara cavab verir: “Azərbaycan Dövlət Neft Şirkəti SOCAR neft-qaz əməliyyatları zamanı ISO Beynəlxalq Standartlaşma Təşkilatının tələblərinə uyğun idarəetmə sistemi qurmuş və sertifikatlaşdırmışdır. Bu istiqamətdə həyata keçirilən layihələr Dünya Bankı Ekspert Şurası tərəfindən iki dəfə “Ali Mükafat”a layiq görülmüşdür. 2015-ci ildən etibarən Azərbaycanda neft-qaz əməliyyatları aparan bütün şirkətlər üçün ən müasir avadanlıqlarla təchiz edilmiş Tullantıların İdarə Edilməsi Mərkəzi yaradılmışdır. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Azərbaycan infrastrukturun inkişafına böyük önəm verir. Davos Dünya İqtisadi Forumunun qiymətləndrməsinə görə Azərbaycan dünyada infrastrukturun inkişafı səviyyəsi üzrə 26-cı, rəqabətqabiliyyətlilik indeksi üzrə isə 35-ci yerləri tutur.
Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”.
Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb.
Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir”.
Prezident qeyd edib ki, Azərbaycan Xəzərdə 260-dan çox gəmisi olan donanmaya malikdir: “Bu gəmilərin bir hissəsi yüklərin fasiləsiz tranzitinin təmin edilməsi işində əsas rol oynayır. 2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində “Xankəndi” gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər.
Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir”.

“Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir”
Prezident Azərbaycanın Xəzəryanı ölkələrin sərhəd və gömrük xidmətləri arasında əməkdaşlığın möhkəmlənməsi işində fəal rol oynadığını vurğulayıb: “Biz qaçaqmalçılıq, narkotrafik və digər qanunsuz fəaliyyətlərlə mübarizədə fəal və səmərəli iş aparırıq. Ölkəmizin Sərhəd Xidməti Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir. Dənizdə qanunsuz fəaliyyətin profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər həyata keçirilir.
Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur. Ermənistanın işğalı nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının təxminən 20 faizi işğal olunmuş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir çox aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Bu sənədlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir.
BMT Təhlükəsizlik Şurası 20 ildən artıqdır ki, münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr öz qüvvəsini itirməyib. Lakin Ermənistan bu qətnamələrə əməl etmir, beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistan işğal olunmuş torpaqlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməyə çalışır. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının çoxsaylı tarixi, memarlıq və dini abidələrini məhv etmişdir. İşğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 digər rayon tarixi və əzəli Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərinləşməsinə xidmət edəcəyini bildiriblər.
Sonra Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

“Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur”
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitin qarşılıqlı anlaşma və mehriban şəraitdə keçdiyini deyərək Konvensiyanın imzalanmasını görülən işin kulminasiyası adlandırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Prezident İlham Əliyev ilk növbədə, göstərilən qonaqpərvərliyə, səmimi qəbula və Sammitin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə təşəkkürünü bildirib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.
Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.
Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

“Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir”
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir: “Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.
Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.
Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi - bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.
Bu gün mən iclasda qeyd etdim ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.
Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim”.
İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələrimiz arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildiriblər. Sonda dövlət başçıları birgə foto çəkdiriblər.
Elə həmin gün Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.
Gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info