Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 15 faizdən aşağı olacağı proqnozlaşdırılır
Tarix: 25.08.2018 | Saat: 21:18:00 | E-mail | Çapa göndər



2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 15 faizdən aşağı olacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.
Sənəddə qeyd edilir ki, dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün aşağıdakı prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
* Ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olmasının təmin edilməsi;
Qeyd olunan göstəricinin 2018-2025-ci illər ərzində 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Lakin növbəti illərdə valyuta məzənnəsinin, faiz dərəcələrinin dəyişməsi ilə borca xidmət xərclərinin artması və ya ümumi dövlət büdcəsi xərclərinin azalması nəticəsində müəyyən edilmiş göstərici 15 faizdən yuxarı olarsa, bu fərqin maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur. Belə olacağı təqdirdə, qeyd olunan dövrdə əlavə daxili borcların cəlb olunması planlaşdırılır ki, bu borcalmalar da əsasən 3-5 illik dövlət qiymətli kağızlarının emissiyası vasitəsilə həyata keçiriləcək.
* Bu Strategiyada nəzərdə tutulan borcalmalar həyata keçiriləcəyi zaman 2018–2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizə çatdırılması;
Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 24,7 faiz olacağı gözlənilir. Lakin növbəti illərdə dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması nəticəsində bu göstəricinin tədricən azalaraq 2021-ci ildə 21,7 faiz, 2025-ci ildə isə 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Qeyd edilən hədəflərin qiymətləndirilməsi hər 2 ildən bir yeni strategiyanın hazırlanması çərçivəsində həyata keçiriləcək.
* Strategiyada qeyd olunan layihələrdən başqa digər layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunmaması və dövlət zəmanətinin təmin edilməməsi;
Son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcənin gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri etdiyindən, 2018–2025-ci illər ərzində birbaşa və ya dövlət zəmanəti ilə cəlb ediləcək kreditlər hesabına maliyyələşdiriləcək prioritet layihələrin siyahısı müəyyən edilib. Bu layihələrdən başqa birbaşa kreditlərin, habelə dövlət müəssisələrinə Strategiyada nəzərdə tutulan dövlət zəmanətli kreditlərdən əlavə dövlət zəmanəti ilə vəsait cəlb olunması dayandırılacaq.
* Faiz dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri ilə cəlb olunması;
Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması məqsədilə “Fitch”, “Moody`s” və “Standard and Poor`s” reytinq agentliklərinin mütəmadi sorğularına əsasən, aidiyyəti məlumatlar müvafiq qaydada onlara təqdim edilir və müəyyən dövlət orqanlarının rəhbərlikləri ilə görüşlər keçirilir. Bu il iyulun 27-də ölkənin suveren reytinqini “Standard and Poor`s” reytinq agentliyi “BB+”, “Fitch” reytinq agentliyi “BB+” və avqustun 10-da “Moody`s” reytinq agentliyi “Ba2” kimi təsdiqləmiş və hər üç reytinq agentliyi iqtisadi perspektivi “sabit” olaraq müəyyən edib. Qeyd olunan reytinq agentliklərinin müəyyən etdiyi “BB+” və “Ba2” kredit reytinqlərinin əldə olunması beynəlxalq maliyyə ictimaiyyətinin Azərbaycana etimadının göstəricisi olmaqla yanaşı, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borcalma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şərait yaradılmasına, dövlət zəmanəti ilə alınan kreditlərə görə ödənilən faiz dərəcələrinin və sığorta mükafatlarının azalmasına və beləliklə, respublikamızın beynəlxalq kapital bazarına çıxışının asanlaşmasına, birbaşa xarici investisiyaların həcminin artmasına, maliyyə resurslarının dəyərinin ucuzlaşmasına və beynəlxalq arenada onun nüfuzunun yüksəlməsinə imkan verir.
Bu baxımdan, yeni borcalmalar həyata keçiriləcəyi təqdirdə, maliyyə şərtləri ilə bağlı danışıqlar zamanı ölkənin suveren reytinqi və beynəlxalq bazarlarda mövcud bençmarklar nəzərə alınmaqla, daha əlverişli şərtlərlə kreditlərin cəlb olunması təmin ediləcək.
Eyni zamanda, rüblük əsaslarla borc portfeli təhlil ediləcəkdir. Aparılan təhlillər nəticəsində daxili və xarici maliyyə bazarlarında cari vəziyyət nəzərə alınmaqla, mövcud borcların daha əlverişli maliyyə şərtləri əsasında borcların cəlb edilməsi yolu ilə yenidən maliyyələşdirilməsi həyata keçiriləcək.
* Daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması;
Növbəti illərdə daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi, o cümlədən təkrar bazarın formalaşdırılması məqsədilə investorlarla mütəmadi görüşlərin keçirilməsi, bazar tələblərinin müəyyən olunması və bunlar əsasında emissiya prospektləri hazırlanarkən investorların maraqlarının nəzərə alınması kimi tədbirlərin Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və tədricən, tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzlənməsi hədəflənir.
Yuxarıdakı tədbirlərin icrası və heç bir əlavə borcalma həyata keçirilməyəcəyi təqdirdə, əsas borca xidmət xərclərinin cəlb olunacaq borclardan daha çox olması nəticəsində borc yükünün ortamüddətli perspektivdə azalacağı proqnozlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info