Latviyanın “airBaltic” şirkəti: Bakıdan Avropaya uçuruq
Tarix: 26.08.2018 | Saat: 02:47:00 | E-mail | Çapa göndər



Aviadaşımalar səyahətlərin ayrılmaz hissəsi olub, sərnişinlərə qısa müddətdə böyük məsafələr qət etməyə imkan yaradır. Biz Azərbaycanda fəaliyyət göstərən aviaşirkətlər barədə silsilə məqalələrimizi davam etdirir və bu yaxınlarda xidmətlərindən istifadə etdiyimiz Latviyanın milli “airBaltic” aviadaşıyıcısı haqqında təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik.
AZƏRTAC xəbər verir ki, “airBaltic” aviaşirkəti may ayından oktyabradək Azərbaycan turistlərinə Bakıdan 70 istiqamətə Riqadan tranzitlə uçuş təklif edir.

Yay yenilikləri və baqajla dilemma

1995-ci ildə yaradılmış “airBaltic” aviaşirkəti universal konsepsiyası və çevik tarif siyasəti nəticəsində sərnişinlərə qiyməti 25 avrodan (bazis) başlayan ucuz biletlərdən tutmuş tam biznes-klass kateqoriyasınadək bütün xidmət növlərini təklif edə bilər. Səfərimiz işgüzar xarakteri daşıdığı üçün biz biznes-klass kateqoriyasının imtiyazlarından istifadə etmək qərarına gəldik.
“airBaltic”in marşrut şəbəkəsi Avropa, Skandinaviya, MDB və Yaxın Şərqə Riqadan tranzitlə 70-dən çox istiqamət təklif edir. Həmçinin bu aviaşirkət Tallinn və Vilnüsdən birbaşa reyslər həyata keçirir. Bakıdan Riqaya reyslər həftədə iki dəfə olur. Bizə Riqadan tranzitlə uçuş üçün münasib tarix seçmək çətin olmadı. Səyahətimizin son məntəqəsi Portuqaliyanın paytaxtı Lissabon oldu. Bu, 2018-ci ildə “airBaltic” aviaşirkətinin Malaqa (İspaniya), Split (Xorvatiya), Bordo (Fransa) və digər şəhərlərlə yanaşı, 9 yeni yay istiqamətindən biridir.
Biznes-klass uçuşuna tam xidmətlər paketi, o cümlədən hər biri 8 kiloqram olmaqla iki əl yükü üçün yer, ümumi kütləsi 40 kiloqram olmaqla qeydiyyatdan keçirilən iki baqaj yeri və bir dəst idman inventarı daxildir. Əl yükü, həmçinin “basic” və “premium” kateqoriyalı ekonom-klass biletlərinin qiymətinə daxildir. Eyni zamanda, “basic” biletinin sahibləri üçün qeydiyyatdan keçirilən baqaj ödənişli (bir yerə 19,99 avrodan başlayaraq) olduğu halda, “premium” kateqoriyalı biletə kütləsi 20 kiloqramadək bir baqaj yeri daxil edilib.

Aeroportda biznes-klass sərnişinlərinin imtiyazları daha çox görünür. Çünki işgüzar aləmdə vaxt amili olduqca vacib məsələdir, biznes-klass sərnişinləri qeydiyyatdan keçir və baqajı ayrıca masada, demək olar, növbə gözləmədən verirlər. Məsələ ondadır ki, biznes-klass salonunda cəmi 12 kreslo olur. Fərz edək ki, bu yerlərin hamısı satılıb və sərnişinlər də qeydiyyata eyni vaxtda (bunun ehtimalı azdır) gəliblər. O zaman növbədə maksimum 12 nəfər olacaq.
Yeri gəlmişkən, “airBaltic”də sərnişinin adının, uçuş tarixinin dəyişdirilməsi, habelə biznes-klass biletlərinin sahibləri üçün uçuşu ləğv etməyin sadə və rahat şərtləri var. Uçuşu ləğv etmək zərurəti yaranarkən, biznes-klass biletinin sahibi pulun hamısını geri alır.

