Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biridir
Tarix: 22.06.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Ölkəmizin ildən-ilə artan iqtisadi qüdrəti ordumuzun hərbi
potensialının daha da güclənməsinə zəmin yaradıb


Bu, bir həqiqətdir ki, qüdrətli orduya malik olmayan xalqın müstəqilliyi və suverenliyi daim təhlükə altındadır. Hər bir xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin daimi və dönməz olacağına təminat yaradan ən vacib amillərdən biri də onun yüksək nizam-intizama, döyüş əzminə malik ordusunun mövcudluğudur. Qəlbində doğma millətinə, yurduna sevgisi olan hər kəs daim öz ölkəsinin hərbi qüdrətinə sevinməli, güclü ordusu ilə fəxr etməlidir. Əslində "Ordum varsa, yurdum da var" deyimi xalqımızın milli düşüncəsində ordunun nə qədər müqəddəs, ali varlıq kimi təcəssüm tapmasına əyani misaldır. İstər ilk cümhuriyyət dönəmində, istərsə də hazırkı müstəqillik dövrümüzdə nizami ordumuzun yaradılması hər bir vətəndaşımızın qəlbində fəxarət doğuran hadisədir.
Ötən əsrin sonlarında Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini qazandıqdan sonra atılan ən mühüm addımlardan biri ordunun yaradılması üçün görülən işlər idi. Amma elə müstəqilliyimizin ilk günlərindən 1993-cü ilin ortalarına qədər ölkəmizdəki hakimiyyət boşluğu, ayrı-ayrı siyasi qruplaşmalar arasında başlayan çəkişmələr və nəticə etibarilə özbaşınalığın, xaosun yaranması ordu quruculuğu prosesini tezliklə iflasa uğratdı. Hakimiyyət çəkişmələrinin fonunda ayrı-ayrı partiyaların nəzarətində olan hərbi birləşmələr öz başlıca missiyalarını kənara ataraq, siyasi proseslərə cəlb edildilər. Əgər belə ağır və faciəli günlərdə ümummilli liderimiz hakimiyyət başına qayıtmasaydı, kim bilir, xalqımızın başına hansı müsibətlər açılacaqdı. Böyük sərkərdə, hərb elminin incəliklərini dərindən bilən ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atdığı ən böyük addımlardan biri vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması oldu. Dahi rəhbər yaxşı bilirdi ki, intizamsızlığın hökm sürdüyü, hərbi nizamnamələrin tələblərinə cavab verməyən pərakəndə hərbi birləşmələrlə düşmən üzərində qələbə qazanmaq qeyri-mümkündür. Müdrik siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə azərbaycanlı gənclərin hərbi peşələrə marağını artırmaq üçün məqsədyönlü işlər görmüşdü. Məhz onun əzmkarlığı sayəsində ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Eyni zamanda yüzlərlə azərbaycanlı hərbi peşələrə yiyələnmək üçün ittifaqın müxtəlif hərbi məktəblərinə göndərilmişdi. Ölkəmizdə ibtidai hərbi təhsil müəssisəsinin yaradılmasından sonra gənclərimizin hərb elminə marağı artmağa başlamışdı. Ordu quruculuğu ilə əlaqədar ümummilli liderimizin rəhbərliyi altında işlənib hazırlanmış islahatlar sonrakı dövrlərdə Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin yüksəlməsində mühüm rol oynadı. Ümumiyyətlə, ordu quruculuğu, peşəkar zabit kadrlarının hazırlanması ulu öndərimizin siyasi fəaliyyətinin mühüm bir sahəsi olub. Ordu haqqında danışanda, ilk növbədə, adamın gözləri önündə hərbçilər canlanır. Nə qədər güclü, dağıdıcı silah olsa da, onu idarə edən insan beynidir. Deməli, orduda önəm kəsb edən başlıca amillərdən biri də insan amilidir. Elə bu baxımdan orduda peşəkar kadr hazırlığına ciddi fikir verən ulu öndər Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdı ki, ordunun əsas özəyini zabit heyəti təşkil edir. Fəxrlə demək lazımdır ki, bu gün Azərbaycan ordusunun yüksək hərbi biliyə malik peşəkar kadrlarla təmin edilməsində dahi rəhbərin bünövrəsini qoyduğu ali hərbi təhsil ocaqlarımız başlıca rol oynayır. Ümummilli liderin siyasi hakimiyyəti dönəmində ordu quruculuğunun inkişaf etdirilməsində önəm verilən əsas məsələlərdən biri məhz hərbi təhsilin yenidən qurulması idi. Bugünkü müasir hərbi təhsilimizin bünövrəsi məhz Heydər Əliyev tərəfindən yaradılıb və bilavasitə dahi rəhbərin tövsiyəsi ilə hərbi məktəblərimizdə milli kadrların hazırlanması həyata keçirilib. