Xaricdəki gənclərimiz informasiya müharibəsinə öz töhfələrini necə verə bilərlər
Tarix: 27.08.2018 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


İnformasiya müharibəsində daha effektli nəticələrə nail olma üçün xaricdəki gənclərdən ibarət könüllü qrupların yaradılması təklif olunur

Xəbər verildiyi kimi, Şəkidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi keçirilir. Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edir. Diaspor Gənclərinin I Yay Düşərgəsi müxtəlif ölkələrdəki gənclərimizin bir-birlərini tanıması baxımından önəmlidir. Ümid olunur ki, burda fikir mübadiləsi aparılaraq yeni layihələrinin keçilməsi üçün qərarlar veriləcək. Bu da gələcəkdə Azərbaycanın xaricdə təbliği üçün yeni imkanlar açacaq.
Avqustun 22-də Diaspor Gənclərinin I Yay Düşərgəsinin rəsmi açılış mərasimi olub. Mərasim Azərbaycanın dilbər guşələrindən olan, qədim mədəniyyətin beşiyi Şəki şəhərində, “Marxal Resort&Spa” İstirahət mərkəzinin “Yaşıl teatr”ında baş tutub.
Açılış mərasimindən əvvəl düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Açılış mərasimi Dövlət himninin səslənməsi ilə başlayıb. Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri çıxış ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubov qonaqları salamlayaraq Şəki şəhəri haqqında məlumat verib, şəhərdə yerləşən tarixi abidələrin əhəmiyyətindən söz açıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkə rəhbərinin gənclər siyasətindən danışıb, ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərinin bu gün reallaşdığını vurğulayıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, onların inkişafı üçün yaradılan şərait barədə danışıb. Komitə sədri Heydər Əliyev Fondunun, xüsusilə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynadığını bildirib.
Gənclər və idman naziri Azad Rəhimov Yay Düşərgəsinin xüsusi əhəmiyyətini qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətini anaraq xatırladıb ki, Azərbaycanın ilk diaspor nümayəndələri məhz Cümhuriyyət dövrünün xadimləri olublar.
Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə bir araya toplanmasını alqışladığını deyib, Azərbaycanın artıq dünya dövlətləri içərisində xüsusi yeri olduğunu vurğulayıb, diasporumuzun müasir gənclərlə daha da güclənəcəyinə inandığını bildirib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov düşərgənin təşəbbüskarlarına təşəkkürünü bildirib, tədbirin həsr olunduğu Cümhuriyyət dövrünün müstəqil Azərbaycanın tarixindəki rolundan danışıb və bildirib ki, bu gün də Azərbaycan dövləti gənclərə hər bir şəraiti yaradır. Daha sonra “Vətən uzaqda deyil” videoçarxı, Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi”nin, Diaspor Gənclərinin I Yay Düşərgəsinin videoçarxları nümayiş olunub.
Qeyd edək ki, Diaspor Gənclərinin I Yay düşərgəsi boyunca diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” təliminin, “Vətəni tanı” adı altında viktorina və yarışların keçirilir.


“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi maraqlı panellərlə davam edir


Düşərgədə ekspertlərin iştirakı ilə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və s. mövzularda müzakirələr təşkil edilir.
Düşərgə iştirakçılarının növbəti maraqlı görüşlərindən biri də Aqşin Əliyevlə keçirilib. Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının rəhbəri Aqşin Əliyev diaspor gəncləri ilə görüşdə bildirib ki, hazırda Çində 30 000-ə yaxın soydaşımız yaşasa da, azərbaycanlıları birləşdirən heç bir təşkilat yoxdur. “Bununla belə, Çində fəaliyyət göstərən bir çox assosiasiyalar vasitəsilə Azərbaycan elmini, tarixi həqiqətlərimizi və yeni nailiyyətlərimizi dünyaya çatdırmağa çalışırıq”, - deyə o əlavə edib.
Rəhbərlik etdiyi kafedra haqqında məlumat verən Aqşin Əliyevlə diaspor gəncləri arasında maraqlı interaktiv müzakirələr aparılıb. A.Əliyev gənclərlə yeni ideyalar ətrafında birləşmək və beynəlxalq siyasi müstəvilərdə Azərbaycanla bağlı həqiqətlərin daha effektiv səsləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb.
Müzakirələr Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin iştirakı ilə davam edib.
Səftər Rəhimli dünya azərbaycanlılarının birliyi, diaspor fəallığı ilə bağlı fikirlərini bölüşüb.
Gənclərin potensialını yüksək qiymətləndirən Orxan Həsənoğlu isə diasporların gücünün birləşdirilməsi və xaricdə daha səmərəli fəaliyyətin təşkili mexanizmləri barədə fikirlərini bildirib.

“Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir”

Fuad Hüseynzadə isə deyib ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq ilk dəfə xaricdə yaşayan və təhsil alan gənclərimizin regionlara səfərlərini təşkil ediblər: “Və o zaman da istəyimiz bu idi ki, diaspor gəncləri üçün Yay Düşərgəsi geniş şəkildə dövlət səviyyəsində təşkil edilsin. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu səviyyəsində bu təşəbbüsün irəli sürülməsi çox müsbət irəliləyişdir”.
Onun sözlərinə görə, xaricdəki gənclərimizin aktivliyi diasporun gücünə güc qatır: “Belə gənclərimizlə yeni diaspor imici formalaşdırmaq mümkün olacaq. Diaspor Gənclərinin I Yay Düşərgəsi, bu baxımdan, əhəmiyyət kəsb edir. Bu tədbir xaricdəki gəncləri motivə edib Azərbaycan adına birləşdirmək baxımından da önəmlidir”.
DFJD sədri qeyd edib ki, Yay Düşərgəsi yeni sima və ideyaların ortaya çıxmasında əhəmiyyətli rol oynayacaq: “Gənclərin aktivliyi yeni nəsil diasporun formalaşması deməkdir. Bu həm də diaspordakı təbii yenilənmə prosesi deməkdir. Bugünkü ictimai fəal gənclər gələcəyin diaspor liderləridir. Bu gəncləri düzgün yönləndirmək lazımdır ki, gələcəkdə diaspor olaraq onlardan müsbət nəticə gözləyək. Yay Düşərgəsində iştirak edən gənclər çox böyük potensial gücə malikdirlər. Bu baxımdan, xaricdəki gənclər informasiya müharibəsinə öz töhfələrini verə bilərlər”.
Fuad Hüseynzadə xaricdəki gənclərdən ibarət ölkələr və ya regionlar üzrə könüllü qrupların yaradılması ilə informasiya müharibəsində daha effektli nəticələrə nail olmağın yollarından danışıb.
Ümumilikdə, görüş maraqlı fikir mübadiləsi və interaktiv müzakirələrlə müşayiət olunub.
Əkbər Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info