“Business lounge” və yeni təyyarələr

Baqajı təhvil verib, minik talonu aldıqdan sonra birbaşa biznes-zala gedirik. Bu zal bir qayda olaraq aeroportun səs-küydən uzaq yuxarı mərtəbələrində yerləşir. Hər hansı yerdən, o cümlədən “airBaltic”in Riqa aeroportundan və ya digər yerdən uçmağınızdan asılı olmayaraq, siz “business lounge” xidmətlərindən həmişə istifadə edə bilər və gözləmə vaxtının necə gəlib keçdiyini hiss etməzsiniz. Belə ki, burada rahat yumşaq kreslolar, sürətli internet, qəzet-jurnal, müxtəlif qəlyanaltı və içkilər, habelə uçuş cədvəlini izləmək üçün ayrıca monitorlar var. Lazım gələrsə, mürgüləmək üçün çarpayılı otaq da var.
Biznes-klass sərnişinlərinin imtiyazları təyyarəyə minərkən də qalır – onları təyyarəyə növbəsiz buraxırlar. Bir neçə kəlmə də “airBaltic” şirkətinin yay istiqamətlərində, o cümlədən Bakı-Riqa reyslərində xidmət edən təyyarələri barədə. Bu, yeni “Airbus A220-300” təyyarələridir. Hazırda aviaşirkətdə onların sayı 10-dur, lakin ümumilikdə 60 təyyarə almaq planlaşdırılır. Bütövlükdə “Airbus A220-300” təyyarələri 1 milyon 160 min nəfərdən çox sərnişin daşıyıb. Yəni indi orta hesabla hər dörd sərnişindən biri bu təyyarədə uçur.
Ümumiyyətlə, 145 nəfər üçün nəzərdə tutulan “Airbus A220-300” təyyarələri bizdə xoş təəssürat doğurub. Onlarda geniş kreslo, böyük illüminatorlar, salonda əl yükü üçün geniş yer və digər təkmilləşdirilmiş vasitələr var. Bu təyyarələr, həmçinin digər modellərdən daha sakitdir – onların səsinin ucalığı dörd dəfə azdır. Bundan başqa, bu, hazırda dünyada ən “yaşıl” təyyarələrdən biridir. Çünki “Airbus A220-300” həyat tsiklinin ətraf mühitə təsirinin tam şəffaf şəkildə deklarasiyalı ilk uçuş aparatıdır, CO2 və NOX tullantılarının müvafiq olaraq 20 və 50 faiz azaldılmasına kömək edir.
Biznes-klass yerləri təyyarə salonunun əvvəlindədir. Ora sakit və genişlikdir. Yeni “Airbus A220-300” təyyarələrinin biznes-klassının digər qeyri-adi xüsusiyyəti sizin yanınızda boş yerin olmasıdır. Yəni cərgədə üç kreslo vardırsa, onda sizin və qonşu kreslonun arasındakı yer boş sayılır; orada sizin istirahətiniz üçün kiçik şal və yastıq olur. Eləcə də, cərgədə iki kreslo vardırsa, onda sizinlə yanaşı heç kəs oturmayacaq ki, bu da çox rahatdır.