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, hətta bir sıra dövlətlər də hərbi məktəblərimizdə öz gənclərini oxutmaq məqsədilə Azərbaycanla sıx hərbi əməkdaşlığa can atır və bizim hərbçilərlə təcrübə mübadiləsi aparırlar. Bu da Azərbaycanda hərbi təhsilin güclü maddi-texniki və kadr potensialına malik olduğunu sübut edir. Müasir ordumuzun inkişafında mühüm yer tutan məsələlərdən biri də, heç şübhəsiz ki, bünövrəsi ulu öndərimiz tərəfindən qoyulmuş beynəlxalq əməkdaşlıqdır. Ümummilli lider hakimiyyətə gəldiyi gündən bu mövzuya diqqət yetirərək ordumuzun inkişaf etmiş dövlətlərin hərbi qurumları ilə səmərəli əlaqələrinin qurulmasını ön plana çəkmişdir. Bu sahədə ölkəmizin NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" planına qoşulmasını qeyd etmək yerinə düşərdi. Silahlı Qüvvələrimizin tərkibində yaradılmış sülhməramlı bölmələrin hərbi qulluqçuları müxtəlif vaxtlarda dünyanın münaqişə bölgələrində həyata keçirilən müqəddəs missiyada - sülhyaratma əməliyyatlarında fəal iştirak ediblər. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Hazırda ordu quruculuğu siyasəti dövlətimizin əsas prioritetlərindən biridir. Bu bir həqiqətdir ki, ölkəmizin ildən-ilə artan iqtisadi inkişaf tempi ordumuzun hərbi potensialının da güclənməsinə zəmin yaradır. Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi üçün ayrılan maliyyə xərcləri ildən-ilə artır, hərbi sənaye kompleksinin müasir dünya standartları səviyyəsində qurulmasına xüsusi fikir verilir. Dövlət rəhbərliyinin ordu quruculuğuna daimi diqqət və qayğısının təzahürü olaraq bir sıra bölgələrdə zabit və gizir ailələri üçün müasir yaşayış binaları inşa edilib, hərbi hissə və birləşmələrdə əsgər kazarmaları, yeməkxana, qazanxana binaları, tibb məntəqələri tikilərək ən müasir texniki avadanlıqlarla təchiz olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ordumuzu gücləndirməkdə başlıca məqsədimiz işğalda qalan torpaqlarımızı azad etmək və ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir. Və bu məqsədlə Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi dövlətimizin siyasətində başlıca yer tutur. Əminliklə demək olar ki, Azərbaycanın hərbi büdcəsi ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunacaq. Əlbəttə, dövlətimizin rəhbərliyi xalqımızın humanist mövqeyini ifadə edərək dəfələrlə bildirib ki, Qarabağ problemi qan tökülmədən, danışıqlar yolu ilə öz həllini tapsın. Amma işğalçı dövlət öz aqressiv mövqeyində dayanıb danışıqlar prosesini uzadacaqsa, onda Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq müharibə yolu ilə ərazi bütövlüyünü bərpa edəcək. Heç şübhəsiz ki, ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinin nəticəsi olaraq güclənən Azərbaycan ordusu tezliklə qarşısında dayanan mühüm tarixi vəzifəni inamla yerinə yetirəcək. Bu günlər xalqımız Azərbaycan ordusunun yaradılmasının 95-ci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Bu, hər bir vətəndaşımızın xüsusən də ordu quruculuğu yükünü çiyinlərində daşıyan əsgər və zabitlərimizin bayramıdır. Bayramınız mübarək olsun. Arzu edərdik ki, Azərbaycan ordusu qarşıdakı bayramlarını Qələbə müjdəsi ilə qeyd etsin!
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info