Azərbaycanda didaktik fikrin inkişafı
Tarix: 15.08.2018 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


(əvvəli ötən sayımızda)

50-ci illərin tədqiqatlarında təlim metodlarının tətbiqinə verilən tələblər aşağıdakı kimi müəyyənləşdirildi: 1) təlim üsulları məktəbin əsas məqsədinə uyğun olmalı, şagirdlərin elmlərin əsasına yiyələnməsini, onların hərtərəfli inkişafını, müstəqillik, təşəbbüskarlıq və fəallığının inkişafını təmin etməlidir; 2) üsulların tətbiqi şagirdlərin yaş sə­viyyəsinə uyğun olmalıdır; 3) dərsin məqsədi, məzmunu, şagirdlərin bilik səviyyəsi, avadanlıq və s.-dən asılı olaraq məktəbdə müxtəlif üsullar tətbiq edilməli, heç bir üsul universal üsula çevrilməməlidir. Bu tələblər əsasında təlim metodları aşağıdakı kimi qruplaşdırıldı: 1) müəllimin şərhi; 2) müsahibə; 3) illüstrasiya və demonstrasiya; 4) ekskursiya; 5) laborator məşğələ və praktik işlər; 6) çalışmalar; 7) kitab üzərində iş [Bax, Mehdizadə M., Xəlilov S., Mustafayeva D. Pedaqogika II hissə, Bakı, ADPİ, 1958, s.136].
Təlim metodlarının təsnifatı ilə bağlı 90-cı illərdə Bəşir Əhmədov, Nurəddin Kazımov, Yusif Talıbov maraqlı fikirlər irəli sürmüş, metodların nomenklaturası və təsnifatı ilə bağlı yeni elmi fikirlərin formalaşmasına istiqamət vermişlər. Təlim metodlarını Nurəddin Kazımov dörd qrupa ayırır: 1) yeni tədris materialının, əsasən, qavranılmasına xidmət edən üsullar;
2) bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən üsullar; 3) bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən üsullar; 4) təlimdə müvəffəqiyyətə nəzarət üsulları [Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı: “Maarif”, 1996, s.145].
Təlim prosesində metod müəyyən təlim-tərbiyə məqsədlərinə nail olmaq məqsədilə müəllim və şagirdlərin nizamlanmış qarşılıqlı fəaliyyəti (Əmrulla Paşayev, Fərrux Rüstəmov), müəllim və şagirdlərin qarşılıqlı fəaliyyət qaydaları (Mehdi Mehdizadə) sistemi kimi də dəyərləndirilir. Təlim metodu anlayışının mahiyyəti “qarşıya qoyulmuş məqsədə optimal yolla necə nail olmalı?” sualına verilən cavabla bağlıdır (Bəşir Əhmədov). Digər müəlliflər təlim metodu deyərkən, təlim prosesində qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün müəllimlə şagirdlərin birlikdə göstərdiyi fəaliyyətin səmərəli yollarını nəzərdə tuturlar (Yusif Talıbov, Əjdər Ağayev, Məcid İsmixanov, İramin İsayev, Allahverdi Eminov, Ləzifə Qasımova, Rəhimə Mahmudova).
Son illərdə təlim metodları ilə bağlı ən maraqlı və yaddaqalan araşdırma Yəhya Kərimova məxsusdur ki, müəllif haqlı olaraq qeyd edir ki, onun “Təlim metodları” [Kərimov Y. Təlim metodları. Bakı, 2007, s.272] adlı dərs vəsaiti özünəqədərki araşdırmalardan elmi-nəzəri səviyyəsinə, praktik yönümlülüyünə, yeniliyinə, orijinallığına, birbaşa təcrübəyə istinad edilməsinə görə seçilir.
Mehdi Mehdizadə isə dərsin 4 tipini fərqləndirirdi: 1) yeni bilik verən dərs; 2) bilik-bacarıqların möhkəmləndirilməsi dərsi; 3) bilik, bacarıq və vərdişlərin nizama salınması və hesaba alınması dərsi; 4) kombinə edilmiş dərs”.