Vaxtında uçuş və təyyarədə restoran

Təyyarə cədvəldə göstərilən vaxt səmaya qalxır. “OAG” agentliyinin məlumatına görə, “airBaltic” dünyada ən dəqiq qrafiklə işləyən aviaşirkət titulunun sahibidir. Agentlik tərəfindən 2017-ci il üzrə 50 milyondan çox uçuş təhlil edilib. “airBaltic” dörd ildir ki, “OAG”ın ən yaxşı ilk şirkətləri sırasındadır. “OAG”ın məlumatına görə, “airBaltic” Baltik ölkələrindən Avropaya, Skandinaviyaya, MDB-yə və Yaxın Şərq ölkələrinə uçuşların 90,1 faizi dəqiq vaxtında olub. Bu o deməkdir ki, 2017-ci ildə “airBaltic” aviaşirkətinin 100 təyyarəsindən 90-ı lazım olan yerə cədvəldə göstərildiyi vaxtda çatıb. Bundan başqa, “airBaltic” ən dəqiq qrafiklə işləyən aviaşirkətlərin ümumdünya siyahısında ilk onluğa daxil olan yeganə Avropa aviaşirkətidir.
Beləliklə, təyyarə yüksəkliyə qalxdı, kəmərləri açıb rahat oturmaq olar. “Airbus A220-300” təyyarəsində kreslo qarşısında multimedia displeyləri, təəssüf ki, yoxdur. Buna görə də, əgər siz yolda filmə baxmaq, kompüter oyunu oynamaq istəyirsinizsə, planşet götürməyiniz məsləhətdir. Yeri gəlmişkən, biznes-klass salonunda sizə latış və ingilis dillərində qəzet-jurnal, içkilər və mövsümə aid yeməklər veriləcək.
“airBaltic” şirkətinin devizi belədir: “Deyirlər, təyyarədə yemək dadlı olmur... Gəlin bunun əksini sübut edək!” Ekonom-klass sərnişinləri bileti alarkən və ya reysə qeydiyyat başlamazdan 24 saat əvvəl özlərinə isti yemək sifariş verə bilərlər. Aviaşirkətin saytında istənilən zövqə görə, ümumilikdə 70 müxtəlif yemək və onların kombinasıyasını tapmaq olar. Onlar təyyarə uçmazdan əvvəl təzə inqrediyentlərdən hazırlanır. Özü də bu yeməklər aeroportda baha başa gələcək. Ona görə də gözləmə vaxtını şopinqə sərf etmək daha yaxşıdır.
İsti yemək biznes-klass biletlərinin qiymətinə daxildir. Bununla yanaşı, əgər siz yeməkdə nəyəsə üstünlük verirsinizsə, bu barədə aviaşirkətə əvvəlcədən xəbər vermək lazımdır. Əks halda sizə baş aşpazın seçdiyi üç yeməkdən ibarət menyu təqdim ediləcək. Məsələn, biz bir reysə hansı yeməkləri dada bildik: birinci, kvinoalı (Cənubi Amerikada dənli bitki) tərəvəz salatı; əsas yemək “piri-piri” (çili bibəri növü) sousunda toyuq, yanında kartof, qızardılmış şitake göbələyi, qabıqlı pörtlədilmiş yaşıl noxud oldu. Bu lap restoran menyusu oldu, elə deyil? Nəhayət, desert üçün bizə çiyələk çizkeyki verdilər. İsti və sərin içkiləri isə bütün uçuşboyu məhdudiyyətsiz əldə etmək olar. Əsl restoranda olduğu kimi, bütün yeməklər farfor qablarda, yanında metal çəngəl-bıçaq dəsti və parçadan olan salfetlərlə verilir.

Sözardı

“airBaltic” şirkətinin xidmət səviyyəsi, xüsusən biznes-klass kateqoriyasında, bizi, sözün yaxşı mənasında, təəccübləndirdi. Biznes-zalda duş kabinəsi, biznes-klass sərnişinlərinin yanında boş kreslo və biletin kateqoriyasında asılı olmayaraq, sərnişinlər üçün yeməklərin geniş seçim imkanı çox xoşumuza gəldi.
Elə buna görədir ki, “airBaltic”in müştərilərinin çoxu aviaşirkətin servisini yüksək qiymətləndirir. Məsələn, rəsmi rəqəmlərə görə, keçən il “airBaltic” üçün onun tarixində ən uğurlu olub. Həmin dövrdə daşınılan sərnişinlərin sayı 3,5 milyonu keçib ki, bu da 2016-cı illə müqayisədə 22 faiz çoxdur. Lakin bu, son hədd deyil: ümid var ki, bu ilin nəticələri bütün gözləntiləri ötüb keçəcək. Belə ki, 2018-ci ilin birinci yarısında “airBaltic” 1,9 milyon sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info