Azərbaycan-Monteneqro: dostluğa əsaslanan əməkdaşlıq
Tarix: 24.08.2018 | Saat: 21:57:00 | E-mail | Çapa göndər



Son illər ərzində Azərbaycan və Monteneqronu sıx dostluq münasibətləri bağlayır. Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etməsindən danışıb.

- Monteneqro və Azərbaycan arasında əməkdaşlığın başlanğıcı nə vaxt qoyulub?
- 2006-cı ildə Azərbaycanın Monteneqronun müstəqilliyini tanımasını və 2008-ci ildə diplomatik münasibətlərin qurulması haqqında protokolun imzalanmasını ikitərəfli qarşılıqlı səmərəli əməkdaşlığın başlanğıcı hesab etmək olar. Lakin Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi fəaliyyətə başlayandan və Balkan respublikasının ölkəmizdə fəxri konsulluğu açılandan sonra ikitərəfli əlaqələr daha çox inkişaf edib.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə Monteneqroya səfəri zamanı qeyd edib ki, dövlətlərimiz müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, qarşılıqlı sərmayə qoyuluşu, ticarət və turizm sahələrində məhsuldar əməkdaşlıq edir.
Monteneqronun siyasi xadimləri, hökumət nümayəndələri və digər rəsmi şəxsləri Azərbaycanın daimi qonaqlarıdır. Yalnız bir neçə nümunə gətirəcəyəm. Məsələn, Monteneqro Prezidenti Filip Vuyanoviç V Qlobal Bakı Forumunda və ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Həmçinin Monteneqronun Baş naziri Milo Cukanoviç, parlamentin sədri İvan Brayoviç, sədr müavini Sulyo Mustafiç, xarici işlər naziri Srcan Darmanoviç, Konstitusiya Məhkəməsinin sədri Draqolyub Draşkoviç, enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Monteneqronun elm naziri, professor Sanya Vlaxoviç, dövlət idarəçiliyi naziri Süzana Pribiloviç və başqaları Azərbaycana müxtəlif səviyyələrdə səfərlər ediblər.
Qonaqlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, məsələn, BMT-nin Sivilizasiyalar Alyansının himayəsi ilə təşkil olunmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Qoşulmama Hərəkatının nazirlər konfransında, Cənub Qaz Dəhlizinin istismara verilməsi mərasimində, habelə seçkilərdə müşahidəçi qismində fəal iştirak ediblər.
Qeyd edim ki, Milli Məclisdə Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi aktiv fəaliyyət göstərir, tələbə mübadiləsi həyata keçirilir, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri təşkil edilir.
– Bu səfərlər nə dərəcədə nəticə verib?
- Adları qeyd edilən rəsmi şəxslərin səfərləri iki ölkə arasında turizm, energetika, kənd təsərrüfatı, inşaat sahələrində əlaqələrin inkişafında mühüm rol oynayıb.
İşgüzar dairələrin nümayəndələrinin görüşləri də az əhəmiyyət daşımır. Məsələn, 2014-cü ildə Podqoritsada Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası, eləcə də iki tərəfdən 100-dən çox sahibkarın iştirakı ilə biznes-forum keçirilib. Elə həmin il Monteneqro biznesmenləri Azərbaycana səfər ediblər. Bu görüşlər iqtisadiyyatın müxtəlif sahələrində iki ölkənin potensialı ilə tanışlıq, sərmayə qoyuluşunun və ticarət dövriyyəsinin artırılması imkanlarını öyrənmək məqsədilə keçirilib.
İkitərəfli münasibətlərin mühüm nəticələrindən biri Monteneqroda turizm sahəsində böyük investisiya layihəsinin reallaşdırılması olub. Herseq Novi şəhərində elit turizm zonalarından birinin yaradılması üzrə birgə layihə hazırda Monteneqro iqtisadiyyatına böyük sərmayə yatırımlarından biridir.
İkitərəfli əməkdaşlığa nümunələr sırasında “ASAN xidmət” ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanmasını da qeyd etmək olar.
– Sizcə, turizm iki ölkə arasında prioritet istiqamətlərdən biri hesab oluna bilərmi?
– Şübhəsiz. 2013-cü ildən başlayaraq Monteneqro Azərbaycan turistlərinin populyar yay istirahət məkanına çevrilib. Buna bir çox mühüm amillər təsir edib. Bu, hər şeydən əvvəl düzgün viza siyasətidir. 2015-ci ildən bəri yay məzuniyyətləri dövründə Azərbaycan vətəndaşları Monteneqroya 90 günlük vizasız gedə bilər. Bu, turistlər üçün çox rahatdır və onlar viza almaq üçün vaxt itirmirlər. Diqqət yetirin, Azərbaycana da, öz növbəsində, müxtəlif ölkələrdən turist axını nə qədər artıb. Düşünürəm ki, burada da viza rejiminin sadələşdirilməsi, elektron vizaların tətbiqi və onların ən qısa müddətdə alınması, bəzi ölkələrin vətəndaşlarına isə Heydər Əliyev Beynəlxalq Aeroportunda viza almaq imkanı mühüm rol oynayıb.
İkinci mühüm amil birbaşa aviareysdir. Azərbaycan və Monteneqro arasında çarter reyslər artıq bir neçə ildir reallaşdırılır və yaxşı rentabelliyi ilə fərqlənir. Deyə bilərəm ki, tələbat təklifi üstələyir. Bu il “PASHA Travel” şirkəti və “Azərbaycan Hava Yolları” QSC çarter proqramını uğurla reallaşdırıb, Azərbaycan vətəndaşlarına Adriatik dənizi sahillərində ən yaxşı kurortlarda dincəlmək imkanı yaradıb. “PASHA Travel” şirkəti ilə həyata keçirilən geniş reklam və servis kampaniyasını xüsusilə qeyd etməliyəm. Reklam bütün kütləvi informasiya vasitələrində yerləşdirildi, qeydiyyat masasında verilən şokolad və ya uşağınıza kiçik hədiyyə isə səfərin gözəl başlanğıcı oldu.
Monteneqro həqiqətən də ecazkar təbiəti, gözəl çimərlikləri, dadlı milli mətbəxi, olduqca təmiz ekologiyası, tarix və mədəniyyət abidələri, yerli əhalinin səmimi münasibəti və digər cəhətləri ilə turistlərin, o cümlədən Azərbaycandan gedən turistlərin bu yerlərə böyük maraq göstərməsinə zəmin yaradır. Bu ölkədə həm nisbətən ucuz, həm də VIP turistlər üçün istirahət şəraiti yaradılıb ki, bu da Azərbaycandan gedən tələbkar turistlər üçün heç də az önəmli deyil.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info