Şagirdlərin fikri fəallığı və yaradıcı təfəkkürünü inkişaf etdirməyin yolları pedaqoq və psixoloqların tədqiqatlarında mühüm yer tutdu. Bu da təhsilin məzmununa dair yeni konsepsiyadan doğan məsələlərin həlli ilə bağlı idi. Tədqiqat nəticəsində Nurəddin Kazımov, Bəşir Əhmədov və b. müəyyən etdilər ki, pedaqoji cəhətdən şagirdə düzgün verilmiş tapşırıqda olan ziddiyyətin şagird tərəfindən başa düşülməsi onun fikrini irəliyə doğru aparan amilə çevrilir. Biliyin problematik izahı, dərsdə şagirdlərin müstəqil işi, fikri priyomların formalaşması, biliyə ehtiyacın əmələ gəlməsi, təlimin həyatla əlaqələndirilməsi və s. şagirdlərdə yaradıcı təfəkkürün inkişafına kömək edir.
Təhsil nəzəriyyəsində pedaqoji texnologiyaların tədris prosesinə tətbiqi, tədqiqi və təbliği istiqamətində ilkin işlər görülməyə başlandı. Pedaqoji texnologiya təlim prosesində yeni baxışdır.
Pedaqoji texnologiyanın nəzəri-praktik məsələləri ilə bağlı araşdırmalar aparıldı (Əbdül Əlizadə, Abdulla Mehrabov, Əmrulla Paşayev, Əjdər Ağayev).
Bu baxımdan Abdulla Mehrabov, Ənvər Abbasov, Zeynal Zeynalov və Raqif Həsənovun “Pedaqoji texnologiyalar” monoqrafiyası böyük maraq doğurur.
Yeni pedaqoji texnologiyalarının şərhi, ənənəvi və müasir dərsin müqayisəli təhlili baxımından Əjdər Ağayevin “Təlim prosesi: ənənə və müasirlik” [Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006, s.136] kitabı böyük maraq doğurur. Fərrux Rüstəmova görə burada pedaqogika nəzəriyyəsi və təcrübəsində aktuallaşmış bəzi təlim məsələlərinə aydınlıq gətirilmiş, təlimin metod və texnologiyalarına baxışların dinamikası aşkarlanmış, onlardan istifadənin nəzəri və praktik məsələləri şərh edilmiş, məktəb təcrübəsi ümumiləşdirilmiş, müəllimlərə dəyərli tövsiyələr verilmişdir.
Dərsdə müqayisədən istifadənin nəzəri əsasları ilə bağlı ciddi tədqiqatlar aparıldı, faydalı elmi qənaətlər alındı, bu sahədə praktiklərə lazımi göstəriş və tövsiyələr verildi. Nurəddin Kazımovun həmin istiqamətli tədqiqatlarında müqayisəyə dair həm müasir, həm də qədim zamanlardan indiyə kimi söylənilmiş fikirlər saf-çürük edildi, ümumiləşdirildi, müqayisənin fəlsəfi, fizioloji və məntiqi xüsusiyyətləri hərtərəfli tədqiq edildi, bu priyomun didaktik cəhətləri, növləri, eləcə də növ müxtəliflikləri araşdırıldı, təlimdə şəxsiyyətin inkişafının qarşılıqlı əlaqəsinin həyata keçirilməsində müqayisənin yeri müəyyənləşdirildi, biliyin dərk olunmasında, şüurluluğun təmin edilməsində, şagirdlərin yaradıcı təfəkkürünün inkişafında müqayisədən düzgün istifadə etməyin üstünlükləri göstərildi və digər vacib məsələlər pedaqoji fikir süzgəcindən keçirildi, orijinal fikirlər və ideyalar irəli sürüldü. Nurəddin Kazımov “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” adlı monoqrafiyasında əsaslandırdı ki: 1) müqayisənin obyektiv əsasını maddi aləmdəki cisim və hadisələr, onların oxşar, eləcə də fərqli əlamətlərə malik olması, ümumi, xüsusi və fərd arasındakı münasibət (nisbət) təşkil edir; 2) müqayisə baş beyin qabığında gedən mürəkkəb fizioloji proseslərlə bağlı şəkildə cərəyan edir; 3) o, həm hissi, həm də məntiqi idrak pillələrində fəaliyyət göstərən ən mühüm priyomlardan biridir, müqayisəsiz məfhumları formalaşdırmaq, mahiyyəti dərk etmək mümkün deyil; 4) müqayisə qoşa obyektlərdəki oxşar və fərqli əlamətlərin müəllim və şagirdlər tərəfindən müəyyən ardıcıllıqla aşkar edilməsi, izahı və ümumiləşdirilməsi prosesidir [Kazımov N. Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi. Bakı: Maarif, 1972].
