Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal olunmasından 25 il ötür
Tarix: 22.08.2018 | Saat: 00:39:00 | E-mail | Çapa göndər



BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal etdikləri Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazlərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnaməsi kağız üzərində qalıb


Sabah Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür. Dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin 23 avqustunda Cəbrayılı və Füzulini ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdikləri Füzulidən, Cəbrayıldan, Qubadlıdan və digər ərazlərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb.
1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Rayonun sahəsi 1386 kvadrat kilometr, əhalisi isə 136 min nəfərdən çoxdur. Əhalinin bir hissəsi yaşayış məntəqələri işğal edildiyindən müvəqqəti olaraq Bakıda və respublikanın digər rayonlarında məskunlaşıb. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulub və ilk adı Qarabulaq olub. Daha sonra Qaryagin qəzası adlanıb. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Hazırda Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu yaşayış məntəqələri, əsasən, Arazboyunda – İranla sərhəddə yerləşir və bu yaşayış məntəqələrində ümumilikdə 55 min nəfərdən artıq əhali yaşayır. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli və Əhmədbəyli kəndləridir. Bundan başqa, 2003-cü ildə rayonun ərazisində Beyləqanla sərhəddə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə, əsasən, İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb. Bundan başqa, Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb. Hazırda bu qəsəbələrə əhalinin köçürülməsi prosesi gedir. Füzuli rayonunda hazırda 2 şəhər (Füzuli və Horadiz şəhərləri) və 76 kənd var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.


1988-ci ildən başlayaraq Cəbrayılın “bəxtində qara zolaqların” sayı artmağa başladı


İllərdir həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi. 1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili-xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi.
Rayon mərkəzini kəndlərlə birləşdirən yolların hamısına asfalt döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşını almışdı. Rayonda elmə, təhsilə maraq günbəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmət və məhəbbətlə çəkilirdi. Amma…. 1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. 1990-cı ildən 1993-cü il iyulun 23-nə kimi camaatın nə gecəsi oldu, nə də gündüzü. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. Demək olar, hərə öz gücünə güvənir, fərdi qaydada intiqam almağa çalışırdı.
O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq, sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay yüksəkliyi itirildikdən sonra bununla da Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.
Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmamışdı. Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov... onların hər biri cismən ayrı düşüblər, ruhən həmişə, hər vaxt bizimlədirlər. Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Artıq 25 ildir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilərək, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info