Mənzillərin icbari sığortası əhalinin sosial müdafiəsinə yönəlib
Tarix: 24.06.2013 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“İcbari sığortalar haqqında” qanun əsasında daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə icbari sığorta tətbiq edilir. Sığortanın bu növü ilə hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri, binalar və mənzillər, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakı sığortalana bilər. Ölkə qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak isə icbari sığortaya cəlb olunmur. Yaşayış binalarının, evlərin və mənzillər icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Sığorta məbləğinə gəlincə, bu, Bakı şəhəri üçün 25000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20000 manat, digər yerlər üçün 15000 manat müəyyənləşdirilib. Sığorta haqqı isə müvafiq olaraq, 50 manat, 40 manat, 30 manatdır.

Daşınmaz əmlakın sığorta risklərinin - yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, təbii fəlakətlər (zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi), üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması sığorta hadisəsi hesab olunur. Sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borulardan və ya rezervuardan şaxtavurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halları isə sığorta hadisəsi hesab olunmur. Mülkiyyətində daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxs həmin əmlakla bağlı icbari sığorta müqaviləsi bağlamaq üçün daşınmaz əmlakın icbari sığorta növünü aparmağa icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir. Sığortaçı əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunanın müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.

Aztəminatlı ailələrin daşınmaz əmlakının icbari sığortası dövlət vəsaiti
hesabına ödəniləcək


Daşınmaz əmlakın, o cümlədən yaşayış evlər inin və mənzillərin icbari sığortasında əsas məqsəd əhaliyə, minimum səviyyədə olsa da, sığorta təminatı verməkdir. Hər cür hadisə ola bilər. Qazdan partlayış baş verə bilər, ya da qonşudan su axar, yanğın baş verə bilər. Bu halda başqasına vurulan ziyana görə inzibati məsuliyyət daşınır, amma maddi məsuliyyəti sığorta şirkəti qarşılayır. Təkcə hadisə bilə-bilə törədilməsin. Bütün hallarda sığorta haqqı ödənilir. Sığorta təminatı çox əhatəlidir. Qiyməti də bazar qiymətlərindən çox sərfəlidir. Əgər həmin şəxslərlə könüllü qaydada sığorta bağlamaq istəsən, bu qiymətləri bugünkü qiymətlərlə əldə etmək olmaz. Qiymətlər şəhər və rayonlar üzrə müxtəlifdir. Eyni zamanda qanunda belə bir müddəa da var ki, aztəminatlı ailələrin daşınmaz əmlakının icbari sığortası dövlət vəsaiti hesabına ödəniləcək. Qaydaya əsasən, aztəminatlı ailələrə məxsus yaşayış evləri və mənzillərin sığortalanması üzrə müvafiq icbari sığorta müqavilələri bağlamış sığortaçı həmin müqavilələrdə nəzərdə tutulan sığorta haqlarını dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün Maliyyə Nazirliyinə müraciət etməlidir. Bu zaman sığorta şirkəti Nazirliyə aztəminatlı ailəyə məxsus yaşayış evi və ya mənzilin sığortalanması faktını təsdiq edən sığorta şəhadətnaməsinin surətini, həmin evin və ya mənzilin aztəminatlı ailəyə məxsus olmasını təsdiq edən sənədin surətini təqdim etməlidir. Nazirlik bu müraciətə 25 gün ərzində baxaraq çatışmazlıq aşkar etmədikdə, həmin müddətdə sığorta haqlarını sığortaçının bank hesabına köçürür. Sənədlər tam təqdim olunmadıqda nazirlik sığorta haqqının ödənilməsindən imtina edir.

Mənzillərini sığorta
elətdirmək istəməyənlər..


Mənzilini sığorta etdirməyən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə görə cərimə olunacaqlar. Amma ekspertlər hesab edir ki, bu, çıxış yolu deyil. Hər bir ev sahibi başa düşməlidir ki, sığorta vasitəsilə onlar müəyyən güzəştlər əldə edirlər. Hər hansı hadisə baş verərsə, sığortası olmayanlara müəyyən dövlət qurumları tərəfindən təyin edilmiş ziyanın dövlət tərəfindən 20%-i veriləcək. Əgər onun sığortası varsa və dəyən ziyan sığorta məbləğindən tutaq ki, 5 min manat çoxdursa və bu barədə xüsusi qərar varsa, əlavə məbləği dövlət ödəyəcək.
Qeyd edək ki, yaşayış evləri və mənzillərin icbari sığortası mənzil sahiblərinə sığorta məbləğləri çərçivəsində sığorta ödənişlərinin verilməsini təmin edir. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə kompensasiya ödəyəcək ki, onlar əmlaklarını icbari sığorta etdirmiş olsunlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Mülkiyyət hüququ olmayan, lakin dövlət və yerli özünüidarəetmə orqanlarının verdiyi order, sərəncam, müqavilə vasitəsilə icbari sığortanı həyata keçirmək olar. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Göründüyü kimi, daşınmaz əmlakın icbari sığortası əmlak sahiblərinə sığorta hadisəsi zamanı kifayət qədər böyük məbləğdə təminat verir. Lakin bu, vətəndaşların əmlaklarını sığortalamaq istəyinə o qədər də təsir etmir. Hələ də böyük əksəriyyət əmlakın sığortalanmasının lazımsız olduğunu düşünür.
İnsanların əksəriyyətində əmlakına heç bir hadisənin baş verməyəcəyinə dair əminlik var. Ona görə də insanlara sığortanın mahiyyəti düzgün izah edilməlidir. Bunun üçün sığorta şirkətləri geniş maarifləndirmə tədbirləri aparmalıdırlar. Bəziləri düşünürlər ki, ödəniş edib əmlakı sığorta etdirəcəklər, sığorta hadisəsi baş verdikdə isə sığorta şirkətlərindən heç bir kompensasiya ala bilməyəcəklər. O səbəbdən də sığorta şirkətləri əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu baxımdan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti əməkdaşlarının respublikamızın ayrı-ayrı bölgələrində keçirdiyi tədbirlər böyük əhəmiyət kəsb edir. Əhalinin daşınmaz əmlakın icbari sığortası üzrə maarifləndirilməsi məqsədilə xidmətin əməkdaşlarının rayon maliyyə idarələrinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə əhali ilə görüşlər keçirməsi təqdirəlayiq haldır. Həmin görüşlərdə vətəndaşlara daşınmaz əmlakın icbari sığortasının əhəmiyyəti haqqında ətraflı məlumatlar verilir. Həmin görüşlərdə bir daha vətəndaşların diqqətinə çatdırılır ki, “İcbari sığorta haqqında” qanunun icrası əhalinin sosial müdafiəsinin əsas amillərindən biridir. Eyni zamanda əhaliyə sığorta biliklərinin artırılması məqsədilə əlavə olaraq sığorta işinə dair əyani vəsaitlər paylanılır.
Anar Miriyev

“Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün”










 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info