Azərbaycanda Sovet dövr didaktikasının inkişafında akademik Mehdi Mehdizadənin xidmətinə haqlı olaraq xüsusi diqqət yetirən müəllif yazır: Didaktikanın mühüm problemlərinin, xüsusilə dərs nəzəriyyə­sinin hərtərəfli tədqiqinə əsaslanan Mehdi Mehdizadənin konsepsiyası öz elmi-nəzəri bitkinliyi, əhatəliliyi və struktur tamlığı ilə fərqlənir. Onun didaktik konsepsiyası ona görə böyük uğur qazanıb ki, o, Azərbaycanda formalaşan didaktik fikrin Avropa və rus didaktik fikrinin inkişaf qanunauyğunluqları ilə əlaqəsini aydınlaşdırır, azərbaycanlı müəlliflərin fikirlərini həmin kontekstdə təhlil edir, ümumiləşdirir, nəzəri fikirlər irəli sürür və elmi cəhətdən əsaslandırır. Heç bir pedaqoji yeniliyi mexaniki surətdə qəbul etməyən Mehdi Mehdizadənin tədqiqat predmetinə çevirdiyi didaktik fikirlərin əksəriyyəti bilavasitə müəllifin rəhbərliyi ilə və yaxından iştirakı ilə aparılan pedaqoji eksperimentlərin, müşahidələrin, şagirdlərin bilik, bacarıq və vərdişlərini aşkara çıxarmaq məqsədilə yerinə yetirilmiş böyük miqdarda yoxlama və tədqiqat materiallarının təhlili əsasında şərh edilmişdir.
Müəllifə görə, 90-cı illərdə Azərbaycanda təhsil və təlim nəzəriyyəsi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Didaktikada Sovet hakimiyyəti illərində formalaşan ənənələr, ehkamlar, stereotiplər müstəqil Azərbaycan dövlətinin təhsil sisteminin qarşısında qoyduğu tələblərə cavab vermirdi. Ona görə də təhsilin məzmunu milli və bəşəri dəyərləri özündə ehtiva etməklə təkmilləşdirildi.
Təhsilin fasiləsizliyi ideyası yenidən aktuallaşdı. Şəxsiyyətin inkişafı təhsil prosesi və təhsil proqramlarının fasiləsizliyi, təhsilə xidmətin təşkilinin fasiləsizliyi nəzərdə tutuldu [Ağamalıyev R., Kazımzadə A. Fasiləsiz təhsil dedikdə...// “Azərbaycan məktəbi” jurnalı, 2006, №1, s.28-39]. Fasiləsiz təhsilin prinsipləri (şəxsiyyətəyönümlük, universallıq, çoxsəviyyəlilik, çoxpilləlik, variativlik, çeviklik, müasirlik, varislik, diversifikasiya, təhsil strukturlarının inteqrasiyası) tədqiq olundu.
Müəllifə görə təhsilə verilən bu tərif çox genişdir və onu aşağıdakı hissələrə ayırmaq mümkündür: - təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onu həyata hazırlamaq məqsədilə verilir; - təhsilin məzmunu müasir standartlara uyğun olaraq müəyyənləşdirilir; - təhsilin məzmunu tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsənilir; - mənimsənilmənin səviyyəsi qəbul edilmiş meyarlarla yoxlanılır və qiymətləndirilir; - təhsilalma prosesi müəyyən olunmuş hüquqi sənədlərin verilməsi ilə başa çatır.
Əsərdə problemin müasir reallıqlar kontekstində həlli ilə bağlı Abdulla Mehrabov, Bəxtiyar Əliyev, Firəddin İbrahimov, Nurəli Çələbiyev, Ləzifə Qasımova, Rəhimə Mahmudova, Şahin Tağıyev, Fərahim Sadıqov, İsmayıl Əliyev, Akif Abbasov, Hümeyir Əhmədov son dövr tədqiqatların geniş təhlili ilə yekunlaşdırılmışdır.
Həsən Bayramov
Pedaqoji elmlər doktoru




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info